Azərbaycan bu kimi problemləri həll etmək üçün xarici təcrübələrə üz tutmalıdır
Bakıda son yağışların infrastruktura verdiyi zərər, şəhərin hələ də belə təbiət hadisələrinə hazır olmadığını göstərir. İllərdir davam edən bu problem effektiv həll tapmayıb və şəhərimiz üçün ciddi çətinliklər yaradır.
Mövzuya toxunan iqtisadçı-ekspert Əyyub Kərimli "Sherg.az"a dünyanın əksər ölkələrinin bu cür problemlərlə mübarizə aparmaq üçün uğurlu təcrübələrə malik olduğunu deyib:
“Məsələn, Niderland, İsveç və Norveç kimi ölkələr yağıntıların təsirlərini minimuma endirmək üçün inkişaf etmiş drenaj sistemləri və təmizləmə texnologiyalarından istifadə edirlər.
Azərbaycan bu problemləri həll etmək üçün yaşıl infrastrukturlar qurmaq, ağıllı texnologiyalar tətbiq etmək və su idarəetmə sistemlərini modernləşdirmək kimi metodlardan istifadə edə bilər. Belə yanaşmalar, şəhərin yağıntılara qarşı dözümlülüyünü artırmaq üçün əhəmiyyətli addımlar ola bilər.
Noyabr ayında keçiriləcək COP29 konfransı öncəsində Bakı yenidən gündəmə gəlir. İqlim dəyişiklikləri və urbanizasiya ilə bağlı məsələlər müzakirə olunarkən, öz şəhərimizdə bu problemləri nə qədər həll etdiyimizi də nəzərə almalıyıq. Şəhərimizin gələcəyi üçün uzunmüddətli planlara ehtiyac var”.