Ekspert: İtaliya-Azərbaycan Universiteti təhsilə yeni nəfəs və yön gətirəcək

Universitetin diplomları xaricdə də tanınacaq, gənclərin karyerasına faydalı olacaq
“Yeni universitet kənd təsərrüfatı, dizayn və memarlıq sahələrində ixtisaslaşacaq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər. 
Xatırladaq ki, ölkəmizə səfər etmiş İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniştərkibli görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin açılacağını bildirmişdi. Oktyabrın 1-də baş tutacaq açılış haqqında məlumat verən Prezident “sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilib və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər”. 
Qeyd edək ki, müştərək ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi təcrübəsi ölkəmizdə mövcuddur. Ötən il paytaxtda Türkiyə–Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu, Azərbaycan ilə Türkiyə arasında ortaq universitetdir.
Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdı. Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu isə 19 fevral 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanmışdı. Universitet tamamilə yeni yaradılmış təhsil müəssisəsi yox, fərqli universitetlərin müxtəlif proqramlarını ehtiva edən yeni nəsil universitetdir. Universitetə ilk qəbul Bakı şəhərində üç təhsil proqramı üzrə həyata keçirilib. Universitetin inzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfindədir. Tədris ingilis və türk dillərində aparılır. Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərən universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti və Hacettepe Universitetindən dəvət olunur. Onlar Azərbaycana mütəmadi gəlirlər. İlk tədris ilində kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil keçirilir. 2024-cü ildə universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri, qida mühəndisliyi fakültəsi üzrə tələbə qəbulu həyata keçirilib. İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti təhsilimizə nə kimi fayda verəcək? 
Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, İtaliya-Azərbaycan Universitetinin açılması Azərbaycan ali təhsil sisteminə kifayət qədər faydası olan, yeni nəfəs, yön gətirən hadisədir: 
- Daha əvvəl Bakıda Rusiya, Fransa, Türkiyə ilə müştərək universitetlər açılıb. Türkiyə-Azərbaycan Universiteti hələ məzun verməyib. Amma Fransa, Rusiya universitetlərinin filialları neçə ildir fəaliyyət göstərir. İtaliya-Azərbaycan Universitetinin fərqliliyi budur ki, birincisi, bu universitet ADA Universitetinin idarəetmə sistemi ilə idarə olunacaq. İkincisi, İtaliyanın 5 aparıcı ali təhsil müəssisəsi – Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universitetləri cəlb olunacaq. Bunların 5-i də  qabaqcıl universitetlər sayılır. İxtisaslara baxdıqda Azərbaycan üçün aktual olan sahələr  - kənd təsərrüfatı, qida texnologiyası, dizayn, memarlıq ixtisaslarıdır ki, bunlar üzrə həm bakalavr, həm də magistr təhsili veriləcək. Bilirik ki, İtaliya memarlıq sahəsində Renessans mədəniyyətinin ən unikal, bariz dizayn nümunələrinin olduğu bir ölkədir. Belə bir ölkənin tədqiqatçıları tərəfindən təqdim olunan biliklər, eyni zamanda praktik bacarıqlar Azərbaycan təhsilinə ancaq müsbət qatqı verər. İtaliya ilə Azərbaycan arasında dostluq, sıx əməkdaşlıq əlaqələri mövcuddur. İqtisadiyyat və başqa sahələrdə. Bu universitetin fəaliyyəti təhsil əlaqələrinin də möhkəmlənməsinə xidmət edəcək. Xatırladım ki, İtaliya universitetlərində, İtaliya hökumətinin maliyyə dəstəyi ilə təhsil almış gənclərimiz var. Hazırda ölkəmizdə müxtəlif sahələrdə çalışırlar.  Hesab edirəm ki, İtaliya-Azərbaycan Universiteti bu sahədə öz dəsti-xətti ilə seçilən və təhsilin inkişafına qatqısı olan sistem olacaq. Təhsil sahəsində sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək, bu universitetin diplomları xarici ölkələrdə də tanınacaq və gənclərimizin bilik və bacarıqlarının inkişafına, əmək fəaliyyətlərinin təşkilinə faydalı təsir göstərəcək.