Dağ kəndlərində müəllimlərə ehtiyac var

“Vakansiya olan kəndlərə, rayonlara getmələdirlər. Düşünürəm ki, yalnız şəhər məktəblərindəki yerlərin boşalmasını gözləmək olmaz”
Amma gənclər gedib ucqarlarda işləmək istəmirlər



Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsahibə mərhələsinə müvafiq keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2371 nəfər dəvət olunub. Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb. Namizədlərin müsahibə nəticələri şəxsi səhifələrində yerləşdirilib.

Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcək. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər 30 avqust 2016-cı il tarixədək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Bal toplayan müəllim namizədləri isə şəhərdə vakansiyaların azlığı gileyləndirir. Onlar bildirirlər ki, ucqar kənd məktəblərinə qəbul olurlar, gedib orada işləmək alınmır. Məsələ ilə bağlı Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü "Şərq”ə açıqlamasında rayon məktəblərində iki minə yaxın müəllim çatışmazlığı olduğunu deyib: "Azərbaycanın xüsusən dağ kəndlərində müəllimlərə ehtiyac var. İmtahanlardan sonra Təhsil Nazirliyi müsahibə elan edir. Burada keçid balını toplayan şəxslər iştirak edirlər və müsahibəyə qatılanlar mövcüd olan vakant yerlərin harada olduğunu bilərək gəlir. Keçid balını toplamış olan müəllim namizədlər şəhərdə boş vakansiya olmadığı üçün şikayətlənməli deyil. Namizədlərə tövsiyəm vakansiya olan kəndlərə, rayonlara getmələridir. Düşünürəm ki, yalnız şəhər məktəblərindəki yerlərin boşalmasını gözləmək olmaz. Şəhər məktəblərində müəllim çatışmazlığı tamamilə aradan qaldırılıb. Kadr azlığı əsasən kənd və rayon yerlərindədir”.

Yeganə