“Əksərən gənclər “sevgim naminə mən bu fədakarlığı etdim” deyə mesaj verməyə çalışırlar”
Nakam sevgi...
Qız evindən “yox” cavabı alan gənc özünü yandırdı
“Əksərən gənclər “sevgim naminə mən bu fədakarlığı etdim” deyə mesaj verməyə çalışırlar”
“Əksərən gənclər “sevgim naminə mən bu fədakarlığı etdim” deyə mesaj verməyə çalışırlar”
Daha bir sevgi nağılı faciə ilə nəticələnib. İsmayıllı rayonunda sevdiyi qızın ailəsindən üçüncü dəfə "yox” cavabı alan oğlan özünü yandırıb. 29 yaşlı Elnur Dəmirov ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 29 yaşlı oğlan özünü sevdiyi qızın evinin qarşısında yandırıb: "Elnur həmin qızla ailə həyatı qurmaq istəyirdi. Amma qızın valideynləri buna razı deyildilər. Elnur sevdiyi qıza qovuşa bilmədiyi üçün bir neçə dəfə özünü öldürəcəyini demişdi. Heç kim buna inanmırdı. O, sonuncu dəfə sevdiyi qızgilə gedib, bu dəfə də razılıq ala bilməyib. Bundan qəzəblənən Elnur üstünə benzin tökərək yandırıb”.
Sevdiyi oğlan tərəfindən tərk edilən qızların, sevdiyi qadına qovuşa bilməyən oğlanların son çarə olaraq intihara əl atması halları ilə tez-tez rastlaşırıq. Görəsən, Allahın bizə bəxş etdiyi ən gözəl duyğulardan biri olan sevgi doğrudanmı həm də faciələrə yol açacaq qədər təhlükəlidir?
Əvvəllər də sevgi intiharlarının olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, dünyanın hazırkı inkişaf səviyyəsində bu cür hadisələr utancvericidir. Onun sözlərinə görə, bu hadisə bir daha göstərir ki, gənclər arasında maarifləndirici tədbirlər genişləndirilməli və onların həyata baxış forması təkmilləşdirilməlidir.
Sosioloq hesab edir ki, bir tərəfdən Azərbaycan xalqının adət-ənənələri, digər tərəfdən isə müasir dünyaya inteqrasiya istər-istəməz mənəvi dəyərlərin dəyişməsi ilə nəticələnir və sonda aşınmalara yol açır. Sosioloq insanlarda biganəliyin artdığını da deyib: "Əvvəllər insanlar biri-birinin qayğısına qalmaq, dərdini dinləmək, mənəvi dəstək olmaq kimi gözəl xüsusiyyətlərə sahib idi. Amma indiki cəmiyyət bu xüsusiyyətlərdən uzaqdır. Hər bir gənc özünü həmin gəncin yerinə qoymağı bacarmalıdır. Sevgiyə görə intihar edənləri qınamaq asandır. Kənardan döyüş asan görünür. Amma bir şeyi də anlamaq lazımdır ki, onun günahı sevmək və sevdiyi qıza qovuşmaq olub. Düzdür, o yaşda insanın yalnız emosiyalarla hərəkət etməsi məntiqə sığmır. Amma insanlar fərqli olduğu kimi, onların çətinliklərə dözümü də fərqli olur. Deyə bilərsiniz ki, qədim vaxtlarda da valideynlər iki sevən gənci ayırıb. Amma o vaxtın gəncləri buna qanunauyğunluq kimi baxırdı. Valideynin sözü söz idi. Qəlbi sınıq qalsa da, ata-anasının seçdiyi adamla ailə həyatı qururdu. Amma indi dövr o dövr deyil. Gənclər çox sərbəstləşib və öz hüquqlarını dərk etmək baxımından fərqlənirlər”.
Psixoloq Elnur Rüstəmovun fikrincə, intiharlara fərdi yanaşmaq lazımdır. Çünki fərdin özünün psixoloji durumundan çox şey asılıdır. "Əksərən gənclər "sevgim naminə mən bu fədakarlığı etdim” deyə mesaj verməyə çalışırlar. Qarşı tərəfə qarşı fədakarlıq yazılı və şifahi ədəbiyyatımızda da var. Məsələn, "Leyli və Məcnun”da Məcnun sevgilisini qorumaqdansa, çöllərə düşüb, sevgi üçün əzab çəkdiyini bəyan edir. "Kərəmi kül etdi Əsli həsrəti”ni boşuna demirlər ki? Bu artıq bizim şüurumuzda var. Doğrudur, ilk baxışdan 29 yaşlı bir adamın sevgiyə görə intihar eləməsi təəccüblü görünür. Adətən yeniyetmə qızlar, oğlanlar sevdiyinə qovuşa bilməyəndə intihara əl atır. Amma görünür, 29 mərhumun sadəcə bioloji yaşıdır. Biz bilmirik ki, həmin gəncin intellekti 29 yaşa uyğun səviyyədə olub, ya yox. Sevginin yaşı yoxdur, bunu hər kəs qəbul edir. Amma sevdiyi qızı ailəsi vermir intihar etmək nə deməkdir? Bir qız üçün ölməyə dəyərmi? Hesab edirəm ki, intiharın təfərrüatları araşdırılmalı və konkret səbəbləri tapılmalıdır. Ola bilsin ki, həmin gənc affekt vəziyyətində olarkən intihar qərarını verib. Bəlkə də, qızı ona vermirlər deyə dost-tanışları arasında biabır olmaqdan ehtiyatlandığı üçün özünü yandırıb? Amma səbəb nə olursa-olsun, intihar yolverilməzdir. Əgər intihar edən gənc sevdiyi qızla qovuşa bilməyibsə, deməli, Allahın qisməti beləymiş! Bu qədər israr etmək və sonda canına qıymağa nə ehtiyac var axı ki. Hesab edirəm ki, bu cür hallarla bağlı gənclər arasında profilaktik tədbirlər aparılmalıdır. Valideynlər də xüsusilə diqqətli olmalıdırlar. Ailəmizdə münasibətləri yaxşılaşdıra, özümüzü həyatda aktuallaşdıra bilsək, həyatımız da gözəl olar”.
Valideynlərin israrına gəldikdə isə psixoloq deyib ki, ailələrin gənclərin seçiminə müdaxiləsi düzgün deyil: "Biz görürük ki, bütün boşanmaların, ailədaxili konfliktlərin arxasında valideynlərin "əl”i olur. Valideyn övladının sevib-seçdiyi adamın hansısa xüsusiyyətini bəyənməyə bilər, amma israrla onları ayırmağa çalışmamalıdır. Əsl və qarşılıqlı sevgiyə valideyn müdaxiləsi düzgün deyil. Çox təəssüflər olsun ki, bizdə valideyn-övlad münasibətləri o qədər də yaxşı deyil. Əksər valideynlər övladlarına "pult”la idarə edəcəyi bir əşya kimi baxır. Hamısının da ən böyük arzusu qızını varlı oğlanla, oğlunu da varlı qızı ilə evləndirməkdir. Hansı ki ailədə əsas şərt pul, maddiyyat yox, sevgi və hörmətdir. Sevgi sərhəd bilmədiyi kimi var-dövlətlə də ölçülmür. Əsl sevgi yolunda şah da, dilənçi də eynidir”.