ƏDV-yə sıfır dərəcəsi əlavə ediləcək

"Yükdaşımalar bazarında yerli şirkətlərin rəqabətə davamlılığı artırılır"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarda iştirak edən yerli şirkətlərlə onlayn formatda görüş keçirilib. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə əlavə edilib.

Tədbirdə müvafiq sahə üzrə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı qaldırılan məsələlərin və təkliflərin diqqətdə saxlanılacağı qeyd olunub, habelə daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi ilə bağlı Vergi siyasəti baş idarəsinin müvafiq strukturu ilə birlikdə müvafiq təlimatların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında qeyd edib ki, beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. O vurğulayıb ki, ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə də əlavə edilib:

"Nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyəti nədir? O, yükgöndərən müştəri və yükalan müştəri arasında vasitəçilik göstərən şirkətdir. Bunu ev alan və satan şəxsin arasında vasitəçi kimi iştirak edən maklerə də bənzətmək olar. Amma bu şirkətin bir çox öhdəlikləri var". 

R.Qarayev qeyd edib ki, Azərbaycanda ümumi uzunluğu 19 min kilometrdən artıq olan avtomobil yollarının 4,7 min km-dən çoxu respublika əhəmiyyətlidir: "Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin dediyinə görə, işğaldan azad edilmiş ərazilərimizin bərpasından sonra bu yollara daha 2 min km əlavə edilmiş olacaq. Azad edilmiş torpaqlar və Naxçıvan vasitəsilə açılacaq yeni beynəlxalq tranzit marşrutları nəqliyyat-logistika sektorunda iştirakçılar üçün imkanları daha da genişləndirəcək. Yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir. Orqanın da qeydindən aydın olur ki, bu sahənin inkişafı dövlətin diqqət mərkəzindədir. Beləliklə, yükdaşımalar bazarında yerli şirkətlərin rəqabətə davamlılığının artırılması məqsədilə ekspeditorların fəaliyyəti üzrə xidmətləri ƏDV-yə sıfır dərəcəsi ilə cəlb ediləcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu