Səfəvişünas alim anıldı

MEA-nın Tarix İnstitutu Oqtay Əfəndiyevin 90 illiyini qeyd etdi



Dünən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə görkəmli səfəvişünas-alim Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib. Tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru, professor, millət vəkili Yaqub Mahmudov deyib ki, uzun illər Tarix İnstitutunda "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmiş Oqtay Əfəndiyev xarici ölkələrdə tarix elmimizi layiqincə təmsil edib:

"Müstəqillik tariximizin, qüdrətli tarixi keçmişə malik olmağımızın dilə gətirilməsi yasaq olduğu bir zamanda Oqtay Əfəndiyevin pantürkizm vahiməsindən qorxmayaraq, ilk dəfə Azərbaycanda Səfəvi Tarixinə ayrıca bir monoqrafiya həsr edib. Bununla yanaşı, sovet, İran, eləcə də bir çox xarici ölkə tarixçilərinin ümumi axınına qarşı gedərək tarixi həqiqəti üzə çıxarıb və Səfəviləri Azərbaycan dövləti kimi təqdim edib. Əlbəttə, bu, böyük cəsarət idi. Tarixçi-alim milli ruhlu tarixçi kadrların yetişməsində həlledici rol oynayıb”. Yaqub Mahmudov bildirib ki, Oqtay Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti” əsəri Azərbaycan tarixinə verilmiş ən böyük töhfədir: "Bu əsər səmada şimşək effekti verdi. Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti” əsərini yazmaqla, orta əsrlər tariximizin araşdırılmasına təkan verdi, bu əsərlə Azərbaycan tarixinə öz möhürünü vurdu. Oqtay Əfəndiyevin araşdırmaları bu gün də aktualdır”.

"Bir çox ölkələrdə şərəfli dövrümüz olan Səfəvilər İran dövləti kimi qələmə verilir”

Tarix İnstitutunun direktoru deyib ki, dünyanın bir çox ölkələrində, "Vikipediya”da, başqa-başqa ensiklopediyalarda Azərbaycan Səfəvilər dövləti İran dövləti kimi təqdim olunur: "Əgər bir xalqın dövlətçilik tarixi təhrif olunursa, şəxsiyyətləri əlindən alınırsa, xalqın keçmişi yadlaşır və tarix səhifəsindən silinib gedir. Bu baxımdan bizim üçün ən əhəmiyyətli məsələ dövlətçilik tariximizin dərindən öyrənilməsidir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə araşdırma aparan tarixçilər əngəllərlə qarşılaşıblar. Xüsusən müstəqillikdən əvvəlki dövrdə, Gülüstan və Türkmənçay müqaviləsindən sonra milli tariximizin unutdurulması üçün ciddi konseptual işlər görülüb. Bu işlər bu gün də davam etdirilir. Ona görə də mübarizəmizi davam etdirməliyik. Çünki dünyanın bir çox ölkələrində bizim şərəfli tariximiz olan Səfəvi dövləti İran dövləti kimi qələmə verilir. Əksər tarixçilər Səfəviləri Azərbaycan tarixinə aid etmirlər. Sovet dövründə bunu məqsədyönlü şəkildə edirdilər. Məqsəd Şimali Azərbaycanda xalqın dövlətçilik tarixini unutdurmaq idi. İndi çox yerdə deyirlər ki, AMEA-nın Tarix İnstitutunun işi erməniləri ifşa etməkdir. Mən sizə bir məsələni deyim ki, uzun illər Moskvada və dünyanın bir çox yerlərində yerləşən tarixi mərkəzlərdə erməni "tarixçilər” cildlərlə uydurma əsərlər yazıblar. Onların hamısı Azərbaycanın, ümumiyyətlə, türk dünyasının əleyhinə olub.

"Səfəvilər Azərbaycan dövlətidir”

Professor Yaqub Mahmudov bildirib ki, azərbaycanlı tarixçilər qonşu İranla mehriban dostluq münasibətlərinə sadiqdir. Lakin elmdə mübahisələr davam etdirilməlidir: "Bəzən elə hallar olur
ki, tarixçilərimiz susmağa məcbur olur. 80-ci illərdə Tokioda keçirilən konfransda iranlı tarixçi Firuz Mənsuri Səfəvilərin Azərbaycana aidiyyəti olmadığını, Xətai adlı şairin olmadığını demişdi. Bizim orada iştirak edən tarixçilərimiz ona cavab verməmişdi. Sonradan biz Firuz Mənsuriyə cavab verdik. Bu cür fikirlər indi də var. Səfəvilər Azərbaycan dövlətidir. Biz imperiya yaradan xalqlardanıq. Bu, Ağqoyunlulara da, Qaraqoyunlulara da, Eldənizlərə də aiddir”. Y.Mahmudov onu da qeyd edib ki, bu gün Azərbaycanda Səfəvilər dövlətinə, Şah İsmayıla qara yaxan qüvvələr var.

"Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub

Yaqub Mahmudov məlumat verib ki, XVI əsrdə yaşamış görkəmli tarixçi Həsən bəy Rumlunun çoxcildli "Əhsən ət-təvarix” ("Tarix kitablarının ən yaxşısı”) əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub: "Əsərin I cildi artıq çapa hazırlanır. Kitabın tərcüməçisi tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir. "Əhsən ət-təvarix” çox cildliyində I Şah İsmayılla II Şah İsmayılın hakimiyyət illəri təsvir olunub.

"Nüfuzlu alimin əsərləri bir çox xarici dillərə tərcümə olunub”

AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə bildirib ki, Oqtay Əfəndiyev səfəvişünaslıqda böyük iz qoyub: "Dünyanın tanınmış alimləri bu gün də O.Əfəndiyevin əsərlərinə istinad edirlər. Nüfuzlu alimin əsərləri bir çox xarici dillərə tərcümə olunub. Onun elmi əsərləri XV-XVIII əsr Azərbaycan tarixinin çətin problemlərinə - Azərbaycan dövlətinin sosial-iqtisadi, siyasi tarixi, beynəlxalq əlaqələri, Şərq və Avropa dillərindəki mənbələrin nəşri, tarixi-coğrafiya məsələlərinə həsr olunub”. Daha sonra Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli, professor Şahin Fazil, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov və başqaları çıxış ediblər.

"Oqtay Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirib”

Məlumat üçün bildirək ki, Oqtay Əbdülkərim oğlu Əfəndiyev 1926-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirib, SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. O.Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi sayılır. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut edib. Onun araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki, tədqiq edilməmişdi. Oqtay Əfəndiyev öz elmi fəaliyyəti ərzində azərbaycanca, türkcə, rusca, ingiliscə, fransızca, farsca 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə nəşr etdirib. Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda çap olunub. Əfəndiyevin məqalələri başlıca olaraq Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi və sosial-iqtisadi tarixinin çoxşaxəli tədqiqinə, həmin dövr tariximizin mənbəşünaslığına və tarixşünaslığına həsr edilib.

Uzun illər ərzində AMEA Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik edən Oqtay Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirib. Alim 2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə, 87 yaşında Bakı şəhərində vəfat edib.

İsmayıl