- "Bir həftəlik düşərgə aylarla dərsdən daha faydalı ola bilər"
- "Yay düşərgələrinin olmaması uşaqlar arasında psixoloji uçurumu dərinləşdirir"
Texnoloji inkişaf və XXI əsrin cəmiyyət qarşısında qoyduğu tələblər hər gün daha da artır. Şübhəsiz ki, texnoloji yeniliklər insanların əmək fəaliyyətini sürətləndirir. Lakin digər tərəfdən, fasiləsiz informasiya axını zehni resursları tükəndirir və beynin yaradıcı potensialını məhdudlaşdırır.
Müasir dövrün tələblərindən ən çox təsirlənənlər isə yeniyetmələrdir. Bir tərəfdən 20-yə yaxın ağır fənn proqramı, digər tərəfdən isə bu dərslərin elektron cihazlar vasitəsilə mənimsənilməsi zərurəti. Ekran qarşısında keçən uzun saatlar yeniyetmələrin beynini yorur. Zehni resursların yenilənməsi üçün keyfiyyətli istirahət də ən azı dərslər qədər vacibdir.
Məsələn, sovet dövründə şagirdlərin sosiallaşmasını və istirahətini təmin etmək məqsədilə dövlət tərəfindən pioner düşərgələri təşkil edilirdi. Təəssüf ki, hazırda Azərbaycanda bununla bağlı dövlət səviyyəsində vahid proqram mövcud deyil. Çox vaxt şagirdlər ailələrinin sosial imkanlarının məhdud olması səbəbindən yay tətilini lazımi səviyyədə keçirə bilmirlər. Halbuki sağlam gələcək yeniyetmələrin düzgün inkişafından asılıdır.
Bəs valideynlər və müvafiq qurumlar onların emosional, psixoloji və sosial ehtiyaclarını yetərincə təmin edə bilirmi?

Mövzu ilə bağlı psixoloq Aysu Həsənova Sherg.az-a bildirib ki, bu məsələyə uşaqları gəzdirmək prizmasından deyil, psixi sağlamlıq prizmasından baxmaq lazımdır:
“Çünki istirahət də uşağın inkişaf ehtiyacıdır, mükafat deyil. Biz adətən tətili dərsdən uzaq qalmaq kimi qəbul edirik. Halbuki uşağın beyni məhz bu dövrdə il ərzində öyrəndiklərini emal edir, emosional gərginliyi azaldır və özünü növbəti mərhələyə hazırlayır. Uşağın yayı ya evdə telefonla, ya da fasiləsiz kurslarla keçirməsi onun beyninin bərpa olunmasına imkan vermir. Dövlət tərəfindən sosial düşərgələrin və inkişafyönümlü yay proqramlarının təşkil olunması çox vacibdir.”
Psixoloqun sözlərinə görə, belə layihələr uşaqları sadəcə əyləndirmək məqsədi daşımamalıdır:
“Əsas problem odur ki, bu gün bir çox yeniyetmə təhlükəsiz mühitdə risk təcrübəsi qazanmaq imkanından məhrumdur. Bəlkə də qəribə səslənəcək, amma sağlam inkişaf üçün yeniyetmə müəyyən risklər yaşamalıdır: ailədən bir neçə gün ayrı qalmaq, yeni kollektivə uyğunlaşmaq, otaq yoldaşı ilə münaqişəni həll etmək, məsuliyyət götürmək və müstəqil qərarlar vermək. İlkin sosiallaşma dövründə təhlükəsiz mühit görməyən fərdlər sonradan universitetdə, iş həyatında və digər sosial mühitlərdə ilk dəfə qarşılaşdıqları emosional uyğunlaşma baryerlərini aşmaqda çətinlik çəkirlər. Məhz yaxşı təşkil olunmuş düşərgələr idarə olunan risk mühiti yaradır. Bu, psixologiyada şəxsiyyətin formalaşması üçün çox vacib mexanizmlərdən biridir. Uşaq burada valideynin deyil, öz daxili resurslarının nə dərəcədə işlədiyini kəşf etməyə başlayır.”
A. Həsənova qeyd edib ki, diqqətdən yayınan digər mühüm məqamlardan biri də sosial bərabərlik hissidir:
“Maddi imkanı məhdud olan ailələrin uşaqları aylarla yaşadıqları məhəllədən kənara çıxmırlar, digərləri isə müxtəlif ölkələrə səyahət edirlər. Bu fərq təkcə təcrübə fərqi yaratmır. Yeniyetmədə 'mən digərlərindən geri qalmışam' hissinin formalaşmasına da səbəb ola bilir. Dövlət proqramları bu psixoloji uçurumu müəyyən qədər azalda bilər. Yəni söhbət sadəcə yay düşərgəsindən getmir. Əsas məsələ emosional dözümlülük, sosial adaptasiya və müstəqil düşüncə kimi təməl keyfiyyətləri inkişaf etdirən psixoloji investisiyadır. Bəzən cəmi bir həftə düzgün təşkil olunmuş düşərgə yeniyetməyə aylarla verilən nəzəri bilikdən daha çox həyati bacarıq qazandıra bilir.”