Meta üçün 25 milyard dollarlıq cəza: “Facebook”un qorxulu ili

ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi “Meta” şirkətini istifadəçiləri məlumatların məxfiliyi ilə bağlı qəsdən yanıltmaqda təqsirli bilərək 25 milyard dollar cərimələyib.

Sherg.az xəbər verir ki, şirkət qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Bununla belə, bu cəza “Meta”nın 2026-cı ildə üzləşdiyi ilk böyük maliyyə zərbəsi deyil. Şirkət bundan əvvəl sosial şəbəkələrin yeniyetmələrin psixi sağlamlığına təsiri ilə bağlı iddialar üzrə 17 milyard dollarlıq razılaşmaya imza atıb.

“Milliyet” nəşrinin yazdığına görə, Nyu-Meksiko ştatında qaldırılan iddia 2018-ci ildə üzə çıxan “Cambridge Analytica” qalmaqalı ilə əlaqəlidir. Araşdırmalar zamanı siyasi məsləhət şirkətinin təxminən 50 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatlarına icazəsiz çıxış əldə etdiyi bildirilmişdi. Həmin məlumatların Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasında istifadə edildiyi iddia olunurdu.

Məhkəmə andlı iclasçılarının qərarına əsasən, “Meta” istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ştat qanunlarını 43 milyon dəfə pozub. Hər pozuntuya görə 5 min dollaradək cərimə tətbiq edilməsi mümkün olsa da, yekun məbləğ 25 milyard dollar müəyyənləşdirilib.

Bu məbləğ böyük texnologiya şirkətlərinə tətbiq edilən ən iri birdəfəlik maliyyə sanksiyalarından biri kimi qiymətləndirilir. Bununla belə, ABŞ-da 1998-ci ildə dörd böyük tütün şirkətinin zərərli məhsullarla bağlı iddialar üzrə 25 il ərzində 200 milyard dollardan çox ödəniş etməyə razılaşması kimi daha böyük, uzunmüddətli razılaşmalar da olub.

Nyu-Meksiko ştatının baş prokuroru Raul Torrez qərarı Silikon Vadisinə ünvanlanan mesaj kimi xarakterizə edib. “Meta” isə cərimənin qeyri-mütənasib olduğunu bildirərək qərara etiraz edir.

Şirkət üçün hüquqi risklər bununla bitməyə bilər. Sosial şəbəkələrin uşaqların psixi sağlamlığına, təhsilinə və təhlükəsizliyinə təsiri ilə bağlı ABŞ-da yeni məhkəmə proseslərinin keçirilməsi gözlənilir. Digər ölkələrdə də azyaşlıların sosial media istifadəsinə məhdudiyyətlər qoyulması və platformaların məsuliyyətinin artırılması istiqamətində müzakirələr davam edir.