Dərs saatları pedaqoji şuranın qərarı ilə bölünsə, daha ədalətli olar
Bu, ciddi rəqəmdir”
10 min müəllim yeri uğrunda 50 mindən çox adam mübarizə aparır
Dərs saatları pedaqoji şuranın qərarı ilə bölünsə, daha ədalətli olar
Dərs saatları pedaqoji şuranın qərarı ilə bölünsə, daha ədalətli olar
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Test imtahanlarının Azərbaycan Texniki Universitetinin (ATU) idman zalında mərhələli şəkildə keçiriləcəyini bildirən sektor müdirinin sözlərinə görə, vakansiyalar bu həftə elan ediləcək: "Bundan sonra isə test imtahan mərhələsinin keçirilməsinə başlanılacaq. Bu il minlərlə vakansiyanın təqdim olunması gözlənilir. Vakansiyaların da sayı artmaqdadır. Bütün regionlarda, bütün ixtisas fənləri üzrə - istər Azərbaycan dili-ədəbiyyat, istər kimya, istər riyaziyyat, istərsə də fizika və digər bütün fənlər üzrə vakansiyalar təqdim olunacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb. İyulun 1-dən 14-dək davam edən proses zamanı 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizəsini təsdiq edib.
Azərbaycanda orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulunun 2009-cu ildən etibarən mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini deyən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, ilk dəfə olaraq Bakı şəhərində həyata keçirilən bu tədbir, 2011-ci ildən etibarən bütün ölkə ərazisində yerləşən orta məktəblərə şamil olunmağa başladı:
"Bu il isə müəllimlərin 2014-cü ildən başlanan diaqnostik qiymətləndirilməsindən sonra zəif nəticə göstərən müəllimlərin, sənədlərində problem olan müəllimlərin dərs saatlarının azaldılması hesabına böyük sayda vakant müəllim yeri imtahan üçün çıxarıldı. 10 mindən çox vakant müəllim yerinə 50 mindən çox elektron ərizə qəbulu həyata keçirilib. Bu əlbəttə ki, ciddi rəqəmdir”.
Ekspert həmçinin müəllimlər arasındakı dərs bölgüsünün hansı formada olmasını da diqqətə çatdırıb:
"Eyni ixtisaslı bütün müəllimlərə əgər həmin ixtisasdan dərs saatları kifayət həcmdədirsə, müəllimlər arasında 18 dərs saatı olmaqla bölünür. Eyni ixtisaslı hər müəllim 18 dərs saatı ilə təmin olunduqdan sonra qalan dərslər diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər arasında bölünür. Əgər məktəbdə eyni ixtisaslı hər müəllimə 18 dərs saatı çatıbsa, diaqnostik qiymətləndirmədən aşağı nəticə göstərən müəllimə 18 saatdan az dərs saatı verilməsi qanunvericiliyə ziddir. Diaqnostik qiymətləndirmədən yüksək nəticə göstərən müəllimlərə daha artıq dərs yalnız o zaman verilə bilər ki bütün eyni ixtisaslı müəllimlər minimum 18 saat dərs saatı ilə təmin olunsunlar.
Əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa, o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir. Diaqnostik qiymətləndirmənin nəticəsi bu zaman dərs bölgüsündə rol oynaya bilməz.
Əgər həmin ixtisasdan məktəbdə müəllim yoxdursa və vakansiya veriləndən sonra belə həmin məktəbə müəllim göndərilməyibsə, saathesabı və əvəzçiliklə ixtisas müəllimləri dəvət olunmalıdır. Bu mümkün olmadıqdan sonra bu dərs saatları peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, həmin fənn üzrə kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş, diaqnostik qiymətləndirmədən yüksək nəticə göstərən digər fənn müəllimlərinə verilməlidir. Bu dərs saatlarının müəllimlərin sosial məsələlərinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir. Bu halda dərs saatlarını məktəbin ali idarəedici orqanı olan pedaqoji şuranın qərarı ilə hansı müəllimə verilməsi məsələsi həll olunarsa, daha ədalətli olar.
"Həyat bilgisi” fənni üzrə ayrıca ixtisas müəllimi olmadığı üçün onun tədrisi bu fənnin kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş, diaqnostik qiymətləndirmədə yüksək bal toplayan tarix, coğrafiya, fizika, kimya, biologiya müəllimlərindən birinə həvalə edilməlidir. Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə saatlar məktəbin ali idarəetmə orqanı olan pedaqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, diaqnostik qiymətləndirmədən yüksək bal toplayan qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən hər hansı birinə verilməlidir. Bu dərs saatlarının müəllimlərin sosial məsələlərinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir.
Dərsdənkənar məşğələyə ayrılan dərs saatlarının bir qismi Təhsil Nazirliyinin əmri ilə müəyyən fənlərin tədrisinə ayrılır və bu dərslərin təyinatının dəyişdirilməsi yolverilməzdir. Dərsdənkənar məşğələyə ayrılan digər dərs saatları isə peşəkarlıq səviyyəsi yüksək olan və diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən fənn müəllimləri arasında bölünür. Bu dərs saatlarının müəllimlərin sosial məsələlərinin həlli məqsədi ilə bölünməsi qanunvericiliyə ziddir. Bu halda dərs saatlarını məktəbin ali idarəedici orqanı olan pedaqoji şuranın qərarı ilə hansı müəllimə verilməsi məsələsi həll olunarsa, daha ədalətli olar.
Fənn dərnəklərinə rəhbərlik ilkin dərs bölgüsü zamanı müəllimlərə həvalə edilmir. Dərnək rəhbərliyi yalnız yeni dərs ilindən məktəbdə dərnəyi təşkil etməyə maddi-texniki baza və kadr olduğu halda şagirdlərin meyl və maraqlarına uyğun fənn müəllimlərinə həvalə edilir. Fənn dərnəkləri dərs saatı olmadığı üçün o üstünlük verilməklə müəllimlər arasında bölünməlidir. Yəni fənn dərnəyi 1, 0,5 və ya 0,25 "stavka” hesabı ilə müəllimlər arasında bölünür. Bir "stavka” 12 saat dərsə bərabər tutulsa da, dərnəyin 1, 2 və 4 saat hesabı ilə bölünməsi düzgün deyil. Fənn dərnəklərinə rəhbərliyin müəllimlərin sosial məsələlərinin həlli məqsədi ilə verilməsi qanunvericiliyə ziddir”.
Yeganə Bayramova