Paşinyan istefa verəcək? – AKTUAL ŞƏRH 

Ermənistan  baş naziri Nikol Paşinyanı kəndir üzərində gəzən hoqqabaza bənzətsək, yəqin, yanılmarıq. Nə qədər ehtiyatlı, kiçik addımlar atsa da, hələlik yıxılmır. Amma ip getdikcə nazilir və baş nazirin vəziyyəti çətinləşir...
 Düşmən ölkədəki aksiyalar getdikcə artır. Sonuncu belə mitinq bir neçə gün əvvəl oldu. Çoxları Paşinyanın “dəfn olunacağını” gözləyirdi. Lakin o, hələ də hakimiyyətdədir. Müxalifət, o cümlədən “Qarabağ klanı” bütün imkanları ilə Paşinyanın gəzdiyi kəndiri kəsib, onu boğazına dolamağa çalışsalar da, hələlik nəyəsə nail ola bilməyiblər. Deyəsən, Paşinyan heç də göründüyü  kimi axmaq deyil. Hətta bəzən sərsəm bəyanatlar səsləndirsə belə...

 Ermənistandakı situasiyanı “Sherg.az”a təhlil edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmləri doktoru Sabir Məmmədlinin sözlərinə görə, hazırkı iqtidar “son nəfəsinədək” mübarizə aparacaq: 

“Əvvəla onu deyim ki, son aksiya heç də hərbi çevriliş deyildi. Çünki hərbçilərin fəaliyyətinə rast gəlinmədi. Nə baş nazir həbs edildi, nə də hansısa hökumət binası, o cümlədən parlament nəzarətə alındı. Sadəcə baş qərargah rəisi itaətsizlik göstərdi. İndi nə etmək barədə qərar vermək üçün prezident Armen Sarkisyanın bir neçə gün vaxtı var. Hər halda proseslər Paşinyanın axıradək mübarizə aparacağını göstərir. Onun  tərəfdarlarını mitinqə çıxarması təslim olmaq barədə düşünmədiyinin təzahürüdür. Əslində istefa vermək fikrinin olmadığını özü də dedi. Yəni Paşinyan müxalifətin təqdim etdiyi qədər zəif ziyasi fiqur deyil”.

S.Məmmədlinin sözlərinə görə, hazırkı iqtidar hələ bir müddət dəyişməyəcək:

“Müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, İran, Rusiya Ermənistandakı hadisələrlə bağlı bəyanat verərək bildirdilər ki, proseslər ancaq konstitusion qaydalar çərçivəsində həllini tapa bilər. Kreml Paşinyanı cəzalandırmaq istəyir. Buna baxmayaraq, onun hakimiyyətdə qalmasında maraqlıdır. Paşinyanın istefa verəcəyini və ya hansısa hərbi çevrilişin olacağını düşünmürəm. Proseslər tədircən səngiyəcək, ziddiyyətlər aradan qalxacaq. Kənardan nə qədər xaotik görünsə də, əslində daxili tarazlıq hələ ki, qorunur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu