Şəffaflıq təmin ediləcək, nəticələr saniyələr içində açıqlanacaq
Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) 323 imtahan keçirib. Bunu DİM sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair tədbirdə deyib. O qeyd edib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur:
“Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir. Zal nəzarətçilərinin sertifikasiyası ilə bağlı mütəmadi olaraq elanlar verilir. Nəzarətçilər sertifikata malik müəllimlər arasından seçilir. Bu proses davamlı xarakter daşıyır. Zal nəzarətçilərinin hazırlanması müntəzəm şəkildə təşkil olunur”.
Dünyanın süni intellektə və rəqəmsal texnologiyalara əsaslanan sistemlərə keçid etdiyini vurğulayan təhsil eksperti Ramin Nurəliyev “Sherg.az”a açıqlamasında bu sahədə Azərbaycanda da ilkin nailiyyətlərin müşahidə olunduğunu bildirib.
DİM-in və Elm və Təhsil Nazirliyinin elektron imtahan təcrübəsinin olduğunu xatırladan ekspert hazırda bir sıra imtahanların, o cümlədən, MİQ, sertifikasiya və müəyyən səviyyəli qəbul imtahanlarının elektron formada keçirildiyini qeyd edib. Onun fikrincə bu təcrübə gələcəkdə daha geniş tətbiq üçün etibarlı əsas yaradır.
Bununla belə, R.Nurəliyev qeyd edib ki, tam elektron imtahan sisteminə keçid üçün ciddi texniki və maliyyə hazırlığı zəruridir: “İnzibati binaların uyğunlaşdırılması, texniki infrastrukturun qurulması, təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ciddi maliyyə vəsaiti və resurs tələb olunur. Amma bu sərmayə gələcəkdə həm vaxt, həm də insan resurslarına qənaət baxımından geri dönəcək. Fikrimcə, elektron imtahan sisteminə keçidin əsas üstünlüklərindən biri insan faktorunun aradan qaldırılması və nəticələrin daha obyektiv şəkildə qiymətləndirilməsidir. İmtahanların yoxlanılmasına insan əli dəyməməlidir. İnsan faktoru olduqda, istər-istəməz obyektivlik sual altına düşür.
Əvvəllər qəbul imtahanlarında yalnız test sualları olduğu dövrdə nəticələr 3 gün ərzində elan olunurdu. DİM-in sualları elektron şəkildə qiymətləndirməsi bu prosesi xeyli sürətləndirirdi. Lakin son illər imtahanlara yazılı və açıq tipli sualların daxil edilməsi nəticələrin gecikməsinə səbəb olur. Belə ki, bu sualların yoxlanması insan əməyi tələb etdiyindən həm zaman baxımından uzanır, həm də müəyyən subyektiv hallara yol aça bilir. Uzunmüddətli qəbul prosesi isə abituriyentləri tükəndirir. Hazırda ali təhsil müəssisələrinə qəbul prosesi mart ayında ərizə qəbulundan başlayır və sentyabrda ixtisas seçimi və yerləşdirmə ilə yekunlaşır. Bu isə abituriyentlərin yay aylarını uzunmüddətli stress altında keçirməsinə səbəb olur. Təsəvvür edin ki, bir abituriyent mart ayında müraciət edir, bir neçə mərhələdən keçməli olur, imtahanlar, nəticələrin gözlənilməsi, apelyasiya prosesi, ixtisas seçimi və yerləşdirmə mərhələləri aylarla çəkir. Nəticədə, sentyabrın 15-də universitet həyatına başlayan gənc psixoloji cəhətdən yorğun və motivasiyasız olur”.
R. Nurəliyev qeyd edib ki, bütün imtahanlar elektron formada keçirilsə, nəticələr də avtomatik şəkildə, qısa zaman ərzində elan edilə bilər: “Bu, həm sistemə etimadı artırar, həm də apelyasiya şikayətlərinin sayını azaldar. Rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi imtahan prosesinin daha şəffaf və ədalətli təşkilini mümkün edir. Bütün bu arqumentlər göstərir ki, Azərbaycanda imtahan sisteminin tam elektronlaşdırılması artıq sadəcə plan yox, zərurətə çevrilməkdədir. İnfrastruktur və texnoloji imkanların gücləndirilməsi, insan resurslarının müasir tələblərə uyğunlaşdırılması ilə bu keçid reallaşdırıla bilər. Bu isə ölkənin təhsil sistemində keyfiyyət və şəffaflığın yeni mərhələsinə yol aça bilər”.