“Qoy, biri-birini qırsınlar”

Etimad Əsədov: “Araz Əlizadə ilə Akif Nağı biri-birinin tayıdır”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə arasında günlərdir davam edən qarşıdurma səngimək bilmir. Artıq mübahisə tənqid səviyyəsini aşıb. Mətbuata verdikləri açıqlamalar isə dəcəl məktəb uşaqlarının davranışını xatırladır.
Məsələn, A.Nağı "Araz Əlizadənin alnının ortasından bir yumruq vuracam, şok keçirəcək”, A.Əlizadənin isə "Akif Nağı mənə "xox gəlməsin”. Gənc vaxtlarımda uzun müddət idmanla məşğul olmuşam” deyə cavab verir. Əlbəttə, tanınmış şəxslərin mətbuatın gündəminə statsularına yaraşmayan qeyri-etik davranışlarla gəlməsi arzuolunan hal deyil. Eyni zamanda belə ucuz və səviyyəsiz yanaşmalar hər iki tərəfi gözdən, nüfuzdan salır.
Məsələyə münasibət bildirən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov "Şərq”ə söyləyib ki, biri millət vəkili, digəri isə Qarabağın adı ilə bağlı bir QHT rəhbəridir: "A.Əlizadənin toxunulmazlığı var. A.Nağının isə toxunulmazlığı yoxdur. Millət vəkilinin toxunulmazlığı olmasaydı, onunla bağlı daha kəskin ifadə işlədərdim. Amma bir el məsəli var: "Taylı tayını tapmasa, günü ah-vayla keçər”. Onlar yaxşı tapışıblar. İkisi də iç üzünü açıb ortaya qoydu. Azərbaycan xalqına əsl simalarını göstərdilər. A.Əlizadə sübut etdi ki, onun millətə heç bir xidməti yoxdur. A.Nağı da siyasi karyera qurmaqla məşğuldur. Əslinə qalsa, A.Nağı QHT sektorunda şou biznesin parlayan ulduzudur. Bu, onun göstəricisidir. Azərbaycanda kimdən soruşsan ki, Milli Məclisə oturmağa layiq olmayan adam kimdir. Hamı bir ağızla Araz Əlizadə deyəcək. Nə deyim, ikisi də biri-birinin tayıdır. Qoy, biri-birini qırsınlar. Camaat da baxıb, "cəmdəklərinə” tüpürsün”.
Aydın Baxış