Rəqəmsallaşma artdıqca kiberhücumlar çoxalır: Texnoloji infrastruktur daim yenilənməlidir -Mütəxəssis

Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir.
Qeyd edilib ki, son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin Qlobal İnternet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır. Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunmuşdur. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.
“Eyni zamanda bildirmək istəyirik ki, AzstateNet şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunmuş, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə 24/7 rejimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən monitorinq olunmaqdadır”, - məlumatda qeyd edilib.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki,  Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində vəziyyəti ümumilikdə qənaətbəxşdir:
“Ölkəmiz internet trafikinin daşınmasında hər hansı bir ölkədən birbaşa asılı deyil, bu da strateji baxımdan mühüm üstünlükdür. Amma bu o demək deyil ki, tam təhlükəsizik. Rəqəmsallaşma artdıqca kiberhücumlar da çoxalır və daha ağıllı üsullarla həyata keçirilir. Mən deyərdim ki, ən başlıca metod olaraq texnoloji infrastruktur daim yenilənməlidir. Yəni firewall, DDoS qoruma sistemləri və müasir təhlükəsizlik platformaları geniş tətbiq olunmalıdır. Ümumiyyətlə bu cür təhlükələrə qarşı yalnız texniki sistemlər yox, həm də istifadəçilərin öz maarifləndirilməsi vacibdir. İnsanlar bilməlidirlər ki, heç bir bank kart məlumatı, SMS kodu və ya şəxsi məlumat telefonla və ya mesajla paylaşılmamalıdır. Vətəndaşlar da bu prosesdə passiv olmamalıdır. Məlumatların qorunması, güclü şifrələrin istifadəsi, şübhəli linklərdən uzaq durmaq və şəxsi məlumatları heç bir halda üçüncü şəxslərlə paylaşmamaq hər bir istifadəçinin şəxsi məsuliyyəti olduğunu birmənalı olaraq başa düşməlidirlər”.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə  bildirdi ki, hazırda dünyada gedən silahlı münaqişələr fonunda internetin məqsədli şəkildə dayandırılması praktikası geniş tətbiq olunmur və beynəlxalq müstəvidə belə bir yanaşma mövcud deyil:
“Rusiyanın Azərbaycanın internet infrastrukturuna birbaşa təhlükə yaratması, yaxud ölkədə internetin fasiləyə məruz qalması ilə bağlı narahatlıqlar isə əsasızdır və texniki baxımdan reallığı əks etdirmir. Azərbaycan Respublikasının beynəlxalq internet trafikinə çıxışı bir neçə marşrut üzrə təmin olunur. Bu, ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində transmilli asılılığını minimuma endirir və alternativlik prinsipinə əsaslanır. Hazırda internet magistral xətləri müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir Avropa–Rusiya–Azərbaycan, Avropa–İran–Azərbaycan və Avropa–Gürcüstan–Azərbaycan. Azərbaycanın internet infrastrukturu bir neçə böyük provayder tərəfindən təmin olunur. Bu provayderlərdən biri təkbaşına ölkəyə üç fərqli istiqamətdən internet trafiki gətirmək imkanına malikdir. Digər böyük provayderlər də müxtəlif alternativ xətlərə sahibdir”.
Ekspertin sözlərinə görə yaxın zamanda “Aztelekom” şirkətinin də bu istiqamətdə fəaliyyətə başlaması əlavə alternativlərin yaranmasına səbəb olacaq:
“Bununla yanaşı, Xəzər dənizi üzərindən keçən yeni fiberoptik magistral xətt layihəsi də icra mərhələsindədir və bu barədə məlumatlar ictimaiyyətə açıq şəkildə təqdim olunub. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Azərbaycan internet şəbəkəsi texniki baxımdan müstəqildir və hər hansı bir ölkədən asılı deyil. Azərbaycan eyni zamanda “Starlink” kimi peyk internet sistemlərinə də qoşulmuşdur ki, bu da əlavə alternativlik və davamlılıq təmin edir. Münaqişə və gərginlik şəraitində kiber sahənin aktivləşməsi isə beynəlxalq təcrübədə müşahidə olunan adi bir haldır. Tarixən müxtəlif münaqişələr zamanı, o cümlədən Rusiya ilə bağlı müəyyən diplomatik gərginliklər fonunda və ya İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı kiberhücumlar həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan tərəfinin də cavab tədbirləri çərçivəsində qarşı tərəfin informasiya sistemlərinə hədəflənmiş əks-kiberhücumları qeydə alınmışdır. Məsələn, Ermənistanın müxtəlif dövlət və bank infrastrukturuna qarşı həyata keçirilmiş kiber əməliyyatlar ictimaiyyətə məlumdur.
Eyni hal digər ölkələrdə də müşahidə olunmuşdur. Məsələn, İran–İsrail münaqişəsi zamanı hər iki tərəfin kiber qrupları bir-birinə qarşı intensiv və zərərverici hücumlar təşkil etmişdi. Bütün bu təcrübələr göstərir ki, kiber sahə istər münaqişə, istərsə də sülh dövründə daim aktivdir və dövlətlərin informasiya təhlükəsizliyinin tərkib hissəsi kimi prioritet olaraq qorunmalıdır”.