Müşfiqin abidəsi çox ağır gəldi

Büstü sökənlər cəmiyyətin təpkisindən sonra şairi “yerinə” qaytaracaqlarına söz verdilər
Mikayıl Müşfiqin büstünün yerindən götürülməsi məsələsi iki gündür cəmiyyətdə ajiotaj doğurub. "Azəravtoyol” ASC tərəfindən atılan bu addımı Müşfiqə qarşı hörmətsizlik kimi dəyərləndirən ziyalılar ciddi narazılıq ediblər. Mədəniyyət Nazirliyi "Azəravtoyol” ASC-ni kəskin tənqid edərək, hətta məhkəməyə üz tutacağını elan edib. Sonradan isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şəxsən özü mətbuata açıqlama verərək Mikayıl Müşfiqin abidəsinin götürülməsinin hamını sarsıtdığını deyib:
"Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır”. Nazir bu faktı Azərbaycan qanunlarına hörmətsizlik kimi dəyərləndirib: 
"Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq "Azəravtoyol”un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Mən əminəm ki, bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq”.
Qeyd edək ki, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, "Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib: "Bu, vandalizm və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”. N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən "Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.
Yazıçı, millət vəkili Aqil Abbas "Şərq”ə açıqlamasında Müşfiqin heykəlinin 15 il bundan əvvəl söküldüyünü deyib:
"Mikayıl Müşfiqin heykəlinin arxasında böyük bir kitab mağazası vardı. Hamımız da gedib oradan kitab alırdıq. Amma 15 il bundan əvvəl həmin kitab evini bağlayıb yerində restoran açdılar. Kitab rəflərinin yerini içki stendləri ilə doldurdular. Bir vaxtlar bizim
kitab almaq üçün baş çəkdiyimiz mağazada artıq insanlar yemək yeyib, araq içməyə başladılar. O zaman "Ədalət” qəzeti vasitəsilə mən bu hadisəyə etiraz etdim, amma bir nəfər dəstək vermədi. Müşfiqin heykəlinin bu günə qədər orada qalması heç bir məna ifadə etmirdi. Onun heykəlini həmin kitab mağazasını söküb yerində restoran açanda dağıtmışdılar”.
Aqil Abbasın sözlərinə görə, Mikayıl Müşfiqin heykəlinin Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən Rəssamlar İttifaqının razılığını almadan götürmək xoşagəlməz hal olsa da, "Azəravtoyol” ASC tərəfindən məsələyə aydınlıq gətirilməsi məsələ ətrafında yaranan ajiotajı sakitləşdirməlidir: 
"Mənim sözüm bu gün Müşfiqin heykəlinin götürülməsini böyük bir faciəyə çevirənlərədir. Bir halda ki, Anar Nəcəfli təmsil etdiyi qurum adından təmirdən sonra həmin heykəlin yerinə qoyulacağını deyib, bu qədər səs-küyə nə ehtiyac var?! Əgər o heykəl yerinə qaytarılmasa, bax mən o zaman dava edib, əsəbi sözlər deyəcəm”. 
Millət vəkilinin sözlərinə görə, Müşfiqin heykəlinin müvəqqəti olaraq götürülməsinə etiraz edən insanlar belə bir ajiotajı 15 il bundan əvvəl Müşfiqin heykəlinin arxasındakı kitab mağazası söküləndə salmalıydı: 
"Bu daha önəmli məsələ olduğu halda heç kim mənə dəstək vermədi. Müşfiqin heykəlinin həmin yerdə olub-olmamasının nə fərqi var? Onsuz da mənim, sənin, hamının ürəyində Mikayıl Müşfiqin heykəli var. Heykəli burdan götürüb, ora qoymaqla dünya dağılmaz. Əsas odur ki, Azərbaycan xalqının ürəyindəki Müşfiq heykəlini dağıtmağa heç kəsin gücü çatmaz. Əsas biganəlik oradakı kitab mağazası sökülən zaman göstərilən susqunluq idi. Həmin kitab mağazasından kitab alan, oxuyan hər kəs geri qayıdanda mütləq yolunu Müşfiqin abidəsi önündən salır, ona rəhmət oxuyurdu. Amma bu gün kitab evinin yerində açılan restoranda araq içənlər heç bilmir ki, Müşfiq kimdir, nəçidir. Bəlkə də çoxları onun Sovet İttifaqı qəhrəmanı olduğunu zənn edir”.
Kitab mağazasının açılması ilə bağlı xəbərlərə rast gələndə ürəyi açıldığını vurğulayan millət vəkili sevinir ki, son bir neçə illə müqayisədə bu aralar kitaba qarşı xoş münasibət sərgilənməyə başlayıb.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq: "Həmin ərazidəki "Statistika dairəsi” ləğv ediləcək. Geniş park salınacaq. Müşfiqin büstü də həmin parkda ucaldılacaq. Düşünürəm ki, bu, Müşfiqsevərlər üçün xoş xəbərdir.
Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq. İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə yönləndiriləcək. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə yaradılacaq. O yol da genişləndiriləcək. Paralel yol yaradılacaq. Nərimanov prospekti Nərimanov heykəlinə doğru bir istiqamətli olacaq. Əks istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən qurulur. Əks istiqamətdə avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsilə Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və "Statistika dairəsi”nin yanında birləşdirilir. Sırf 5000 kv.m-lik ərazidə yeni park olacaq. Mikayıl Müşfiqin də büstü ora qoyulacaq. Hesab edirəm ki, bu park görkəmli şairimizin adına layiq olacaq. "Sovetski” ərazisində bu kimi dəyişikliklər planı ötən əsrdən var idi. Mərhum Prezident Heydər Əliyevin arzusu idi bu işləri həyata keçirmək. İndi də bu işlər cənab Prezidentimiz İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilir. Bu işlərin bir hissəsinə Füzuli küçəsinin genişləndirilməsi ilə 2014-cü ildə start verilib. Müşfiq parkının salınması da bu planın tərkib hissəsidir”.
Şəymən