Xalqın birliyi bütün dərdlərin dərmanıdır

Psixoloq hesab edir ki, hər kəs öz vəzifəsini layiqincə icra edir, ovqatı belə də qorumaq lazımdır

Müharibə anlayışı psixoloji aspektdə ilk dəfə 1910-cu ildə araşdırılıb. Onu araşdıran ilk psixoloq “Savaşın əxlaqi dəyəri” mövzusunda məqalənin müəllifi Villyam Ceyms olub.

Adıçəkilən məqalədə Ceyms müharibənin həm ayrı-ayrı fərdlər, həm də bütöv bir toplum üzərindəki psixoloji təsirlərini önə çəkib. Onun fikrincə, müharibə kollektiv təhdid qarşısında birlik duyğusunu oyandırır, insanları bir-birinə bağlayır. Həm də yalnız müharibədə iştirak edən ordunu deyil, bütövlükdə bütün toplumu bir-birinə bağlayır və insanlarda Ceymsin “disiplin” olaraq adlandırdığı “kütləvi hədəflər”ə bağlılıq duyğusu yaradır. Müharibə yalnız əsgərlərə deyil, hər bir vətəndaşa ölkə üçün daha böyük bir yaxşılığın uğrunda şərəfli və vicdanlı şəkildə davranmaqları üçün ilham verir.  Dünyada dəfələrlə müharibələr baş verib. Azərbaycan xalqı da ta qədimdən bu günə qədər azadlığı uğrunda daim mübarizə aparıb, bu yolda saysız-hesabsız şəhidlər verib və əzmi ilə tarixdə iz qoyub. Bu gün də Azərbaycan Ordusu qızıl hərflərlə tarix yazmaqda davam edir. Bəs, ölkəmizdə bir aydır ki gedən müharibə insanlara hansı psixoloji təsirlər aşılayıb?

Psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında bildirib ki, müharibələr hər zaman insanların psixologiyasında silinməz izlər buraxır. Psixoloq diqqətə çatdırıb ki, xüsusilə yaxını cəbhədə olan, hər gün ondan xəbər gözləyənlərin psixoloji durumu bu dönəmdə həddən artıq çox zəifləyir:

"Əldə edilən təcrübələr onu deməyə əsas verir ki, müharibə iştirakçısı olmuş insanlarda sonradan posttrammatik stres yarana bilər. Bu isə əlbəttə, birdən-birə baş vermir.  İlk əvvəl kəskin stres reaksiyası yaranır. Aylarla davam edən döyüş gərginliyi və bunun gətirdiyi stres beynin müxtəlif hissələrini təşkil edən sinir sisteminin hüceyrələrində bərpası mümkün olmayan dəyişikliklərə səbəb olur. İnsanlar belə vəziyyətlərə düşdükdən sonra hər hansı bir tapşırığı yerinə yetirməkdə və ya yeni informasiya yadda saxlamaqda çətinlik çəkirlər. Beynin fəaliyyəti bir neçə müddət sakit mühitdə bərpa edilə bilir. Lakin uzunmüddətli streslər zamanı beynin düşdüyü vəziyyət hələlik öyrənilməmiş qalır. Müharibədə iştirak etmiş insanlarda çəkinmədən demək olar ki, müxtəlif formalı təşviş pozuntuları  yaranır. Bu isə fərdin ailə üzvləri üçün ciddi narahatlıqlara gətirib çıxara bilər. Yaxını cəbhədə olanların psixologiyasında  günlər keçdikcə daha çox narahatlıq yaranmağa başlayır".  

Psixoloq qeyd edib ki, xalq olaraq bu gün hər kəsin ruhən psixologiyası çox yüksək səviyyədədir:

"Artıq 30 ildir ki, ölkəmiz müharibə şəraitindədir və artıq vəziyyət aktiv fazaya keçib. Günbəgün xoş xəbərlər almaqdayıq. Təbii ki,  bu, xalqımızın əhval-ruhiyyəsini qaldırır. Hesab edirəm ki, bu müddətdə mənfi və neqativ emosiyalara qapılmamalıyıq. Hər hansı dezinformasiyalara inanmamalıyıq, internetdə gördüyümüz bir texnikanı, hərbiçilərimizin görüntülərini yerləşdirməməliyik. Əlbəttə, bu gün Azərbaycan xalqı bir-birilə dəstək və həmrəydir. Bizim xalqımızın hər zaman liderə ehtiyacı olub. Əslində bizim belə bir birləşməyə ehtiyacımız var idi. Bu gün hər kəs öz vəzifəsini layiqincə icra edir. Bu birliyi belə qorumaq lazımdır".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu