Qazaxıstanlı jurnalist: “Burada Xocalı faciəsini bilməyənlər var” - Birləşməyin vaxtıdır!

“Qarabağdakı 44 günlük müharibə ərəfəsində Qırğızıstan, Qazaxıstan və Özbəkistandan dövlət səviyyəsində dəstək görmədim”

“İradımı yerli hökumətə də bildirdim”


Qırx dörd günlük Vətən savaşı dövründə Türkiyə başda olmaqla türkdilli dövlətlər Azərbaycanın həqiqətlərinə biganə qalmadılar. Ən azından ayrı-ayrı ictimai şəxslər bəyanatlar verdilər, rəsmi Bakını dəstəklədiklərini dedilər. Çünki onlar tarixi faktlara yaxşı bələddirlər. Belələrindən biri də Qazaxıstan Respublikasının ictimai xadimi, Qazaxıstan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq “Azərbaycan dünyası” jurnalının Qazaxıstandakı nümayəndəsi Nasixa Qumarqızıdır. O, son vaxtlar baş verənlərlə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:

- Siz Azərbaycanın haqq səsini dünyaya çatdıran, Qarabağ haqqında kitablar yazan ictimai xadimlərdənsiniz, ölkəmizlə bu qədər sıx əlaqələrinizin səbəbi nədir?

-  Qarabağ münaqişəsi haqqında hələ sovet dövründə eşitsəm də, onun otuz il davam etdiyini bilmirdim. 1992-ci ildə törədilən Xocalı faciəsindən, həmçinin digər qətliamlardan xəbərim var. İlk dəfə 2017-ci ildə Azərbaycana gəldim, gözəl Bakıda oldum. Sonradan təəssüratlarımdan ibarət “Bakı bir qazaxıstanlının gözü ilə” kitabını yazdım. Təqdimat ölkənizdəki televiziyalardan birinin canlı efirində həyata keçirildi. Azərbaycanda olarkən Qarabağ həqiqətləri haqqında daha çox öyrəndim. Ermənilərin balaca Zəhranı və nənəsini öldürdüklərini eşidəndə ruhumda hər şey alt-üst oldu. Körpə qız haqqında şeirlər yazıb Azərbaycandakı xəbər saytlarına göndərdim. Həmin şeirlər böyük sürətlə- cəmi iyirmi dəqiqəyə yayıldı. O vaxtdan sonra Qarabağla bağlı daha çox öyrənməyə, oxumağa başladım. Yəni mənim ölkənizlə əlaqələrim Xocalı faciəsi və balaca Zəhra sayəsində başladı. Azərbaycan xalqı bizim qardaşımızdır. Bunu unutmaq olmaz.

- Bəs Bakıda sonuncu dəfə nə vaxt olmusunuz?

- 2019-cu ildə. Bakı çox gözəl şəhərdir. Onu sevməmək mümkün deyil. Azərbaycanlıların vətənpərvərliyi, səbri və xoşməramlılığı ilə fəxr edirəm.

-  Qazaxıstan cəmiyyətinin və hökumətinin 44 günlük müharibəyə münasibəti necə oldu?

-  Təəssüf ki, hələ də Azərbaycanın faciəsinə biganə olanlar, Xocalı faciəsini bilməyənlər var. Mən həmin hadisə barədə xüsusi bir tədbir keçirmişdim, video, fotoşəkillər nümayiş etdirmişdim. Fərqli ölkələrdən gələnlər ağlayır və, nəhayət, həqiqəti öyrənirdilər. Müharibə günlərində Facebookda çox fəal idim. Hətta yeddi dəfə bloklandım. Təəssüf ki,  nə Qırğızıstan, nə Qazaxıstan, nə də Özbəkistandan dövlət səviyyəsində lazımi dəstəyi görmədim. İradımı yerli hökumətə də bildirdim. Beləliklə, iki həftə sonra dövlət başçımız Kasım Comərt- Tokayev Prezident İlham Əliyevə dəstək mesajı yazdı. Bir də Qazaxıstanın Azərbaycandakı səfiri Abdikərimov Serjan Oralbayeviç Gəncənin bombalanmasından sonra həmin şəhərə getdi, dağıntılarla tanış oldu. Ola bilsin, digər rəsmilər də dəstəklərini bildirdilər. Lakin mən bu barədə mediada nəsə görmədim.

- “Azərbaycan dünyası” jurnalı ay yarımlıq müddət ərzində nələr yazdı, hadisələrə necə yanaşdı?

-  Fəaliyyətim hər iki ölkənin məşhur insanları, həmçinin Qarabağ haqqında bacardığım qədər çox materialları ictimailəşdirməkdən ibarətdir. Silsilə məqalələr yazıram. Eyni zamanda Azərbaycanın qələbəsinə dair məqalə hazırladım. Jurnalın digər bir istiqaməti isə  “Qorqud ata”, yəni “Dədə Qorqud” irsinin təbliğidir. Mətbu orqanımız Eldar İsmayılovun prezidenti olduğu “Dədə Qorqud” Milli fondu ilə sıx əlaqəlidir. Ona görə uğurunuz barədə məqalə yazmağı özümə borc bildim.

- Bilirsiniz ki, türkdilli dövlətlər arasında inteqrasiya gedir. Kənar ölkələrin qısqanclığına rəğmən, sözügedən əməkdaşlığın perspektivi haqqında nə düşürsünüz?

-  Fikrimcə, bütün türkdilli ölkələrin birləşməyinin vaxtı çatıb. Türk dünyası yer üzündə sülhə sadiq qalan güclü bir gücdür. Həmçinin bizim hər birimiz müharibəyə qarşıyıq. Perspektivlərin çox böyük olduğunu nəzərə alsaq, hər şeyin yaxşı olacağına inanıram.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu