Sərhəd tanımayan CİNAYƏTLƏR...

Kibertalama dünyada əsl qlobal pandemiyaya çevrilib

  Kiberməkan dünyada insanları əvvəlkindən daha çox bir-birinə bağlayıb. Bunun bütün üstünlüklərinə baxmayaraq, güclənən virtual əlaqələr riskləri də artırır. İnternet üzərindən törədilən dələduzluq əməlləri bu təhdidlərin virtuallıqdan gerçəkliyə necə sürətlə keçə bildiyini göstərən nümunələrdən biridir. Cinayət planı kiberməkanda işlənib hazırlansa da, real həyata transformasiya edilməklə ictimai təhlükəli əmələ çevrilir və ondan insanlar zərər çəkir. Deməli, bu kimi kibertalama əməlləri həm də ictimai təhlükəsizliyi təhdid edir.
  İnternetdə zərərli kontentlərin yayılması, hakerlik, maliyyə məlumatlarını oğurlamaq üçün imail poçt fişinqi, narkotik vasitələrin qanunsuz dövriyyəsində onlayn imkanların meydana çıxması kimi yeni təhdidlərin "kiber" aspektindən başqa ortaq bir cəhəti var: bunlar cinayətdir. Cinayətkarlıq da bütün hallarda onunla mübarizə aparan qurumların, xüsusən polisin cəmiyyətdən güclü dəstək alması ilə “buxovlanır”. Virtual məkanın içində yuvalanmış kibercinayətkarlıqla effektiv mübarizə aparmaq üçün isə belə bir ictimai dəstəyin, hətta, əməkdaşlığın olması dünyanın hər yerində toplumdan gözlənilir. Çünki kibercinayətkarlıq, onun ayrı-ayrı növləri qlobal pandemiya kimi sərhədləri çoxdan aşıb.

Cinayətkarla paylaşılan məsuliyyət

  İnternet adlı qlobal şəbəkəyə qoşulmuş ölkəmiz bu risklərdən uzaqda qala bilməzdi, necə ki, qalmayıb.
Bu gün vətəndaşların onlayn dələduzluq hadisələri ilə üzləşməsi bir az da öz “günahları” sayıla bilər. Məsələ ondadır ki, kiberdələduzluq hər nə qədər “müasir cinayət növü” sayılsa da, özünün klassik mahiyyətini itirməyib. Dələduzluq hadisələrində cinayətkarla bərabər onun qurbanı, adətən, el qınağına ona görə məruz qalır ki, cinayət tora düşən şəxsin sadəlöhvlüyü və yaxud diqqətsizliyi ucbatından baş tutur. Hüquqşünaslar cinayətkarla zərərçəkənin bu qarşılıqlı “münasibəti”ndən törənən hadisəni viktimoloji cinayət sayır. Zərərçəkən aldadılma prosesinin əvvəlində könüllü iştirak edir, hər şey onun “rizası” ilə yekunlaşır. Burada hadisənin iştirakçıları arasında məsuliyyət paylaşımı da var - cinayətkar qanun qarşısında, zərərçəkən isə cinayətə şərait yaratmanın mənəvi məsuliyyətini daşıyır.
  Dələduzların tutulana qədər bir müddət cinayətlərini davam etdirə bilməsinin səbəbi elə budur. İnsanlar feysbuk, instaqram, tvitter kimi sosial şəbəkələr üzərindən saxta hesablara gizli istifadəçi məlumatlarını, bank kartlarına aid məxfi şifrələri tanımadıqları şəxslərə könüllü şəkildə ötürürlər. Məsələ yalnız bundan sonra mürəkkəbləşir. Real həyatda cinayət hadisəsi cinayətkarların olduğu yerdə baş verir. Kiberməkanda isə cinayətkarlar bir ölkədə yaşaya, başqa ölkədə hadisəni törədə, cinayətin izləri, dəlil-sübut isə üçüncü bir ölkədə ola bilər. Buna görə hadisə barədə hüquq-mühafizə orqanlarına şikayət olanda cinayət təqibini həyata keçirmək çətinləşir, yaxud kiberdələduzları tutub hakim qarşısına çıxarmaq zaman alır. 

Nəyi etməli, nəyi etməməli?

  Ümumilikdə isə polisin kibertəhlükəsizlik üzrə ixtisaslaşmış əməkdaşlarının peşəkarlığı və sahib olduğu müasir elmi-texniki avadanlıqlar klaviatura arxasındakı saxta kimliyi ifşa etməyə və şübhəli şəxsin yerini müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə sosial şəbəkələrdə qruplar yaradaraq dələduzluq edən şəxslərə qarşı indiyədək keçirilmiş uğurlu əməliyyat tədbirləri təsdiq edir ki, kiberməkanda belə kimsə izini itirib yaxasını ədalətin əlindən qurtara bilmir. Polisin son dövrlər kibertalama cinayətlərinə qarşı qabaqlayıcı -profilaktik tədbirləri artırması, maarifləndirici videoçarxlar yayması və xəbərdarlıqlar etməsi hansısa ölkədə əyləşib hiylə ilə qazanc əldə etmək istəyən kibertalançıların bizim vətəndaşları qarət edə bilməməsinə yönəlib. Polis cəmiyyətin dəstəyini məhz bu məqamda hiss etməlidir. Edilən xəbərdarlıqlara baxmayaraq, şübhəli keçidlər kliklənəcəksə, bank kartlarının məxfi saxlanılmalı olan məlumatları könüllü olaraq başqasına ötürüləcəksə, onda bu xəmir hələ çox su aparacaq.