“Vaxt bizim xeyrimizə işləmir” - Osman Gündüz

  • İlin yarısı keçib, artıq konkret nəticələr görünməlidir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbər heyəti arasında görüş keçirilib. Görüşün məqsədi Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə məlumat vermək, vətəndaş cəmiyyətinin rəylərini dinləmək olub. 3 saat davam edən görüşdə kifayət qədər açıq müzakirələr aparılıb, konkret məsələlər ətrafında fikir mübadiləsi və diskussiyalar olub.

Sherg.az xəbər verir ki, RİNN yanında İctimai Şuranın üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəqəmsal İnkişaf Şurasının ilk iclasından dərhal sonra belə bir görüşün keçirilməsinin təsadüfi olmadığını deyib. İRİA-nın Şurada verilən tapşırıqlar əsasında görüləcək işləri daha da konkretləşdirdiyini vurğulayan Osman Gündüz qeyd edib ki, görüşdə 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı, prioritet layihələr, qanunvericilik islahatları və icra mexanizmləri ilə bağlı geniş təqdimat keçirilib: “Təqdim olunan məlumatlardan görünür ki, artıq müəyyən hərəkətlilik başlayıb. Fəaliyyət Planı üzrə konkret istiqamətlər müəyyənləşdirilib, prioritet təşəbbüslər seçilib, dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt istiqamətləri üzrə məsul şəxslər təyin olunub. Bu şəxslərlə ilk koordinasiya görüşləri də artıq keçirilib. Ümumilikdə, İRİA-nın fəaliyyətində, açıqlamalarında və yanaşmalarında əvvəlki dövrlə müqayisədə canlanma və səylərin artdığı hiss olunur. Bu, müsbət tendensiyadır. Amma etiraf etməliyik ki, vaxt bizim xeyrimizə işləmir.

Süni intellekt, rəqəmsal dövlət və innovasiya sahələrində region ölkələrinin son illərdə daha sürətli irəlilədiyini müşahidə edirik. Azərbaycanda isə son dövrlərdə rəqəmsal transformasiya və süni intellektin tətbiqi istiqamətində müəyyən ləngimələr var. Bir çox dövlət və biznes layihələri gözləmə mövqeyində qalıb, sektorda dinamika zəifləyib.

Hesab edirəm ki, artıq inkişaf tempini ciddi şəkildə artırmağın vaxtıdır.

Rəqəmsal İnkişaf Şurasında da konkret tapşırıqlar verilib. Sektorun inkişafını sürətləndirmək üçün zəruri olan pulu ayıracaq şəxs də elə Şurada təmsil olunurdu. Ümid edirəm ona da tapşırıqlar verilib.

Hazırda əsas məsələ təsdiqlənən böyük layihələrin, yol xəritələrinin ləngimədən, operativ və effektiv icrasıdır”.

Şura üzvü qeyd edib ki, dövlət sifarişlərinin və layihələrin tezliklə başlanması, biznes sektorunun, elmi tədqiqatların və ekspertlərin prosesə daha fəal cəlb edilməsi vacibdir: “Düşünürəm ki, bu mərhələdə RİNN, İRİA və xüsusilə də Rəqəmsal İnkişaf Şurasının Katibliyi koordinasiya və icra mexanizmlərini daha da gücləndirməlidir. Hansısa "milli" statuslu qurumların adi, bəsit həllərinə zaman itirməli deyil İRİA. Rəqəmsal müavinlərdən ibarət daimi işlək olan bir Əlaqələndirmə Qrumu formalaşmalıdır. 

RİŞ-in toplantısından sonra gözlənti həm də odru ki, Katiblik bütün maraqlı tərəfləri bir yerə toplamalı, onları dinləməli və atılacaq addımlarla bağlı mesajlar verməlidir.

İlin artıq yarısı geridə qalıb. Qarşıdakı aylar təqdimatlar və planların müzakirəsi deyil, konkret nəticələrin əldə olunacağı dövr olmalıdır. Məhz bu nəticələr ölkəmizin rəqəmsal transformasiyasının, süni intellekt sahısinin sürətini və regionda rəqabət qabiliyyətini müəyyən edəcək”.