Məktəb psixoloqları şagirdlərlə mütəmadi söhbət aparmalıdır - Pediatr

  • Az maaş səbəbindən heç kim işləmək istəmir, işləyənlər də boşuna gün keçirir məktəbdə

Pediatr Vaqif Qarayev uşaqlar və yeniyetmələr arasında intihar hallarının səbəblərindən biri kimi orta məktəblərdə psixoloqların uşaqlarla lazımi iş aparmamasını göstərib.

Sherg.az-a açıqamasında həkim bildirdi ki, jurnalistlərin döyülməsi daha çox müzakirə olunur, nəinki məktəblinin ölümü, intihar hadisələrinin özü. Bəli, heç kim döyülməməlidir, bu öz yerində. Amma bu zavallı qızcığaz niyə vəfat etdi? İntihar edibmi, yoxsa həqiqətən qəza olub, araşdıran yoxdur. İlkin səbəb kimi anasız böyüməsini fikirləşmək olarmı? Olar, amma ana yanında böyüyənlərdən də intihara cəhd edənlər olur. Məktəbdə bullingə məruz qala bilərmi? Qala bilər, amma bunu da araşdıran yoxdur. Həyatda ağırlığını çəkə bilməyəcəyi uğursuzluq ola bilərmi? Olar, amma yenə də araşdıran yoxdur. 

V.Qarayev qeyd etdi ki, məktəb psixoloqları şagirdlərlə mütəmadi söhbət aparmalı, onların psixoloji durumunu öyrənməlidirlər: 

- Məktəb psixoloqları bizdə ciddi problem kimi qalır. Az maaş səbəbindən heç kim işləmək istəmir, işləyənlər də boşuna gün keçirir məktəbdə. Yeniyetmələrə isə mütləq psixoloq köməyi lazımdır. Çünki bəzən uşaqlar ailəsinə, doğmalarına, dostlarına deyə bilməyəcəklərini psixoloqa deyə bilirlər.