Bir kod, bir ömürdür: İxtisas seçimi gəncin taleyini dəyişir

Doğru seçim etməyən gənclər peşman olur

 
11 avqustdan ixtisas seçimi başlayır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025-ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.  
Kağız üzərində bu proses sadəcə bir neçə kodun düzgün sıralanmasından ibarət kimi görünsə də, əslində bu, hər bir gəncin və dolayısıyla ölkənin gələcəyinə verilən ən mühüm strateji qərarlardan biridir. 
10 il əvvəl proses abitruyentlər üçün adi bir hal olsa da, bu gün ixtisas seçimi, imtahan nəticələri qədər stress və qeyri-müəyyənlik yaradan bir mərhələyə çevrilib. Valideynlərin təzyiqi, müəllimlərin yönləndirmələri, gənclərin arzuları və ekspert tövsiyələri çox vaxt bir-biri ilə toqquşur və nəticədə abituriyentlər ciddi psixoloji yüklə üz-üzə qalırlar.
İxtisas seçimi sadəcə ərizə doldurmaq deyil axı. Bu, bir gəncin, ölkənin gələcəyinə verilən strateji qərardır. Bu qərarı savadsız şəkildə və informasiyasız mühitdə formalaşdırmaq, təkcə bir ailənin yox, bütöv bir cəmiyyətin gələcəyini risk altına atmaq deməkdir.
Bəli, doğru ixtisas seçimi, insanın gələcək həyat keyfiyyətini, maddi rifahını, psixoloji durumunu və ictimai mövqeyini formalaşdıran əsas faktorlardan biridir.
Təəssüf ki, əksər abituriyentin ixtisas seçimi şəxsi maraq və bacarıqlardan daha çox, yaxın çevrənin təsiri, cəmiyyətin stereotipləri və ya ötəri populyarlıq amillərinə əsaslanır.
XXI əsrin əmək bazarı isə köklü şəkildə dəyişib. Artıq təkcə akademik bilik yetərli deyil, multidissiplinar bacarıqlar, rəqəmsal savadlılıq, çevik düşüncə və adaptasiya qabiliyyəti tələb olunur. Təəssüf ki, bir çox gənc bu reallığı deyil, ətraf mühitin təzyiqini əsas götürərək qərar verir. Nəticədə isə cəmiyyət, öz resurslarını düzgün dəyərləndirə bilməyən və potensialı itirilmiş nəsillərlə qarşı-qarşıya qalır.
Bu mərhələdə verilən səhv qərar sonradan illərlə vaxt, maddi və mənəvi itkiyə səbəb olur. 

İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, ixtisas seçimi gənclər üçün bir ömür boyu davam edəcək karyera mübarizəsinin start nöqtəsidir. Doğru ixtisası seçən gənc əmək bazarına rəqiblərindən 3-0 öndə çıxır:

 “Çox təəssüf ki, yüksək bal toplamış gənclərin gələcəyin ixtisaslarının doğru proqnoz edilə bilməməsi səbəbindən yanlış ixtisas seçimi etməsi halları kifayət qədər çoxdur. Bu isə ömrü boyu insana çox baha başa gəlir. Ona görə də seçim məsləhəti verən adam gələcəyin əmək bazarını doğru təhlil etməyi bacaran adam olmalıdır”.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə Sherg.az-a açıqlamasında deyib ki, əvvəllər ixtisas seçimi abituriyent üçün sadəcə bir kağız üzərində kodları qeyd etmə prosesi idisə, bu gün artıq həmin kodların arxasında bir insanın gələcək həyatı, karyera yolu, maddi rifahı və psixoloji rahatlığı dayanır: 
“Əslində, gəncin yalnızca ali təhsil müəssisəsinə daxil olub-olmaması yox, daha çox harada və hansı sahədə təhsil alacağı onun cəmiyyətə hansı rolda inteqrasiya olunacağını müəyyənləşdirir. Məhz buna görə də ixtisas seçimi prosesi imtahanın özü qədər vacib və həssas mərhələyə çevrilib. Gənclərin ixtisas seçimi zamanı qarşılaşdığı üçtərəfli gərginlik - valideyn təzyiqi, müəllim yönləndirməsi və şəxsi maraq - çox zaman bir-birinə zidd mövqelərin toqquşması ilə nəticələnir. Valideyn övladının “sabit və yaxşı maaşlı” sahədə çalışmasını istəyir, müəllim onu daha çox bal toplaya biləcəyi ixtisasa yönəldir, gənc isə çox zaman içindəki yaradıcı potensialı və ya fərdi arzuları ilə çıxış edir. Bu zaman “kim haqlıdır?” sualı yox, “ortaq yol haradadır?” sualı önə çıxmalıdır”.

Ə.Həsənlinin sözlərinə görə, ixtisas seçimi zamanı ən vacib olan məsələ balans yaratmaqdır. Nə yalnız arzu, nə yalnız tələbat, nə də yalnız bal əsas götürülməlidir:
 “Gəncin maraq dairəsi, şəxsiyyət tipi, intellektual bacarıqları və psixoloji xüsusiyyətləri ilə əmək bazarının reallıqları və dəyişən dinamika arasında əlaqə qurmaq vacibdir. Çünki sadəcə bugünkü tələbatı əsas götürərək verilən qərar sabah işsiz bir mütəxəssisə çevrilə bilər, eyni zamanda yalnız şəxsi arzuya əsaslanan seçim də peşəkar məyusluqla nəticələnə bilər. Valideynlərin bu prosesə müdaxiləsi təbiidir, çünki onlar övladlarının gələcəyindən narahatdırlar. Amma müdaxilə ilə istiqamətləndirmə arasında fərq var. Valideyn də, müəllim də, mütəxəssis də gəncin seçimində yol yoldaşı olmalıdır, qərarverici yox”.

Son illərdə ixtisas seçiminin ödənişli konsultasiya formasında təklif olunmasına gəldikdə isə ekspert deyib ki, bu, cəmiyyətin birmənalı qarşılamadığı məsələlərdən biridir:
 “Təəssüf ki, bu sahədə qeyri-peşəkar yanaşmalar, şişirdilmiş ifadələr, ailələrin emosional durumundan sui-istifadə halları da az deyil. Ancaq bu, mütəxəssis dəstəyinin ümumilikdə əhəmiyyətsiz olduğunu deməyə əsas vermir. Əksinə, doğru strukturlaşdırılmış və peşə yönümlü testlərə, psixoloji diaqnostikaya, əmək bazarı təhlilinə əsaslanan ixtisas yönləndirilməsi gəncin düzgün qərar verməsinə əhəmiyyətli töhfə verir. Sadəcə olaraq ailələr bu xidməti seçərkən onu təqdim edən şəxsin təhsilini, təcrübəsini və yanaşma metodologiyasını ciddi araşdırmalıdırlar. Nəticə etibarilə, ixtisas seçimi bir gəncin gələcək həyatının, cəmiyyət içində tutacağı yerin, iqtisadi və sosial rifahının bəlirləndiyi həssas prosesdir. Bu qərar heç vaxt tələsik, emosional və ya yalnız bir tərəfin diktəsi ilə verilməməlidir. Gərəkirsə, bu mərhələdə peşəkar dəstəyə müraciət olunmalı, amma bu dəstək informativ və istiqamətverici xarakter daşımalıdır, manipulyativ və qorxu əsasında yox. Gənclərin düzgün istiqamət alması üçün isə ilk növbədə onlara güvənməli, sonra da onları öz qərarlarının məsuliyyətini daşımağa hazırlamalıyıq”.