ABŞ Prezidenti Donald Tramp administrasiyası milli təhlükəsizlik risklərini əsas gətirərək, başda Çin olmaqla xaricdə istehsal olunan yeni nəsil humanoid robotların və bəzi qabaqcıl robot sistemlərinin ABŞ-yə idxalını qadağan edib. Qərar məlumat mərkəzləri və günəş enerjisi sistemlərində istifadə olunan güc invertorlarını da əhatə edir.
Sherg.az xəbər verir ki, ABŞ administrasiyasının açıqlamasına görə, xaricdə istehsal olunan yeni nəsil humanoid robotlar və dördayaqlı qabaqcıl robot sistemlərinin ölkəyə idxalına məhdudiyyət tətbiq olunub. Qərarın xüsusilə robot texnologiyaları və süni intellekt sahəsində ABŞ ilə ciddi rəqabətdə olan Çin istehsalçılarına təsir edəcəyi bildirilir.
"Milli təhlükəsizlik üçün qəbuledilməz risk yaradır"
ABŞ Federal Rabitə Komissiyası (FCC) bu məhsulların "milli təhlükəsizlik baxımından qəbuledilməz risklər" daşıdığını bildirərək onları nəzarət siyahısına daxil etdiyini açıqlayıb. FCC sədri Brendan Karr qeyd edib ki, bu addım ABŞ-nin kritik təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Qadağa yalnız yeni istehsal ediləcək və ya yeni sertifikat alacaq xarici istehsal olan qabaqcıl robotlara şamil edilir. Daha əvvəl FCC-nin təsdiqini almış modellərin idxalı və satışı isə davam etdiriləcək.
Robotlarla yanaşı, məlumat mərkəzləri və günəş enerjisi sistemlərində istifadə olunan güc invertorları da yeni məhdudiyyətlərə daxil edilib.
FCC-nin qiymətləndirməsinə görə, xarici istehsal olan invertorlar uzaqdan söndürülmə, məlumat oğurluğu, icazəsiz giriş və kiberhücumlar kimi təhlükəsizlik riskləri yarada bilər. Qurum hesab edir ki, bu qurğular xarici dövlətlərin dəstəklədiyi şəxslər tərəfindən sui-istifadə edilə bilər.
Komissiya oxşar risklərin humanoid robotlar üçün də keçərli olduğunu bildirib. FCC-nin açıqlamasında qeyd olunub ki, xarici istehsal olunan qabaqcıl robotlardan ABŞ vətəndaşlarını izləmək, xarici kəşfiyyat xidmətlərinin imkanlarını genişləndirmək və ya uzaqdan ələ keçirilərək zərərli məqsədlərlə istifadə etmək mümkün ola bilər.
Çin qərara etiraz etdi
Çinin Vaşinqtondakı səfirliyi qərara sərt reaksiya verib. Səfirliyin bəyanatında ABŞ-nin ticarət məsələlərini siyasi alətə çevirdiyi və sanksiyalar üçün "əsassız bəhanələrdən" istifadə etdiyi bildirilib.
Pekin administrasiyası Çinin maraqlarına zərər vuran addımlara qarşı "bütün zəruri tədbirləri görəcəyini" bəyan edib və süni intellekt texnologiyalarının beynəlxalq əməkdaşlıq şəraitində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bəyanatda ABŞ-yə "hegemon yanaşmadan imtina etməsi və Çin şirkətlərini qaralama kampaniyasına son qoyması" çağırışı da yer alıb.
Bu qərar ABŞ ilə Çin arasında son illər daha da kəskinləşən texnologiya rəqabətinin növbəti mərhələsi kimi qiymətləndirilir. ABŞ daha əvvəl də Çinin qabaqcıl süni intellekt sistemləri hazırlamaq imkanlarını məhdudlaşdırmaq məqsədilə yüksək texnologiyalı yarımkeçiricilərin ixracına məhdudiyyətlər tətbiq etmiş, həmçinin Çin istehsalı olan elektrik avtomobillərinə yüksək gömrük rüsumları tətbiq etmişdi.