Banklar niyə bağlanır? – “Aldıqları krediti qaytara bilmirlər, məcburiyyətdən...”

2010-cu ildə təsis edilmiş Bank BTB ASC-nin iki filialı bağlanıb. ASC-nin “Ticarət” filialı artıq “Muğanbank”a satılıb. “Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçinin ixtisar olunması haqqında xəbərlər var. Bu proseslər  əmanətçiləri narahat edir. 

Bank üzrə hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, narahatlıq üçün ciddi səbəb yoxdur. O, Sherg.az –a açıqlamasında deyib ki, son beş ildə bank sistemində bu tendensiya artmaqdadır:

“Çünki bankların fəaliyyəti azaldıqca, xərcləri də azaltmalı olurlar. Bankın filiallarının bağlanması hələ onun fəaliyyətinin dayandırılması demək deyil. Hətta bankın  mövcudluğu təhlükə altında olsa belə, bu, narahatlığa əsas verməməlidir. Əmanətçilərin bankdakı 30 min manatadək sığorta edilmiş əmanətləri heç bir problemsiz kompensasiya ediləcək. Əgər əmanətin miqdarı daha çoxdursa, əmanətçilər onu bir neçə fiziki şəxs arasında bölməlidirlər. Məsələn, əmanət 100 min manatdırsa, insanlar onu 5 fiziki şəxs arasında bölərək gələcəkdə əmanətlərinin kompensasiya edilməsini təmin edə bilərlər”. 



Əkrəm Həsənov: “Əgər dövlət maliyyə yardımı göstərməsə, bu, bankın bağlanmasına heç bir şübhə yoxdur”


Ekspertin sözlərinə görə, bankların bağlanması onların aldıqları kreditləri qaytara bilməməsi, ya da bunu istəməməsi ilə bağlıdır: 

“Dediyim kimi, son vaxtlar bankların sayı azalır. Məsələn təxminən iki aydır ki, “Atabank”ın vəziyyəti ağırdır. Əgər dövlət maliyyə yardımı göstərməsə, bu, bankın bağlanmasına heç bir şübhə yoxdur. Çünki “Atabank” və onun kimi başqaları aldıqları kreditləri qaytara bilmirlər. Nəticədə isə müştərilər üçün çətinlik yaranır”.