"Universitetlər müəllim hazırlaya bilmirsə, MİQ qalacaq" - Mütəxəssis

“Universitet bitirənlər nəticələrinə görə birbaşa işə götürülməlidir! Universitet təhsili elə olmalıdır ki, MİQ-ə ehtiyac qalmasın”.

Sherg.az xəbər verir ki, bu fikirləri təhsil məsələləri üzrə mütəxəssis, dosent Şəmil Sadiq deyib.

Dosent hesab edir ki, MİQ sistemi ümumilikdə uğurlu və şəffaf müəllim seçimi modelidir. Müəllimin öz biliyi və bacarığı hesabına işə qəbul olunması təqdirəlayiqdir. Lakin MİQ nəticələri ali təhsil müəssisələrinin müəllim hazırlığı ilə bağlı müəyyən sualları da gündəmə gətirir: “Əgər universitet müəllimi dörd il ərzində peşəkar şəkildə hazırlayırsa, məzun niyə universiteti bitirdikdən sonra yenidən MİQ hazırlığına ehtiyac duyur? Bu fakt göstərir ki, ali təhsil proqramlarının əmək bazarının tələbləri və MİQ-in ölçdüyü kompetensiyalarla uyğunluğu üzərində hələ də ciddi işləmək lazımdır. Əlbəttə, yüksək nəticə göstərənlərin arasında illərdir məktəbdə və ya kurslarda çalışan müəllimlər də var, yeni məzunlar da, fərdi şəkildə hazırlaşaraq uğur qazananlar da. Bu onu göstərir ki, uğur daha çox şəxsi hazırlıqdan, davamlı özünüinkişafdan və məqsədyönlü çalışmaqdan asılıdır. Universitet isə bu hazırlığın əsasını elə möhkəm verməlidir ki, məzun əlavə hazırlıq keçmədən də yüksək nəticə göstərə bilsin. Bununla yanaşı, bir məqamı da nəzərdən qaçırmamalıyıq. MİQ imtahanı müəllimin əsasən nəzəri biliklərini qiymətləndirir. Halbuki yaxşı müəllim olmaq üçün yalnız fənni bilmək kifayət etmir. Pedaqoji ustalıq, psixoloji hazırlıq, metodiki bacarıq, sinfi idarəetmə və ünsiyyət qabiliyyəti də ən azı nəzəri bilik qədər vacibdir. Məhz buna görə MİQ-dən sonrakı müsahibə mərhələsini çox önəmli hesab edirəm. Əgər bu mərhələ peşəkar və obyektiv təşkil olunarsa, müəllimin məktəbdə uğurlu fəaliyyət göstərə biləcək səriştələrini daha düzgün qiymətləndirmək mümkündür”.

Mütəxəssisin fikirncə, gələcəkdə əsas məqsəd MİQ-i ləğv etmək deyil, ali təhsil müəssisələrinin müəllim hazırlığını elə səviyyəyə çatdırmaqdır ki, universitet məzunları əlavə hazırlıq kurslarına ehtiyac duymadan həm MİQ-də uğur qazansın, həm də məktəbdə keyfiyyətli tədris apara bilsinlər.