Dövlət vəziyyəti nəzərə alıb ciddi tədbirlər görür: "İş yerləri və özünüməşğulluq...”

"Azərbaycan dövlətinin kifayət qədər imkanları var və bu tədbirlər mərhələli şəkildə həyata keçiriləcəkdir”




“Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır”.
 Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.
Prezident bildirib ki, bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur: 

“Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bunu dəfələrlə, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha göstərir ki,  sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.



Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə isə “Sherg.az”a açıqlamasında deyib ki, pandemiya şəraitində alınan karantin tədbirlərindən iqtisadi baxımdan ən çox ziyan çəkənlər heç bir yığımı olmayan, gündəlik, həftəlik və ya aylıq gəliri ilə yaşayan əhali qruplarıdır:

 “Hazırda bu insanlar gəlir əldə etmək imkanlarından demək olar ki, tamamilə məhrum olmuş vəziyyətdədirlər və belə insanların sayı kifayət qədərdir. Şübhəsiz ki, dövlət bu insanların düşdüyü vəziyyəti nəzərə alıb bəzi tədbirlər görməli idi. Bu tədbirlər artıq görülür və ödənişli ictimai iş yerlərinin açılması, özünüməşğulluq proqramının genişləndirilməsi də bu tədbirlər sırasındadır. Bunlar düzgün tədbirlərdir və düşünürəm ki, imkan daxilində əhatə dairəsi və intensivliyi artırılmalıdır. Dövlət onu da nəzərə almalıdır ki, bu insanları gəlirlə təmin etmək, məcmu tələbin canlanmasına daha çox təsir göstərir. Çünkü bu insanların istehlak meyli çox yüksəkdir və əldə etdikləri gəlirin demək olar ki, hamısını qısa müddətdə xərcləyərək məcmu tələbi canlandırırlar. Bu isə indiki şəraitdə ölkədə iqtisadi aktivliyin və iqtisadi artım potensialının qorunmasına xidmət edir.  Digər tərəfdən,  Azərbaycanın bir cəmiyyət kimi sosial kapitalı nə qədər yüksək olsa da, gəlirlərdən məhrum olmuş bu qəbildən insan sayının kəskin artması cəmiyyətin sosial stabilliyini də poza bilər. Ona görə  də pandemiya şəraitində dövlətin bu əhali qruplarının vəziyyətini daim nəzarətdə saxlaması və vəziyyətə uyğun adekvat tədbirlər görməsi zəruridir. Düşünürəm ki, bunun üçün Azərbaycan dövlətinin kifayət qədər imkanları var və bu tədbirlər mərhələli şəkildə həyata keçiriləcəkdir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu