Şifrəsiz Wi-Fi şəbəkələri həmişə risk daşıyır -AÇIQLAMA

DİN ictimai yerlərdəki şifrəsiz vayfay şəbəkələrinə qoşulanlara çağırış edib:
● Onlayn alış-veriş və bank əməliyyatlarınızı belə şəbəkələr üzərindən həyata keçirməyin.
● İstifadə edəcəyiniz ictimai vayfay şəbəkəsinin adını və təhlükəsizlik işarəsini yoxlayın. Qoşulmaq istədiyiniz şəbəkənin düzgün və rəsmi şəbəkə olduğuna əmin olun.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, şifrəsiz Wi-Fi şəbəkələri həmişə risk daşıyır:

“Belə şəbəkələrə qoşulmaqla cihazınızda olan məlumatlar, parollar, şəxsi yazışmalar və bank hesablarına giriş təhlükə altına düşə bilər. Şifrəsiz Wi-Fi şəbəkələri məlumatları şifrələmədiyi üçün hakerlər asanlıqla onlayn fəaliyyətinizi izləyə və şəxsi məlumatlarınızı ələ keçirə bilərlər. Məsələn, e-poçt hesabları, sosial media girişləri və hətta bank məlumatları sızdırıla bilər. Dələduzlar çox vaxt saxta Wi-Fi şəbəkələri yaradır və bu şəbəkələrə “Free Wi-Fi” kimi adlar verirlər. İnsanlar şəbəkənin adını yoxlamadan qoşulduqda, məlumatlar birbaşa həmin cinayətkarların serverlərinə yönləndirilir. Eləcə də bəzi ictimai Wi-Fi şəbəkələri istifadəçilərin cihazlarına avtomatik olaraq zərərli proqramlar yükləyə bilər. Bu proqramlar məlumatları toplaya, cihazı nəzarət altına ala və ya digər kiberhücumlara yol aça bilər. Tövsiyə edirəm ki, şifrəsiz Wi-Fi şəbəkələrindən istifadə edərkən həmişə ehtiyatlı olsunlar. Ən təhlükəsiz variant öz mobil internetindən istifadə etməkdir. Əgər ictimai Wi-Fi şəbəkəsinə qoşulmaq zəruridirsə, VPN tətbiqlərindən istifadə etsinlər və şəxsi məlumatlarını qorumağa diqqət yetirsinlər. Yalnız “HTTPS” protokolu ilə başlayan vebsaytlardan istifadə edin. “HTTP” ilə başlayan saytlara şəxsi məlumatlar daxil etmək qismən təhlükəlidir”.