Referendum olmayacaqsa, bu il avqustun sonu, sentyabrın əvvəllərində seçkilərin keçirilməsi ehtimalı yüksəkdir
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda öncə deputat Ramin Məmmədovun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar səsə qoyulub və təsdiqlənib. Bununla da, Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilib.
İclasın yekununda, sədr Məzahir Pənahov bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlıqların başlanması üçün göstəriş verib: "Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. Çünki yazda və payızda hazırlıqları daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”. Sədr qeyd edib ki, Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər: "Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o, daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır".
Məlumat üçün bildirək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayına düşür. Ancaq 11-24 noyabr tarixlərində ölkəmizdə beynəlxalq miqyaslı tədbir - COP29 keçiriləcək. Bu irimiqyaslı tədbiri, ölkəmizə ən azı 80 min qonağın və onlarla dövlət başçısı, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin gələcəyini nəzərə alaraq, seçkilərin vaxtının dəyişdirilməsi gündəmdədir. Konstitusiyaya görə, parlament seçkilərinin vaxtı uzadıla bilməz, bu halda parlament qeyri-legitim sayılır, ancaq qabağa çəkilə bilər. Buna görə də Azərbaycanda parlament seçkilərinin yay aylarına çəkiləcəyi gözlənilir.
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli "Sherg.az"a açıqlamasında deyib ki, aylar öncə növbədənkənar parlament seçkisinin keçirilməsinin vacib olduğunu vurğulayıblar. Partiya funksioneri bildirib ki, artıq Mərkəzi Seçki Komissiyasından da bənzər açıqlamalar gəldi:
"Qanunla Milli Məclisə növbəti seçkilər noyabr ayının ilk həftəsi olmalıdır. Çox güman ki, qərar qəbul edilərsə, seçkilər avqustun sonu, sentyabrın əvvəli keçiriləcək. Amma seçkilər gələn ilə də qala bilər. Bir şərtlə ki, ilk növbədə referendum keçirilsin. Əgər referendumda ölkənin qarşısında duran problemlərin həlli yolları ilə bağlı yeni təkliflər olarsa, konstitusiya islahatları aparılarsa, keçici maddə ilə parlament seçkilərini fevral-mart aylarına saxlamaq mümkündür. Ona görə də düşünürəm ki, referendum olmayacaqsa, avqustun sonu, sentyabrın əvvəllərində keçirilməsi ehtimalı yüksəkdir".