Beyin axınının qarşısı alınır: Dövlət proqramı dəyişdi, qaydalar sərtləşdi - EKSPERT RƏYİ

Tədqiqatçı jurnalist Dilqəm Əhməd Prezident İlham Əliyevin xaricdə təhsil məsələsinə dair açıqlamasından sonra bu sahədə islahatlar aparılacağına inanır. Sosial şəbəkədə paylaşdığı statusunda D.Əhməd qeyd edib ki, xaricdə təhsil Dövlət Proqramının növbəti mərhələsində məzunların başqa yerdə işləməsinə icazə verilmir. Doktorantura bitirənlərin beş il ərzində ancaq universitetdə işləmələri tələb olunur. Baxmayaraq ki, müqavilədə bu hal təsbit edilməyib: "Ümid edirəm ki, cənab Prezident bu məsələ ilə bağlı göstəriş verəcək, məsələ əvvəlki qaydasına düşəcək. Doktorant həm istədiyi yerdə işləyəcək, həm də pedaqoji fəaliyyət göstərəcək".

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bunları bildirib:

- Bildiyiniz kimi, ölkə başçısı cənab Prezidentin müvafiq sərəncamlarına əsasən, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan universitetlərinin məzunları üçün dövlət tərəfindən müəyyən imkanlar yaradılmışdır. Bu istiqamətdə sonuncu dövlət proqramı 2022–2028-ci illəri əhatə edir.

Qeyd etmək lazımdır ki, bu proqramın ilkin mərhələsində doktorantura səviyyəsi üzrə xaricdə təhsil üçün yerlər nəzərdə tutulmamışdı. Lakin son iki ildə doktorantura üzrə təhsil almaq istəyən şəxslər üçün də bu imkan yaradılmışdır. Əvvəlki proqramlarla müqayisədə bu mühüm yenilik hesab edilə bilər.

Əvvəlki illərdə xaricdə doktorantura təhsili alan Azərbaycan vətəndaşları əsasən “2019–2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, bununla bağlı müvafiq razılıq və öhdəliklər əldə etmişdilər. Həmin şəxslər təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq ali təhsil müəssisələrində, xüsusən də doktorantura və elmi bölmələrdə fəaliyyət göstərirdilər.

Lakin 2022–2028-ci illəri əhatə edən sonuncu proqramda bu məsələlər əvvəlki proqramlardakı kimi konkret şəkildə göstərilməyib. Proqrama əsasən, xaricdə təhsil alan şəxslərin ölkəyə qayıtdıqdan sonra dövlət sektorunda, o cümlədən ali təhsil müəssisələrində və ya digər dövlət qurumlarında fəaliyyət göstərməsi nəzərdə tutulur.

Proqramda qeyd olunur ki, xaricdə təhsil almış şəxslər ölkəyə qayıtdıqdan sonra minimum 5 il, bəzi hallarda isə 15 il müddətində ölkə daxilində əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Bu tələbin pedaqoji yönümlü ixtisaslar üçün məntiqli olduğunu qəbul etmək olar. Lakin qeyri-pedaqoji ixtisaslar üzrə də eyni tələbin tətbiq edilməsi, düşünürəm ki, birmənalı qarşılanmamalıdır və bu məsələ ilə bağlı gələcəkdə müvafiq qərarların verilməsi mümkündür.

Qeyd etmək lazımdır ki, həmin şəxslərin fəaliyyət sahəsi yalnız ali təhsil müəssisələri ilə məhdudlaşmır; onlar digər dövlət strukturlarında da çalışa bilərlər. Beşillik əmək fəaliyyəti tələbi yalnız ali təhsil sahəsi üçün deyil, ümumilikdə dövlət sektorunda fəaliyyət göstərmək şərti kimi müəyyən edilib. 

Məlumdur ki, əvvəlki proqramlar çərçivəsində xaricdə təhsil alan bəzi vətəndaşlarımız dövlət büdcəsi hesabına maliyyələşdirilmələrinə baxmayaraq, təhsillərini bitirdikdən sonra ölkəyə qayıtmayıb, digər ölkələrin iqtisadiyyatına və elmi potensialına töhfə veriblər. Halbuki onların təhsil xərcləri Azərbaycan dövlət büdcəsi və vətəndaşlarımızın ödədiyi vergilər hesabına qarşılanıb. 

Məhz bu səbəbdən sonuncu proqramda belə bir qərar qəbul edildi ki, xaricdə təhsil alan hər bir vətəndaş mütləq şəkildə ölkəyə qayıtmalı və minimum 5 il ərzində ölkə daxilində əmək fəaliyyəti göstərməlidir. Bu fəaliyyət əsasən dövlət strukturlarında həyata keçirilməlidir. Əslində məsələnin həlli üçün iki qaydadan biri tətbiq edilsə, problem olmaz. 1) Əsas deyil, ikinci iş yeri olmaq tələbi. 2) Yüksək məvacib hesabına əsas iş yeri.