Xalq artisti SƏRT DANIŞDI: “...Sonu ölüm olacaq!” - MÜSAHİBƏ

“Mən də daxil olmaqla  bu milləti dahi şair  Mirzə Ələkbər Sabir ayılda bilmədi. Cəlil Məmmədquluzadənin dərddən ürəyi partlayıb  öldü”

“Bəlkə də, Allah insanı yaratdığı üçün peşman olub. İnsanlar tamamilə dəyişib”

“Əgər insan öz sağlamlığını ,ailəsini düşünmürsə , onun yerinə heç kəs can yandırmayacaq”

"Mən də arada  evdən çölə çıxmaq istəyirəm, amma getmirəm. Çörək almaq işini belə övladıma tapşırmışam"




Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan mübarizə davam edir. Dövlət xalqın təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görür.Lakin bəzi vətəndaşlar qaydalara əməl etmir, bütün çağırış və tövsiyələrə məhəl qoymurlar. Hökümət nümayəndələri ilə yanaşı incəsənət xadimləri də xalqa müraciət edərək onları məsuliyyətli olmağa səsləyir. Sağlamlıqları üçün evdə qalmağın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırırlar. 

Tanınmış aktyor, xalq artisti Rasim Balayevin də xalqa tövsiyələrini çatdırmaq üçün onunla həmsöhbət olduq:

-Koronavirus təhlükəsindən qorunmaq üçün xalqa nəyi məsləhət  görürsünüz ?

-Nə deyə bilərəm?! Nə söz varsa, hamısını Prezidentimiz söyləyib. Artıq xəstəlik əhalinin içərisindən yoluxur. Mən də daxil olmaqla  bu milləti dahi şair  Mirzə Ələkbər Sabir ayılda bilmədi. Cəlil Məmmədquluzadənin dərddən ürəyi partlayıb  öldü.

-Biz də məhz ona görə deyirik ki, bu qədər çağırışlara rəğmən yenə də qaydaları pozanlara rast gəlinir...

-Qanunlar qəbul olunursa,  hə kəs əməl etməlidir. Hər şey bizim xeyrimizədir. Hökumət deyir ki, oturun evdə maaşınızı verəcəm. Artıq nəynəməlidirlər. Bakıya giriş-çıxışlar məhdudlaşdırılıb. Dünən televiziyada gördüm, maşının baqajında rayondan Bakıya gəlməyə çalışırlar.  Belə iş olar? Bu millətə sözüm yoxdur. Sabirlər , Üzeyir Hacıbəyovlar , Mirzə Cəlillər  bizim milləti ayılda bilmədi. Yenə eyni millətdir. Sadəcə formamımız dəyişib. Əvvəllər əba geyinirdik,  indi kostyum. Keçmişdə at arabasında gəzirdik, indi maşında. Amma məzmun dəyişməyib. Millətimiz sözə qulaq asan deyil. Xeyirlə şəri ayırd edə bilmir. Hökumət rəhbərliyi , Nazirlər Kabineti  deyir ki, evdən çıxmayın. Bunun üçün çox ağıl lazım deyil. Biraz şüurlu olsalar, başa düşərlər ki, hökümət tapşırıq verirsə, deməli məsələ ciddidir.

-Qoca qitədə- Avropa ölkələrində də vəziyyət gərgindir. Məsələn, iddia olunur ki, italiyalılar da zamanında bu virusa ciddi yanaşmayıb. Amma indi bu ağrısını çəkirlər...

-İtaliyada olmuşam. Onlar da sözə qulaq asan millət deyil. Yadımdadır axşama qədər  qoca kişilər kafelərdə otururdular. Onlar evdə yemək yemirlər. Hamsı restoranlarda oturur. Xalqı  evə yığa bilmədilər. İndi tələf olurlar. Məsələn, Çində qayda və qanuna riayət etməklə təhlükənin qarşısını aldılar.
 
-Ölkəmizdə də bununla bağlı “Evdə qal” kampaniyası başladılıb. Sizcə, nəticəsi olacaqmı ? 

-Fikir vermək lazımdır. Nə deyim?! Prezident və digər səlahiyyətli şəxslər xalqa səslənir. Telekanallarda da çağırışlar olur ki, evdən çıxmayın.

 -65 yaşdan yuxarı şəxslərin evdən çıxmaması ilə bağlı qaydaya siz də əməl edirsinizmi ? 

-Mən də arada  evdən çölə çıxmaq istəyirəm, amma getmirəm. Çörək almaq işini belə övladıma tapşırmışam. 65 yaşından yuxarı insanlar qətiyyən evdən çıxmamalıdır. Çünki qocalara daha pis təsir göstərir.  Yaşlı insanlar söyləyir ki, "Mənə heç nə olmaz".  Sən kimsən ki?! Koronavirus  varlıya , kasıba baxmır. Hətta nazirləri yoluxan ölkələr var. Onu demək istəyirəm ki, mənim məsləhətim olsa nə olacaq, olmasa nə olacaq? Bu millətə deyilən sözlər təsir etmirsə, mən nə söyləyə bilərəm.

-Bir müddət əvvəl əməliyyat olunmuşdunuz. İndi səhhətiniz necədir ?

-Səhhətim yaxşıdır. Əməliyyat olundum. İndi yaxşılaşıram. Bir yandan da bu virus çıxdı. Mənim kimi əsəbləri yerində olmayan adamlara mənfi təsir göstərir.

-Virusun sizə nə kimi təsirləri olur ?

-Hər gün oturub fikirləşirəm. Elə bil Allah insanları imtahandan keçirir. Dünyanın tarazlılığı pozulub. Var dövlətli insanlar , kasıblıqdan varlananlar bir dəfə də olsun Allaha şükür etmirlər. Mənə elə gəlir ki,  bu, imtahandır. Özüdə bütün bəşəriyyəti  sınaqdan keçirir. Bəlkə də insanı yaratdığı üçün peşman olub. İnsanlar tamamilə dəyişib.Tək ölkəmizdəki deyil, bütün dünyada. Erməni yalandan deyir ki,  Qarabağ mənimdir. Rusiya Ukraynanı parçalayır. Məsələn, deyirlər Luqansk Milli Respublika ya da Donetsk milli respublika olsun. Sənin nə işin var axı?! Qoy Ukrayna öz işi ilə məşğul olsun. İsrayil deyir  dünya mənimdir. Allah da qəzəblənir ki , niyə bölüşdürürsünüz  yaratdıqlarımı? 

-Düşünür ki, bu həssas və kövrək məqamda əhaliyə müraciətiniz ölkəmiz, xalqımız və cəmiyyətimiz adına olduqca mühümdür...

-Koronavirusun müəyyən qaydaları , müalicəsi var.Əgər deyirlərsə bunu etməmək lazımdır, deməli olmaz. Evdən çıxma deyilir, amma gedib bütün gün çayxanalarda otururlar. Çayını evində iç. Deyiləsi çox söz var. O qədər səlahiyyətli adamlar izah ediblər. Başa düşsünlər. Fikirləşsinlər !  Əgər insan öz sağlamlığını ,ailəsini düşünmürsə , onun yerinə heç kəs can yandırmayacaq.  Evdən çıxma deyildiyi halda buna əməl etmirlərsə, sonu ölüm olacaq.

Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu