Microsoft korporasiyası "Windows 10" əməliyyat sistemi üçün dəstək müddətini uzadıb.
Sherg.az xəbər verir ki, bu barədə "Windows Central" məlumat yayıb. Daha əvvəl şirkətin rəsmi saytında yeniləmələrin 2026-cı ilin oktyabrına qədər təqdim ediləcəyi göstərilsə də, indi bu müddət 12 oktyabr 2027-ci il tarixinədək uzadılıb.
Yeniləmələri almağa davam etmək istəyən istifadəçilər Microsoft hesabı ilə "Windows 10" sisteminə daxil olmalıdırlar. Dəstək xidmətindən istifadə üçün 1000 bonus balı və ya 30 ABŞ dolları ödəmək tələb olunur.
Mütəxəssislərin fikrincə, dəstək müddətinin uzadılması operativ yaddaş bazarındakı davam edən problemlər və dünyada hələ də yüz milyonlarla kompüterin "Windows 10" əməliyyat sistemi ilə işləməsi ilə əlaqədardır.
Bundan əvvəl Rusiyanın UserGate uFactor mərkəzinin mütəxəssisləri Microsoft Exchange Server korporativ poçt serverində yüksək təhlükə səviyyəli boşluqlar aşkar etdiklərini bildirmişdilər. Onların sözlərinə görə, hakerlər sistemə daxil olmaq üçün adi əməkdaşın administrator səlahiyyəti olmayan hesabını ələ keçirməklə hücum həyata keçirə bilərlər.