Böyük Qayıdış sürətlənir

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" 

İşğaldan azad olunmuş ərazilərimizdə yeni iş yerlərinin yaradılması da prioritetlərdən biridir

Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Prezident müsahibəsində Qarabağda gedən quruculuq işlərindən söhbət açıb. Dövlət başçısı qeyd edib ki, indi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri: "Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. 

Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl, Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni bu şəhərlər arasında əlaqə yaradılacaq". 

Prezident İlham Əliyev iri şəhərlərin bərpasının vaxt tələb edəcəyini bildirib: "Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik".

Qeyd edək ki, Qarabağda Böyük qayıdışın çox yaxın zamanlarda baş tutacağını göstərən layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanının çox qısa zaman ərzində istifadəyə verilməsi olacaq. Hava limanının uçuş-enmə zolağında artıq ilk sınaq uçuşları həyata keçirilib və onun yaxın aylarda tam açılışa hazır olacağı gözlənilir. Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər ediblər. Tanınmış amerikalı səyahətçi Con Perriş jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı onda yüksək təəssürat oyadıb. O, heç yerdə belə bir dizaynı görmədiyin açıqlayıb. Xüsusi olaraq qeyd edək ki, azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını da artırır. Nəqliyyat kommunikasiyalarının qurulması regionun və Azərbaycanın iqtisadi inkişafına stimul verəcək bir amildir. Nəqliyyat kommunikasiyaları, eləcə də aeroportlar həmin bölgənin əhəmiyyətini artırır, onun dünya iqtisadiyyatına daha güclü inteqrasiyası üçün yeni imkanlar yaradır. Bu günləri inkişaf etmiş dövlətlər - Türkiyə, Almaniya, İtaliya azad edilmiş ərazilərimizə investisiya qoymaq istəyirlər. Lakin bu da faktdır ki, kommunikasiyanın olmaması böyük investor üçün  müəyyən çətinliklər yarada bilər. Aeroportun olması o deməkdir ki, xarici investorlar artıq buraya problemsiz gələcəklər. 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, artıq Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurma prosesini intensiv şəkildə həyata keçirir. Deputat vurğulayıb ki, xüsusən bu, logistik, eləcə də nəqliyyat infrastrukturunun formalaşması, kommunal xidmətlərə əlçatanlıqla bağlı şəbəkənin yaradılması, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin məskunlaşma ilə bağlı dörd mərhələyə uyğun olaraq bərpasını və yenidənqurmasını özündə ehtiva edir: "Qarabağda potensial kifayət qədər böyükdür. İşğaldan azad olunmuş ərazilərimizin, xüsusən də indi Azərbaycan iqtisadiyyatındakı payı 0,7 faizdir. Bunun da əsas səbəbi həmin ərazilərimizin uzun müddət işğal altında qalması ilə bağlıdır. Amma artıq ilkin qiymətləndirmələr onu göstərir ki,  yaxın  illərdə işğaldan azad olunmuş ərazilərimiz ümumi iqtisadiyyatın 8 faizini formalaşdırmaq imkanına malik olacaq. Bu, təxminən 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir". 

V.Bayramov onu da əlavə edib ki, bu günləri işğaldan azad olunmuş ərazilərimizin inteqrasiyası və orada yeni iş yerlərinin yaradılması da əsas prioritet məsələlərdən biridir: 

"Artıq Azərbaycanın haqq işinə dəstək olan ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında iştirak edirlər. Türkiyə, İtaliya, Almaniya və digər dost ölkələrin şirkətləri aktiv şəkildə prosesdə iştirak edirlər və bərpa, yenidənqurma prosesinə xüsusi töhfə verirlər. Təbii ki, bu da ondan xəbər verir ki, Azərbaycan artıq bir sıra aparıcı ölkələrin şirkətləri ilə, o cümlədən bir sıra beynəlxalq qurumlarla bu istiqamətdə əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq və bərpa Azərbaycan iqtisadiyyatı üçün də yeni artım, yeni inkişaf imkanları deməkdir. Artıq beynəlxalq maliyyə qurumları tərəfindən növbəti illərdə Azərbaycan iqtisadiyyatının daha sürətli artacağı proqnozlaşdırılır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 4 faizə yaxın artacağı proqnozlaşdırılır. Bu rəqəmin növbəti illərdə daha da yüksək olacağı gözlənilir. Bütövlükdə, növbəti 5 ildə orta artım tempinin məhz işğaldan azad olunmuş torpaqlarımızın inteqrasiyası nəticəsində 7 faizə qədər artacağı proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, Azərbaycan artıq növbəti ildən etibarən sürətli iqtisadi artım mərhələsinə qədəm qoyacaq".  

Aynurə Pənahqızı