Respublikaçı Alternativ (REAL) hərəkatının partiyaya çevrilməsi istiqamətində proses davam edir. Bu barədə hərəkatın icra katibi Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, REAL-ın partiya quruculuğunda üstünlük verdiyi model hazırkı siyasi partiyaların strukturundan fərqlidir.
Hərəkatın 18 el məclisinin formalaşması prosesinə start verilib və artıq işlər yekunlaşmaq üzrədir: "Bütün el məclisləri formalaşdıqdan sonra qurultayın çağırılması və günün təyin olunması ilə bağlı qərar veriləcək. İşlərimiz yaxşı getsə, düşünürəm ki, bu ilin birinci yarısında partiyalaşma qurultayı keçirilə bilər”.
Təşəbbüsü alqışlayan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq”ə söyləyib ki, hər hansı bir siyasi ideologiya ətrafında birləşən insanlar siyasi partiya yaratmaq istəyirsə, buna heç kim maneə ola bilməz: "Azərbaycanda 20 ildən artıqdır ki, siyasi həyat davam edir. Bu illər ərzində demək olar ki, meydanda bütün çalarlı siyasi partiyalar olub. Doğrudur, hazırda bəzi ideologiyaya istinad edən təşkilatlar sıradan çıxıb. Partiyaların da xüsusiyyəti fərqlidir. 3 cür - ideoloji, lider və seçim partiyaları var. Yəni partiyaların yaradılması texnologiyasında müxtəlif üsullar mövcuddur. Bəzi partiyalar ideologiya əsasında formalaşır. Məsələn, sosilist, faşist və kommunist partiyaları mövcuddur. Bəzi qurumlar isə lider əsasında yaradılır. Bir nəfər görkəmli şəxsiyyət çıxır müəyyən insanlar onun şəxsiyyəti ətrafında toplaşır. Bir də seçim təşkilatları mövcuddur. Məsələn, ABŞ təşkilatları seçim partiyalarıdır. Orada təşkilatların yeganə funksiyası öz namizədlərinin seçki kampaniyasını təşkil etməkdən ibarətdir. Kadr partiyaları və seçim təşkilatları quruluşuna, nizamnaməsinə, proqramına görə fərqlənirlər. Ona görə də, ümumi şəkildə "partiya yaradırıq deməklə” hər şey bəlli olmur. Şəxsən bilmirəm söhbət hansı partiyadan gedir. Onlar necə partiya yaradacaqlar. Yaratsınlar, baxaq görək”.
REAL üzvlərinin əksəriyyətinin ABŞ-da təhsil aldığını deyən təşkilat sədrinin fikrincə, onlar ABŞ təcrübəsi əsasında seçki partiyası yarada bilərlər: "Amma bəri başdan hərəkatın iradəsi haqda nəsə deyə bilmərəm. Təbrik edirəm, uğurlar arzulayıram. Ümumiyyətlə xalqların gücü, qüdrəti onların təşkilatlanma qabiliyyəti ilə ölçülür. Xalq nə qədər yaxşı təşkilatlanıbsa, o qədər nizamlı və güclüdür. Hansı xalqda ki, partiyalar və qruplar yoxdur, o xalqlar amorfdur və dağılmağa məhkumdur. Bu baxımdan istənilən təşkilatın meydana çıxması alqışalayiq haldır”.
Ayyət Əhməd