63 yaşlı namizəd 45-ci dəfə imtahana qatıldı: ""Ginnesin Rekordlar Kitabı"na düşmək istəyirəm”

Türkiyənin Samsun vilayətinin Bafra rayonunda yaşayan 63 yaşlı Adem Topçuoğlu bu il ali məktəblərə qəbul imtahanı olan YKS-nin ilk mərhələsi - TYT imtahanında 45-ci dəfə iştirak edib.

Sherg.az xəbər verir ki, 1980-ci ildən bəri hər il fasiləsiz olaraq universitet imtahanına qatılan Topçuoğlu indiyədək beş ali təhsil proqramını başa vurub. O, bu il yerli idarəetmə ixtisasında təhsil almağı və altıncı universitet diplomunu əldə etməyi hədəflədiyini bildirib.

Topçuoğlu qeyd edib ki, əsas məqsədlərindən biri "Ginnesin Rekordlar Kitabı"na düşməkdir. Bunun üçün imtahanda iştirakını təsdiqləyən sənədləri toplayaraq "Ginnes"in Türkiyə nümayəndəliyinə müraciət etməyi planlaşdırır.

Gənclərə də müraciət edən 63 yaşlı namizəd vurğulayıb ki, bir il uğur qazana bilməyənlər növbəti illərdə məqsədlərinə çata bilərlər. O, həmçinin bildirib ki, ötən həftə LGS imtahanı verən qardaşı qızı ilə dörd ildən sonra birlikdə YKS imtahanına girməyi arzulayır.