“Fransa Yunanıstanın mövqeyini gücləndirir” – Ankaraya manipulyasiya...

“Çünki Türkiyə Fransanın Avropa Birliyi, Orta Şərq, Afrikadakı ambisiyalarının qarşısında böyük bir maneədir”

"ABŞ- Türkiyə münasibətləri Fransanı narahat edən növbəti məsələdir”

“ABŞ-ın Orta Şərq siyasətində Türkiyəyə önəm verməsi Fransanın fəaliyyət sahəsini daraldır”



Aralıq dəniz sahillərində Türkiyəyə qarşı hücumlar və təzyiqlər dünya siyasətçilərinin diqqət mərkəzindədir. Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycana dəstək göstərən qardaş ölkə özü də düşmənlərlə, işğalçılarla mübarizə aparır. Yunanıstanın Antalya körfəzlərinə iddiası digər dünya dövlətlərini də bu və ya digər formada münaqişəyə qoşulmağa sövq edir.



BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bu barədə "Sherg.az"a danışarkən Fransanın Yunanıstanı dəstəklədiyini bildirib: 

"Türkiyə ilə Yunanıstan arasında dəniz sərhədlərinin delimitasiyası üzündən baş verən münaqişə artıq ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Fransa prezidenti Emmanuel Makronun Aralıq Dənizinə hərbi dəniz qüvvələrindən ibarət heyət göndərilməsini elan etməsi Yunanıstanda böyük sevincə səbəb oldu.Yunanıstanın  baş naziri Miçotakis Fransaya təşəkkür etdi. Kirit adalarında Fransa və Yunanıstan aid döyüş gəmiləri birlikdə görünməyə başladı.
Fransa prezidenti E.Makron da öz növbəsində Aralıq dənizinin şərqində hərbi qüvvələrinin sayının artıracağını sosial media vasitəsi ilə elan etdi".

Professorun fikrincə, Fransa Yunanıstanın yeganə ümid yeri idi: 

"Yunanıstan uzun müddətdir ki, Türkiyəyə qarşı münaqişəyə Avropa Birliyini və bu birliyə daxil olan ölkələri cəlb etməyə çalışır. Lakin bu günə qədər bu birlik Yunanıstana onun istədiyi səviyyədə dəstək verməyib. Bunun da səbəbi Avropa Birliyində Yunanıstanın iddialarının əsassız olmasını dərk etmələri və eyni zamnda Türkiyə ilə növbəti dəfə qarşı-qarşıya gəlmək istəməmələri olub.
Avropa Birliyindən istədiyi dəstəyi ala bilməyən Yunanıstan, əvvəlcə, İsrail, sonra isə Misirlə Aralıq Dənizində neft və qaz hasilatı ilə əlaqədar müqavilə imzaladı.

İsrail, təbii ki, müqavilənin əhatə etdiyi ərazinin münaqişəli olduğunu və Yunanıstanın onu Türkiyə ilə münaqişəyə cəlb etmək istədiyini başa düşərək geri çəkildi. Misir isə Türkiyə ilə Liviyadakı uğursuzluğun əvəzini çıxmaq üçün irəli çıxdı. Lakin Misirlə müqaviləni Avropa Birliyi heç də yaxşı qarşılamadı. Avropalılar Sisi hakimiyyətini ciddi qəbul etmir və bu ölkənin sərhədləri yaxınlığında geoloji tədqiqat aparmasına qarşı çıxırlar. Beləliklə, bütün ümidləri üzülən zaman Yunanıstanın yardımına Fransa yetişdi". 

Politoloq, həmçinin bildirib ki, Fransanın sözügedən addımı ciddi müzakirələrə səbəb olub: 

"Avropanın Almaniya, Böyük Britaniya, İtaliya kimi ölkələrindən və Amerika Birləşmiş Ştatlarında dəstək ala bilməyən Yunanıstana Fransanın yardımı birmənalı qarşılanmır. Bunun bir çox səbəbləri var. Əvvəla, Fransa Avropa Birliyi çərçivəsində Türkiyə üçün ən çox problem yaradan ölkədir. O, Türkiyəni Birlik daxilində nüfuzunun artmasına həmişə qısqanclıqla yanaşıb.

İkincisi,  ənənəvi erməni himayədarı olan Fransa erməni məsələsində həmişə daşnakları müdafiə edib və Türkiyəni günahlandırıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları və Türkiyə münasibətləri Fransanı narahat edən növbəti məsələdir. ABŞ-ın Orta Şərq siyasətində Türkiyəyə önəm verməsi Fransanın fəaliyyət sahəsini daraldır. Makronun Amerika prezidenti Donald Tramp “ tərbiyələndirilməsini” bu gənc prezident hələ də həzm edə bilmir.

Türkiyə Fransanın Afrikadakı, xüsusilə Liviyadakı uzaqgedən planlarını alt-üst etdi. Məlum olduğu kimi, burada Fransaya çatmalı olan 500 milyard dollarlıq bir məbləğdən söhbət gedir. Bu məbləği əldə etməyə yaxın olduğu bir vaxtda Türkiyənin müdaxiləsi vəziyyəti çətinləşdirdi. Görkəmli Türkiyəli politoloq, təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar münaqişə haqqında danışarkən bu barədə məlumat verib.

Azərbaycan-Ermənistan münaqişəsində Türkiyənin Azərbaycanın yanında yer tutması Fransanın ermənilər qarşısında digər öhdəliyinin həyat keçirilməsinə mane olur. Göründüyü kimi, Türkiyə Fransanın Avropa Birliyi, Orta Şərq, Afrikadakı ambisiyalarının qarşısında böyük bir maneədir. Buna görə də yaranmış vəziyyətdən istifadə edərək Fransa Aralıq Dənizinin Şərq hissəsinə dəniz qüvvələrini göndərdi və Yunanıstanın mövqeyini gücləndirdi".

Ə.İbrahimovun sözlərinə görə, Fransa bu müdaxiləsinə görə "ağrımayan başına duz bağlaya" da bilər:

"Düşünürəm ki, Fransa  və onun prezidenti E.Makron bu iki qonşu münaqişəsinə üçüncü tərəf qismində müdaxilə etməklə tələsdi. Çünki regionun və beynəlxalq aləmin nüfuzlu aktorları münaqişə ilə bağlı münasibət bildirməyiblər.

Onlar hələ gözləmə mövqeyindədirlər.  Amma ABŞ və Rusiyanın Fransa ilə eyni cərgədə yer ala biləcəyi heç gözlənilən deyil. Hər iki dövlət öz geostrateji maraqlı çərçivəsində hərəkət edəcəklər. Bu maraqların da Türkiyənin mövqeyi ilə ən azından yaxın olacağı şübhəsizdir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu