Dövlət məktəbində qayda qoyulursa, onu müzakirəsiz icra etməliyik - Almaz Həsrət

  • Xarici təxribatçı qüvvələrin səhnələşdirilmiş tamaşalarına rol almaq qəti yolveriıməzdir

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarından sonra vahid məktəbli formasının tələbləri yenidən ictimai müzakirə mövzusuna çevrilib. Oktyabrın 12-dən isə dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlərə başlanıldığı barədə məlumat verilib.

Bu hadisələr məktəbli geyiminin yalnız zahiri görünüş məsələsi olmadığını, eyni zamanda təhsil qaydaları, valideyn məsuliyyəti, şagird hüquqları və məktəb mühitində nizam-intizam kimi mövzularla əlaqəli olduğunu göstərir. Məsələyə müxtəlif yanaşmaların mövcudluğu isə ictimai müzakirənin əhəmiyyətini artırır. Buna görə də vahid məktəbli geyiminin məqsədini, tətbiq qaydalarını və son hadisələrin cəmiyyətə təsirini araşdırmaq aktualdır.

Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Almaz Həsrət Sherg.az-a bildirib ki, vahid məktəbli geyiminin tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına birbaşa müsbət təsiri var:

“Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı tələblərə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Geyim tələblərinə riayət olunması ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll edilməsi nəzərdə tutulub. 

Məktəbin funksiyası bildiyimiz kimi yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmır. O, eyni zamanda, təhsil alan şagirdlərdə məsuliyyət, vətəndaşlıq mövqeyi, hüquqa hörmət və milli-mənəvi dəyərlərə bağlılıq kimi keyfiyyətlərin inkişafına birbaşa xidmət edir. Bu baxımdan məktəbdaxili nizam-intizam və vahid məktəbli geyimi qaydaları ümumi təhsil mühitinin təşkilində əhəmiyyətli amillərdən biri kimi sayılır. Məktəbli geyiminin tətbiqi xarici görünüşdə vahidlik yaratmaqla yanaşı, şagirdlər arasında kollektivə mənsubiyyət hissinin güclənməsinə və sosial fərqlərin görünən təsirinin azalmasına kömək edir. Vahid məktəbli geyimi şagirdlərin diqqətinin biliklərə, şəxsi bacarıqlara və təlim nəticələrinə yönəlməsi üçün çox yüksək əlverişli şərait yaradır. Vahid məktəbli geyimi sosial bərabərsizliyi aradan qaldırır. Vahid məktəbli geyimi ilə bağlı tələblər ailələrin iqtisadi imkanlarını da nəzərə alır.Geyimin əldə olunması ailələr üçün həddindən artıq maliyyə yükü yaratmır, şagirdlərin təhsil hüququna maneəyə çevrilmir”.

Durektor qeyd edib ki, son günlər məktəblərdə baş verən hadisələr çox böyük təəssüf hissi oyadır:

“Qadağaların içindən yalnız birini - baş örtüyünü bəhanə gətirənlər, daxildə təxribata dəstək olan qüvvələrin olduğunu göstərdi. Demək ki, əsl islam, əsl din kənarda qalıb, DİNi-DAR düşüncəsi olanlar pozuntu yaratmağa can atdılar. Ancaq onlar unudurlar ki, hər bir Azərbaycan vətəndaşı dövlətin qanunlarına və müəyyən etdiyi qaydalara qeyd-şərtsiz əməl etməli, qanunun aliliyinə hörmətlə yanaşmalıdır.

Dövlət məktəbində qayda qoyulursa, onu müzakirəsiz icra etməliyik. Əsl din adamları, bu qaydalara ədəbli davranışları ilə riayət etməlidirlər. Ədəb, əxlaq, ləyaqət, şərəf ilk meyarlardır. Dövlətin bütün qanun və qaydalarına müzakirəsiz, əsl vətəndaş kimi riayət etmək borcumuzdur. 

Xarici təxribatçı qüvvələrin səhnələşdirilmiş tamaşalarına rol almaq qəti yolveriıməzdir. Dövlət, torpaq, bayraq naminə əsl vətəndaş kimi vətənə layiq olan bir insan olmalıyıq. Məhz bu amalla da vahid məktəbli geyimi ilə şagirdlər məktəbə gəlməlidirlər”.