- "Telefonlar uşaqların yayını əlindən alıb"
- "Sağlam nəsil istəyiriksə, uşaqların yay istirahəti dövlət səviyyəsində planlaşdırılmalıdır"
Müasir dövrdə fənlərin və dərs yükünün çoxluğu uşaqların zehnini yorur. Şagirdələrə verilən yay tətili dincəlmələri üçün qaçılmaz fürsətdir. Lakin bəzi valideynlərin sosial vəziyyəti şagirdlərin gəzintiyə çıxmasına və istirahət etməsinə əngəl olur. Bununla bağlı dövlət səviyyəsində vahid proqram da təşkil olunmayıb.
Məsələn Sovet dövründə, Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən pioner düşərgələri (yay düşərgələri) fəaliyyət göstərirdi. 1920-ci illərdə Azərbaycan Pioner Təşkilatı uşaqların fiziki və zehni yorğunluğunu aradan qaldırmaq, onların sağlam yetişməsini təmin etmək məqsədilə səhər idmanı, rejimli qidalanma, təbiət qoynunda istirahət və tibbi nəzarəti əhatə edən xüsusi rejim tətbiq edirdi. Texnoloji inkişafın gətirdiyi zehni yüklənmə, müasir uşaqları əvvəlki dövrün yeniyetmələrinə nəzərən daha tez yorur. Bu səbəbdən məsələnin sistemli və vahid həlli vacibdir.
Mövzu ilə bağlı psixoloq Azad İsazadə Sherg.az-a bildirib ki, Sovet dönəmindəki uğurlu təcrübə əsas götürülməli, uşaqların asudə vaxtının təşkilində dövlət dəstəyi bərpa edilməlidir:
"İlk növbədə, şübhəsiz ki, yay istirahətini təşkil edən valideyn olmalıdır. Digər tərəfdən isə dövlət də uşaqların istirahəti üçün geniş çeşiddə təkliflər irəli sürməlidir. Hazırda yay düşərgələrinin böyük əksəriyyəti özəldir və kommersiya strukturlarının tərkibində fəaliyyət göstərir. İctimai təşkilatlar ara-sıra belə düşərgələr təşkil edir. Sözsüz ki, bu da pərəkəndə xarakter daşıyır. Şagirdlərə göstərilən xidmət daha sistemli, əhatəli və konseptual proqram çərçivəsində təşkil olunmalıdır. Sovet vaxtı ödənişsiz və ödənişli pioner düşərgələri var idi. Məsələn, zavodların nəzdindəki pioner düşərgələri müəssisə işçilərinin övladlarına pulsuz xidmət göstərir, kənardan müraciət edənlər üçün isə ödənişli əsaslarla açıq olurdu”.
Psixoloqun sözlərinə görə bu sistemi sosioloq, müəllim və psixoloqlar birgə oturub vahid plan əsasında hazırlamalıdırlar:
“Lakin 10-20 il əvvəllə müqayisədə belə təkliflər praktiki olaraq yox dərəcəsində idi. İndi isə analoji təşəbbüslərə daha tez-tez rast gəlinir. Hətta gənc və ya tələbə psixoloqların könüllü, yaxud ödənişli əsaslarla bu fəaliyyətə cəlb edilməsi üçün müraciətlər olunur. Mənə də tez-tez müraciət edirlər ki, həmin düşərgələrə psixoloqların cəlb olunması ilə bağlı məsləhətlərimi bölüşüm. Elə bir dövrdə yaşayırıq ki, uşaqların mental və fiziki fəallığını telefonlar zəbt edib. Həqiqətən də onların sağlamlığı üçün düzgün istirahət çox vacibdir. Texnologiya XXI əsrin reallığıdır. Artıq bunu qəbul etməliyik. Qadağalarla heç nəyə nail ola bilməyəcəyik”.
A.İsazadə onu da qeyd edib ki, düzgün rejim tətbiq etməklə yeniyetmələrin fəaliyyətini nəzarətdə saxlamaq mümkündür:
“Uşaqların planşet və qadcetlərdə daha çox vaxt keçirməsi qaçılmazdır. Bu göstərici getdikcə daha da artacaq. Odur ki, valideynlər heç olmasa, uşaqların harada olduqlarını, hansı saytlara girdiklərini, nəyə baxdıqlarını və neçə saat vaxt keçirdiklərini nəzarətdə saxlamalıdırlar. Uşaq böyütməyə asan iş kimi baxmasınlar. Cəmiyyət üçün sağlam fərd böyütmək istəyiriksə, valideynlər uşağın istirahətini və zehni inkişafını əhatə edən fəaliyyət planını əvvəlcədən tərtib etməlidirlər".