"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb

"Apple"ın Hindistandakı əsas istehsal tərəfdaşlarından biri olan "Tata Electronics"in kibercinayətkarların hücumuna məruz qalmasından sonra hələ təqdim edilməmiş iPhone 18 Pro modeli ilə bağlı məlumatlar internetə sızdırılıb.

Sherg.az xəbər verir ki, məlumata görə, “World Leaks” adlı qrup tərəfindən həyata keçirilən hücum nəticəsində təxminən 630 GB həcmində 200 min sənəd ələ keçirilib. Sızdırılan materiallar arasında iPhone 18 Pro-nun mühəndislik çertyojları, kamera və batareya detalları, çip yerləşdirmə sxemləri, eləcə də test mərhələsində çəkilmiş fotolar yer alır.

Bildirilir ki, sızma nəticəsində Apple-ın təchizat zənciri, komponent istehsalçıları və qiymət məlumatları ilə bağlı məxfi məlumatlar da ifşa olunub.

Hadisədən sonra Apple qlobal araşdırmaya başlayıb, "Tata Electronics" isə sistemlərini müvəqqəti olaraq bağlayaraq beynəlxalq ekspertlərlə araşdırma aparır.

Qeyd edək ki, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin 2026-cı ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.