- Osman Gündüz: “Süni intellekt və rəqəmsal iqtisadiyyat yarışında vaxt itirmək olmaz”
“Şuranın yaradılmasından təxminən dörd ay sonra baş tutan bu iclası lkədə rəqəmsal transformasiyanın idarə edilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Rəqəmsal İnkişaf Şurasının ilk iclası barədə fikirlərini səsləndirərkən deyib. Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının bu gün ilk iclası keçirilib.
O.Gündüz qeyd etdi ki, bu toplantı uzun müddətdir ki, sektorda böyük maraqla gözlənilirdi: 
- Xüsusilə son zamanlarda müşahidə olunan ləngimələr, qərarların və razılaşdırmaların uzanması, iri rəqəmsal layihələrin azalması, eyni zamanda region ölkələrinin süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində sürətlə irəliləməsi fonunda bu Şuraya gözləntilər olduqca böyükdür. Tərkibində Prezidentin köməkçilərinin, bir neçə nazirin, Mərkəzi Bank rəhbərliyinin təmsil olunması, xüsusilə də də Şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi bu gözləntiləri daha da artırır. İclasda təqdim olunan məlumatlardan görünür ki, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində 58 təşəbbüs müəyyənləşdirilib. 40 dövlət qurumu üzrə yol xəritələri hazırlanıb, onların bir hissəsi artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosistemi, Milli Məlumat Hövzəsi, Hökumət Buludu, myGov platformasının genişləndirilməsi və qanunvericilik islahatları əsas prioritetlər kimi təqdim olundu. Bütün bunlar, şübhəsiz ki, müsbət siqnallardır. Amma etiraf etməliyik ki, sektor artıq bir neçə aydır gözləmə rejimindədir.
Mütəxəssis qeyd etdi ki, ilin yarısı artıq geridə qalıb. Fəaliyyət Planı təsdiqlənib, yol xəritələri hazırlanıb. Lakin bazar hələ də bunun real nəticələrini hiss etmir. İri rəqəmsal layihələrin, yeni tenderlərin və maliyyələşmə proseslərinin başlaması ləngiyir:
- Bu gün İT bazarında fəaliyyət göstərən bir çox şirkət üçün əsas problem ideya və ya potensialın olmaması deyil, layihələrin və sifarişlərin azalmasıdır. Daha əvvəl də qeyd etdiyim kimi, bəzi hallarda İT bazarda artıq "bir manat uğrunda rəqabət" müşahidə olunur. Məhz buna görə də ilk iclasın əsas nəticəsi qəbul edilən qərarların operativ və səmərəli icrasında özünü göstərməlidir. Şuranın yaradılması koordinasiyanın gücləndirilməsi baxımından mühüm addımdır. Ancaq bu koordinasiya əlavə bürokratik mərhələlərə və uzun razılaşdırma proseslərinə çevrilməməlidir. Rəqəmsal transformasiya çeviklik, sürətli qərarvermə və təşəbbüskarlıq tələb edir. Layihələr nə qədər tez icra olunarsa, onların iqtisadi və sosial təsiri də bir o qədər yüksək olar. Artıq dövlət qurumlarında rəqəmsal transformasiya layihələrinin sürətləndirilməsi, maliyyələşmə mexanizmlərinin işə düşməsi və biznes üçün yeni imkanların açılması vacibdir. Xeyli ləngimişik. Ümid edək ki, ilin ikinci yarısında dövlətin rəqəmsal layihələri, süni intellekt təşəbbüsləri, innovasiya proqramları və yerli texnologiya şirkətləri üçün yeni imkanlar daha sürətlə reallaşacaq.