Azərbaycanın ekosistemini hesabat hazırlayan təşkilatlara göstərə bilmirik?

Ermənistan qlobal oyunçuların iştirakı və dinamik startap ekosistemi ilə regionun texnoloji mərkəzinə çevrilib.” Moderator.az-ın məlumatına görə, bu barədə  Amerikanın dünyaca məşhur “Forbes” jurnalı yazıb.
Jurnal bildirir ki, müxtəlif indekslər Ermənistanı Cənubi Qafqaz regionunda inkişaf etməkdə olan texnoloji mərkəz kimi göstərir. Bu, onun Sovet İttifaqının aparıcı texnologiya mərkəzlərindən biri kimi rolunun mirasıdrır. Belə ki, SSRİ-də ilk ümumi təyinatlı kompüterlər 1960-cı illərin əvvəllərində məhz Ermənistanda hazırlanıb.
 “Forbes”in məlumatına görə, Ermənistanda innovasiya sektoru vençur fondları və erməni əsilli sahibkarların dəstəyi sayəsində daha da müstəqil olmaqdadır.
Məqalənin müəllifi Kreyq Smit İrəvanın 1990-cı illərin iqtisadi böhranının nəticələrini aradan qaldırmaq tarixindən danışıb və ölkənin texnoloji potensialının bərpasında diasporun rolunu vurğulayıb: "Moderna" biotexnoloji şirkətinin həmtəsisçisi Nubar Afeyan, "Reddit" həmtəsisçisi Aleksis Ohanian və keçmiş "Apple" texniki direktoru və "macOS" əməliyyat sisteminin yaradıcısı Avi Tevanyan kimi insanların hamısı daim öz ölkələri ilə bağlı qalıb". 
İT ekspertləri isə hesab edir ki, Ermənistanın Cənubi Qafqazın texnoloji mərkəzi olması iddiası yalandır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov 44 günlük Vətən müharibəsi dövründə Avropa və digər qərb təşkilatlarının Ermənistana  verdiyi mənəvi dəstəyi xatırladıb. Onun sözlərinə görə, “Forbes”də çıxan bu yazı da məhz həmin dəstəyin davamıdır: 
“Amma bir məsələni də etiraf etməliyəm ki, resurslarının az olmasına rəğmən Ermənistan onları təkmil halda nümayiş etdirməyi bacarır. Reallıqda Azərbaycanın ekosistemi Ermənistandan  dəfələrlə yüksəkdir, sadəcə bizdə pərakəndəlik var. Avropa indeks mənbələri Azərbaycandan normal və təkmil məlumat ala bilmir. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlarımız aktiv deyil. Beynəlxalq indeks qurumları ölkələrlə bağlı statistik rəqəmləri dövlət qurumlarından yox, yerli təşkilatlardan, vətəndaş cəmiyyətlərindən alırlar. Azərbaycanda isə  müstəqil təşkilatlar az büdcə ilə öz imkanları daxilində fəaliyyət göstərirlər. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edə, onların etimadını qazana bilmirlər. Buna görə də Azərbaycanın sahib olduğu ekosistemi təkmil formada beynəlxalq təşkilatlara göstərə  bilmirik. Reytinq hesablanarkən şəhərlərdə  innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır. Azərbaycanda isə  startaplarla bağlı vahid statistikaları təzəlikdə bizim Assosasiya, AİKTSA vikipediyada yerləşdirib. Ölkəmizin beynəlxalq reytinqlərdə daha da irəliləməsi üçün yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və dəstək tədbirləri ilə bağlı məlumatların beynəlxalq arenada paylaşılması istiqamətində işlər davam etdirilir. Biz ölkəmizdə olan startapları axtarıb, tapır, bir- biri onları danışdırırıq. Ümumilikdə Azərbaycanın İT şirkətlərini, İT istehsalat gücünü dövlət qurumları deyil, məhz müstəqil  təşkilatlar formalaşdırmalı, eyni zamanda beynəlxalq index təşkilatları ilə də əməkdaşlıq etməlidir”. 

E. Abbasovun fikrincə Ermənistan lobbisinin gücü nəticəsində beynəlxalq təşkilatlar ermənilərə süni reputasiya qazandırmağa səy göstərir. Amma bizim səhvimiz də yox deyil: 
“Özümüzə bəraət qazandıra bilmərik. Bizim günahımız odur ki, əlimizdə olan resursları düzgün və təkmil formata dünya ictimayyətinə təqdim edə bilmirik. Ermənilər isə bu sahədə çox bacarıqlıdır. Yenə deyirəm, Ermənistanın Cənubi Qafqazın texnoloji mərkəzi olması iddiaları  absurddur. Heç bir halda onların ekosistemi bizdən üstün ola bilməz. Sadəcə bizdən fərqli olaraq onlar  əllərindəki az resursla dəvədən fil düzəldə bilirlər”.