Ev tapşırığı elə olmalıdır ki şagirdin yaradıcı təfəkkürü inkişaf etsin - Elçin Əfəndi

  • Bu halda dərsi daha yaxşı mənimsəyə, daha yaxşı öyrənə bilər

Elm və təhsil naziri Emin Əmrullayev ev tapşırıqları barədə danışıb. Yerli media orqanlarına müsahibə verən nazir deyib ki, təhsil nailiyyətləri yalnız ev tapşırıqları ilə bağlı olsaydı, bütün ölkələr ev tapşırıqlarını artırmaqla və ya azaltmaqla yüksək nəticələr əldə edərdi.



Bu qədər sadə bir həll yolu olsaydı, yəqin ki, kimsə onu çoxdan düşünüb tətbiq etmişdi. E. Əmrullayev qeyd edib ki, ev tapşırığının saatı və həcmi məsələsindən daha vacib sual uşağın həmin vaxt ərzində nə ilə məşğul olmasıdır: "Ola bilər ki, uşaq dörd saat tapşırıq üzərində işləsin, amma bunun ona real faydası olmasın. Burada tapşırığın məzmunu və düşünmə məsələsi ön plana çıxır. Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və təhsilalanların daim sual verməsi, düşünməsi və cavab axtarmasıdır. Hər hansı bir tənliyin həlli ilə mexaniki şəkildə məşğul olmaqdansa, sərbəst mühakiməni və düşünmə bacarığını təşviq edən tapşırıqlar daha vacibdir".

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a bildirdi ki, nazirin qeyd etdiyi kimi, bizdə sanki robotlaşma var, müəyyən məsələnin, misalın həllini yalnız bir öhdəlik kimi üzərimizə götürürük; mütləq bu tapşırıq həll olunmalıdır. Vacib olansa budur ki uşaq düşünsün, özü nə isə müəyyənləşdirsin: 

- Konkret olaraq, bu düsturu həll edim, məsələ bitmiş olsun, belə olmamalıdır. Tapşırığın say çoxluğu deyil, məzmunu, mahiyyəti önəmlidir. Elə etməliyik ki, şagird özü düşünərək məsələ formalaşdıra bilsin. Ev tapşırığı elə olmalıdır ki şagird tapşırığı icra edərkən yaradıcı təfəkkürü inkişaf etsin, formalaşsın. Bu halda dərsi daha yaxşı mənimsəyə, daha yaxşı öyrənə bilər. Biz təhlillərə baxırıq, bütün fənlər üzrə kifayət qədər ev tapşırıqları verilir, amma şagirdin istirahət hüququ var. Halbuki məhdud sayda, lakin təfəkkürü inkişaf etdirən tapşırıqlarla həm təhsil göstəricilərini artırmış olarıq, həm də şagirdn istirahət etmək müddətini artıra bilərik. Ev tapşırığı çoxluğu yanaşmasından qaçmalıyıq. Biz ev tapşırıqlarının sayına, ona nə qədər vaxt sərf olunmasına deyil, daha çox məzmuna fokuslanmalıyıq.