Yeni tədris ilinə “Qarabağ Azərbaycandır”şüarı ilə başlanacaq

“Bu, şagirdlərimizin milli vətənpərvlik ruhunda tərbiyə olunmasına, onlara tarixi həqiqətlərimizlə bağlı fikirləri çatdırmağa imkan verəcək”
“Cənab Prezident İlham Əliyev  Vətən müharibəsi dövründə daim “Qarabağ Azərbaycandır” şüarını səsləndirdi”
“Birmənalı  şəkildə  bütün şagirdlərimizə bunu çatdırmalıyıq. Hesab edirəm ki,tədris ilinin belə başlaması böyük motivasiya, ruh yüksəkliyi gətirəcək”
Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.
Xatırladaq ki,  sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.
Sözügedən təşəbbüsü “Sherg.az”a dəyərləndirən təhsil eksperti Kamran Əsədov deyib ki, indiyə qədər orta məktəb dərsliklərində bədbinlik var idi:
“Dərslərdə torpaqlarımızın işğalından danışırdıq. Lakin yeni tədris ilinə qalib ölkənin qalib vətəndaşları olaraq başlayırıq. Bundan sonra torpaqlarımızın        azad olunması, bu yolda çəkilən əziyyətdən, canını qurban  verən oğullarımızdan bəhs edəcəyik.
“Qarabağ Azərbaycandır”  devizi ilə bu dərslərin keçirilməsi  şagirdlərimizin milli vətənpərvlik ruhunda tərbiyə olunmasına, onlara tarixi həqiqətlərimizlə bağlı fikirləri çatdırmağa imkan verəcək.
 Cənab Prezident İlham Əliyev  Vətən müharibəsi dövründə daim “Qarabağ Azərbaycandır” şüarını səsləndirdi. Birmənalı  şəkildə  bütün şagirdlərimizə bunu çatdırmalıyıq. 
Hesab edirəm ki,tədris ilinin belə başlaması böyük motivasiya, ruh yüksəkliyi gətirəcək. Onlar da özlərini qalib ölkənin şagirdləri kimi hiss edəcəklər. Fikrimcə, bu olduqca müsbət addımdır”. 
Samirə Ərəblinski