Dərsliklərimiz heç vaxt mükəmməl olmayıb

Bir məsələni 5 ali təhsilli insan həll edə bilmirsə, deməli o, həqiqətən çətindir

Zaman-zaman valideynlər aşağı sinif dərsliklərindəki çalışmaların, misalların çətinliyindən, uşaqların yaş səviyyəsinə uyğun olmamasından şikayətlənirlər.  Onlar haqlı iradlarını ya müəllimlərə, ya da sosial şəbəkələrdə aidiyyəti qurumlara bildirirlər. 

Bu yaxınlarda jurnalist Gülnar Baxşıyeva da sözügedən problem haqqında feysbuk səhifəsində status yazıb: “Azərbaycan Respublikası Təhsil Nazirliyi (qurumun səhifəsini tağ edib-.red), 2-ci sinif dərsliyinə saldığınız 5 nəfər ali təhsilli adam həll edə bilmirik. Bizmi savadsızıq, yoxsa sizin vəsaitlərmi yerində deyil?”. 

Həmkarımızın paylaşımına təhsil eksperti Kamran Əsədov da rəy əlavə edib: 

“Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”. 



Bu barədə “Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu məsələ ilə bağlı birmənalı fikir səsləndirməyin çətin olduğunu düşünür:

“Ona görə ki, dərslik hazırlamaq ağır işdir. İnanın ki, qrup şəklində dərslik hazırlamaq da uğursuz alınır. Çünki məsələlər mürəkkəb və vektorludur. Kimsə nəyisə yaddan çıxara bilir.

Bu proses zamanı ümumi müzakirə  olmalıdır. Sosial şəbəkələrdə qruplar var, orda dərslik variantlarını paylaşırsan, hər kəs öz fikrini yazır. Müəllim kollektivi yekun nəticəyə gəlir və onların ağlabatan təklifləri nəzərə alınır.

Bu da dərsliklərin həmişə mükəmməl olduğu mənasına gəlmir. Nöqsanlar da ola bilər.

Təəssüf ki, bəzən ciddi qüsurlar da görürük. Lakin bugünkü dərsliklərlə 10 il əvvəlkilərə baxanda  görürük ki, xeyli irəliləyiş var. Güman edirəm ki, problemlər də aradan qaldırılacaq.

Bir məsələni  5 ali təhsilli insan həll edə bilmirsə, deməli o, həqiqətən çətindir. 2011-2013-cü illərdə şagirdlərimiz beynəlxalq yarışlarda yaxşı nəticə göstərə bilməmişdilər.

Amma ordakı məsələlər belə çətin deyildi. Sadəcə biz istifadə etmirdik, yeni tipli idi. Kitabdakı bir çətin misalı şagird həll edə bilmirsə, onu məktəbdən qovmurlar, qiymətini aşağı salmırlar.

Müəllimə deyilməlidir, o da tənqidləri normal qarşılamalıdır. Yenə də təkrar edirəm, bu sahədə inkişaf müşahidə olunur. Hətta 2008-2009-cu illərdəki dərsliklərin hər səhifəsində qüsur var idi. Ona görə müəyyən təcrübə əsasında inkişaf gedir, gedəcək də”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu