Diqqətli olun! - “Rahatlaşma yeni bir dalğa və acı nəticə gətirə bilər”

“Hamı sona kimi məsələyə məsuliyyətlə yanaşsa, tezliklə bu bəladan xilas ola biləcəyik”


"Bu gün dünyada bir sıra ekspertləri narahat edən məsələlərdən biri də, insanların arxayınlaşması səbəbindən pandemiyanın yenidən yayılması və  ciddi fəsadlar törətməsidir. Artıq bu tendensiya bir sıra ölkələrdə müşahidə olunur". 

Bu sözləri “Sherg.az”a millət vəkili  Ceyhun Məmmədov deyib.

Pandemiyaya tutulanların sayında artım müşahidə olunduğunu vurğulayan deputat karantin rejiminin yumşaldılmasının "təhlükə sovuşub getdi" kimi  qəbul olunmasını doğru hesab etmir:



“Təhlükə tam sovuşmayıb, bu rahatlaşma özü ilə bərabər yeni bir dalğa və acı nəticə gətirə bilər.

Yoluxanların sayında son artım bunu bir daha təsdiq edir. Ona görə hər bir ölkə vətəndaşı diqqətli və məsuliyyətli olmalıdır. Bu prosesdə iki tərəf var: biri dövlətdir. Dövlət üzərinə düşən vəzifəni maksimum yerinə yetirir. Məhz bu səbəbdən  hazırda Azərbaycanın pandemiya ilə mübarizəsi dünyada artıq nümunəvi model kimi qəbul olunaraq təqdir edilir.

Digəri isə  vətəndaşlardır.  Əgər bu bəladan tezliklə xilas olmaq istəyiriksə arxayınlaşmamalı, əksinə daha diqqətli və məsuliyyətli olmalı, ehtiyatı əldən verməməliyik. Məsuliyyətsiz yanaşma əvvəlki günlərdə gördüyümüz işlərə kölgə sala və xələl gətirə bilər. 
Vətəndaşların narahatlığını anlayırıq. Hamı tezliklə karantin rejiminin bitməsini, həyatın öz axarına qayıtmasını istəyir. Ancaq daha ciddi fəsadlarla və acı nəticələrlə üzləşməmək üçün karantin rejimindən çıxmaq üçün tələsməməli, Operativ Qərargahın qərarlarını tam yerinə yetirməliyik".

Pandemiya ilə mübarizədə  xeyli uğurlu məsafə qət etdiyimizi vurğulayan  deputat hesab edir ki,  qaydalara əməl etsək, tezliklə həyat öz normal axarına dönəcək:

"Təəssüf ki, az da olsa, son günlər insanlarımız arasında pandemiyaya məsuliyyətsiz yanaşanları da görürük. Bir qisim vətəndaş düşünür ki, artıq hər şey arxada qalıb, arxayınlaşmaq olar.  Qətiyyən belə deyil. Fürsətdən istifadə edərək üzümüzü həmin insanlara   tutaraq arxayın olmamağa və diqqətli olmağa çağırırıq. Hamı sona kimi məsələyə məsuliyyətlə yanaşsa, tezliklə bu bəladan xilas ola biləcəyik. Əks halda qaydalar yenidən sərtləşdirilə, karantin rejimi müddətinin uzadılmasına yenidən baxıla bilər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu