Smartfonların içində şəxsi fotolardan bank hesablarına, dövlət xidmətlərindən sosial şəbəkələrə qədər çoxlu həssas məlumatlar saxlanılır. Buna görə də telefonu təmirə verməzdən əvvəl bəzi təhlükəsizlik tədbirlərinin görülməsi tövsiyə olunur.
Sherg.az xəbər verir ki, Maliyyə eksperti Olqa Dayneko bildirib ki, ilk növbədə telefondakı vacib məlumatların ehtiyat nüsxəsi (backup) yaradılmalıdır. Məlumatların həm bulud yaddaşında, həm də ayrıca daşıyıcıda saxlanılması məsləhət görülür.
Ekspert həmçinin telefonun yaddaşında saxlanılan məxfi məlumatların silinməsini, bütün tətbiqlərdən çıxış edilməsini və SIM kartın cihazdan çıxarılmasını tövsiyə edir. Bu, bank tətbiqlərinə və digər hesablarınıza icazəsiz giriş riskini azaldır.
Təmirə verməzdən əvvəl cihazın IMEI nömrəsinin qeyd olunması da vacib sayılır. Bu nömrə telefonun unikal identifikatorudur və mümkün qarışıqlıq və ya dəyişdirilmə hallarında cihazın sizə məxsus olduğunu sübut etməyə kömək edir.
Mütəxəssis rəsmi qeydiyyatdan keçmiş, müştərilərlə müqavilə bağlayan və görülən işlərə zəmanət verən servis mərkəzlərinə üstünlük verilməsini məsləhət görür.
Telefon təmirdən geri alındıqdan sonra isə antivirus yoxlamasının aparılması və cihazda saxlanılmış bütün vacib parolların dəyişdirilməsi tövsiyə olunur. Bu addımlar şəxsi məlumatların təhlükəsizliyini artırmağa kömək edir.