“Koronavirusla laqeyd davranmaq olmaz, İtaliyadan nəticə çıxarmalıyıq”

“İtalyanlar açıq tekstlə elan edirlər ki, vəziyyətin bu həddə çatmasının səbəbi, məsələni öncədən ciddiyə almamaqla bağlıdır”

“Azərbaycanda durumun belə qalmasının səbəbi Azərbaycan dövlətinin, xüsusən, dövlət başçısı İlham Əliyevin atdığı təmkinli, səriştəli addımlardır”



"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) veb səhifəsinə baxmaqla görmək olar ki, dünya ölkələri hansı fəlakəti yaşayır".
Bunu "Sherg.az"a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.
JHİ rəhbəri vurğulayıb ki, 27 mart tarixli son məlumatlara əsasən, hazırda dünyada 536 min 454 nəfər "COVID-19"a yoluxub: 

"24 min 112 nəfər həyatını itirib. Bu hadisələr 2-ci, 3-cü dərəcəli dövlətlərdə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində baş verir. Amerika, Avropa ölkələri faciənin mərkəzindədirlər. Hazırda ən ciddi problem məhz inkişaf etmiş ölkələrdə qeydə alınır. Şükürlər olsun ki, Azərbaycan bu bəladan ən yaxşı formada qorunanların sırasındadır. Həm virusa yoluxanların, həm də yoluxma nəticəsində həyatını itirənlərin sayı ən aşağı həddədir. Amma buna arxayın olub sərbəst, laqeyd davranmaq olmaz.  Gözümüzün önündə nümunələr var. İtaliya kimi inkişaf etmiş dövlətdə bu günə qədər  80 min 589 nəfər virusa yoluxub, 8 min 215 nəfər həyatını itirib. ABŞ-da 85 min 755 nəfər yoluxub, 1 min 304 nəfər həyatını itirib. Nəzərə alsaq ki, bunlar dünyanın ən inkişaf etmiş, təminatlı ölkələridirlər, onda situasiyanı təsəvvür edə bilərik".



M.Ələsgərlinin sözlərinə görə, italyanlar açıq tekstlə elan edirlər ki, vəziyyətin bu həddə çatmasının səbəbi, məsələni öncədən ciddiyə almamaqla bağlıdır:

"Həm dövlətlər, həm də vətəndaşlar işi ciddiyə almayıblar. O zaman ayılıblar ki, virus sürətlə yayılıb, indi də qarşısında dura bilmirlər. Azərbaycanda cəmi 122 nəfər yoluxma, 3 nəfər ölüm halı var. Amma bununla arxayınlaşmaq olmaz, vəziyyət hər an ildırım sürəti ilə dəyişə bilər. Bizdə durumun belə qalmasının səbəbi Azərbaycan dövlətinin, xüsusən, dövlət başçısı İlham Əliyevin atdığı təmkinli, səriştəli addımlardır. Sosial izolyasiya, ardınca sərt karantin tədbirləri, qonşu ölkələrlə sərhədlərin zamanında bağlanması  durumu sabit saxlayıb, ciddi təlatümlər baş verməyib. Yəni dövlət öz üzərinə düşən işləri layiqincə yerinə yetirib. Amma qarşılığı adekvat olmazsa, yəni əhali sosial izolyasiya şərtlərinə, karantin şərtlərinə əməl etməzsə, vəziyyət hər an dəyişə bilər. İnsanlar bunu dərk etməli, dərk edənlər digərlərinə də izah etməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu