Uşağınızı gələcəyə hazırlayan təhsil necə olmalıdır? - İmtahanlar yox, həyat...

  • Mütəxəssislərin fikrincə, bu gün ibtidai məktəbə başlayan uşaqların əhəmiyyətli hissəsi gələcəkdə hazırda mövcud olmayan sahələrdə çalışacaq

Müasir dövrdə valideynləri düşündürən əsas suallardan biri budur: uşaqları hələ mövcud olmayan peşələrin və sürətlə dəyişən texnologiyaların formalaşdıracağı gələcək dünyaya necə hazırlamaq olar?

Sherg.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu gün ibtidai məktəbə başlayan uşaqların əhəmiyyətli hissəsi gələcəkdə hazırda mövcud olmayan sahələrdə çalışacaq. Buna görə də təhsildən gözləntilər dəyişir. Akademik nailiyyətlər vacib olaraq qalsa da, artıq təkbaşına kifayət hesab edilmir. Valideynlər övladlarının problem həll etmə bacarığına malik, öz fikrini sərbəst ifadə edən, xarici dilləri bilən, texnologiyalara yiyələnmiş və özünəinamlı fərdlər kimi yetişməsini istəyirlər.

Uşaqları gələcəyə hazırlayan kompleks təhsil yanaşması

Yeni nəsil təhsil modeli uşaqlara hərtərəfli inkişaf imkanı yaratmağı hədəfləyir. Məktəbəqədər dövrdə maraq göstərən, araşdıran və öyrənməkdən zövq alan uşaqların formalaşdırılması, ibtidai siniflərdə möhkəm akademik təməlin qurulması, orta məktəbdə şagirdlərin istedad və maraqlarının üzə çıxarılması, yuxarı siniflərdə isə onların ali təhsil və peşə həyatına hazırlanması bu yanaşmanın əsas istiqamətləridir.

Məktəb yalnız təhsil müəssisəsi deyil

Xüsusilə iş qrafiki sıx olan valideynlər üçün məktəb təkcə dərs keçilən məkan deyil, həm də uşağın təhlükəsiz və sağlam inkişaf etdiyi mühit olmalıdır. Bu baxımdan güclü psixoloji dəstək sistemi, xarici dil tədrisi, rəqəmsal texnologiyalar, incəsənət və idman fəaliyyətləri müasir təhsilin vacib elementləri hesab olunur.

Gələcəyin bacarıqları ön plana çıxır

Mütəxəssislər vurğulayırlar ki, təhsilin məqsədi yalnız imtahanlarda yüksək nəticə əldə etmək deyil. Əsas hədəf dəyişikliklərə uyğunlaşa bilən, öyrənməyi həyat boyu davam etdirən, yaradıcı düşünən və məhsuldar fərdlər yetişdirməkdir.

Bu səbəbdən müasir təhsil sistemlərində akademik biliklərlə yanaşı liderlik, ünsiyyət, komanda işi, tənqidi düşüncə və sahibkarlıq kimi bacarıqların inkişafına da xüsusi diqqət ayrılır.

Təhsil sahəsi üzrə ekspertlər hesab edirlər ki, valideynlərin övladlarına edə biləcəyi ən dəyərli sərmayə onların gələcəyin çağırışlarına hazır şəkildə böyüməsini təmin edən keyfiyyətli təhsildir.