“Seriallarımız az qala uyuşdurucu funksiyasını yerinə yetirir”

Eldəniz Quliyev: “Bu dəqiqə bir çox kino, serial çəkən rejissora elementar əlifbanı soruşsan, inanın bilmirlər”



Azərbaycan kinosunun bugünkü durumu bəzi hallarda "Sos” deməyə, təbii səsini eşitdirməyə vadar edir. Niyə kinomuza rəhmət diləyənlərin sayı çoxalıb? Son illər kinomuzda nə baş verir? Azərbaycan kinosunun bu günündən azərbaycanlı ssenarist, kinodramaturq Eldəniz Quliyev "Şərq”də danışdı.

- Azərbaycan kinosu bu gün çox pis durumdadı. Bunun bir çox səbəbləri var. Birincilərin sırasında ən böyük səbəbi kinoya qeyri-peşəkarların gəlişidi. Kino çox məsuliyyətli bir yaradıcılıq növüdü və bunun mütəxəssisləri olmalıdı. Çox təəssüf ki, Azərbaycanda kino mütəxəssisləri barmaqla sayılacaq qədər az qalıb. Bu gün də aydın görünür ki, kinonu kinodan xəbərsiz insanlar çəkir. Özülü bərk olmayan bina necə tez dağılırsa, bizdə bu gün çəkilən filmlərin də özülü möhkəm deyil. Bizdə bu gün nə cəmiyyətin, nə kinoya nəzarət edən dövlət qurumlarının kinoya münasibəti qənaətbəxş deyil. Kino çox bahalı bir sənət növüdü. Bu sahəyə kifayət qədər maliyyə ayrılmalıdır. Çox təəssüf ki, dövlət büdcəsindən maliyyə ayrılır, amma bu, cüzi maliyyədi kino üçün. Cüzi maliyyə ilə də keyfiyyətli kino çəkmək mümkün deyil. Ucuz ətin şorbası olmadığı kimi ucuz çəkilən filmlərin də keyfiyyətindən danışmağa dəyməz. Bizdə çoxları kinematoqrafiya sözünün mənasını belə bilmədən kino çəkmirlər. Kinematoqrafiya sözünün mənası hərəkət edən şəkillərdi. 1895-ci ildə Fransada şəkilləri hərəkətə gətirdilər və bununla da kino yarandı. Maraqlısı isə odur ki, dünyada bəlkə də analoqu olmayan hadisə baş verdi ki, cəmi 3 il sonra Azərbaycanda kino yarandı. Dünyanın ən inkişaf etmiş ölkələrində belə o zaman kino çəkilməyəndə, bu sahə olmayan vaxtı Azərbaycanda kino çəkməyə başladılar. Bu çox maraqlı faktdı. Acınacaqlısı isə odur ki, hərəkət edən şəkillərin mütəxəssisləri özləri şəkilə çevrilibsə və onları hərəkətə gətirməyə lazım gəlirsə, bizim kinomuz Biləcəridən o tərəfə keçə bilməz, kino, kino əsəri yarana bilməz. Bir də kino demokratiyanı sevir. Demokratik mühit olmadan kino inkişaf edə bilməz.

- Bəs bu gün çəkilən serialları bir mütəxəssis kimi necə qiymətləndirirsiz?

- Kino xalq üçün opiumdu. Bu gün seriallar Azərbaycan tamaşaçısı üçün opiumdu. Seriallarımız az qala bu gün cəmiyyətimiz üçün uyuşdurucu funksiyasını yerinə yetirir. Narkotik təsir gücünə sahib bir vasitədi, bununla bu günün tamaşaçısına təsir edənlər var. Narkotikaya vərdiş olduğu kimi, seriala də bir vərdiş yaranır və sən gərgin şəkildə 95-ci bölümdən sonra 96-cı bölümdə nə baş verəcəyini gözləyirsən. Bu gün çəkilən ekran əsərlərində nə rejissor, nə operator işinə, nə işıq quruluşuna və digər yaradıcılıq elementlərinə fikir vermirlər. Ekran əsərində musiqinin xüsusi rolu var. Buna məsuliyyətsiz yanaşırlar. Bu dəqiqə bir çox kino, serial çəkən rejissora elementar əlifbanı soruşsan, inanın bilmirlər. Bu, kinonun məhvinə aparır. Əgər sən bu filmi, serialı çəkirsənsə, xalqın zövqünü nəzərə alıb onu formalaşdırmağa maraqlı olmalısan. Ən böyük şərtlərdən biri də odur ki, çəkilən filmlər, seriallar kütlənin arxasınca düşməməlidir. Ekran işi, yaradıcı məhsul kütləni öz ardınca aparmağa xidmət etməlidir. Sən kütlənin arxasınca gedəcəksənsə, uçuruma gedəcəksən. Çəkilən filmlər tamaşaçının dünyagörüşünə, estetik baxışına, təxəyyülünə təsir etmək gücünə sahib olmalıdı. Üzr istəyirəm, pornoqrafik bir səhnə çək və bu gün tamaşaçıya təqdim et, sonda yaz ki, ardı sabah təqdim olunar. Reytinqdə ən yüksək şkalalarda yer alacaq. Biz kinomuzu reytinqin qurbanına çevirə bilmərik. Çünki bu xalqın mənəviyyatı var, mənəvi, dini dəyərləri, mental xüsusiyyətləri var. Kinoya məsul insanlar bu məsuliyyəti dərk etməlidirlər.

- Bu gün çəkilən yüngül gülüş doğuran filmlər çəkilir, qala gecələr keçirilir. Amma tamaşaçı sadəcə mənasız gülüşlə təmin olunur...

- Bu fakt danılmazdır. Bayaq qeyd etdiyim məsələ burda özünü daha qabarıq göstərir. Bu gün film çəkənlər kütlənin arxasınca qaçaraq mənasız, heç bir çəkisi olmayan ucuz gülüş yarada bilən ekran əsərləri çəkməyə maraqlı olublar. Bu da qeyri-peşəkarlıqdan irəli gəlir. Burda tək maraq gəlir əldə etmək, reytinq qazanmaqdı. Təəssüflə deyirəm ki, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi bu xalqın dahi klassikləri olub. Amma biz, nədənsə, bu gün "qıdıq” yaradan yüngül gülüş təqdim etməyə çalışırıq. Bu gülüş qıdıq gülüşüdü. Sabirin, Cəlil Məmmədquluzadənin gülüşü o deyildi ki? Bir məsələyə diqqət yetirin. Son 10 ildə bizim Biləcəridən o tərəfə keçən və kiməsə təqdim edə biləcəyimiz film ortaya qoya bilmişikmi? Bu artıq Azərbaycan kinosunun faciəsidir. Azərbaycan kinosu, Azərbaycan kino işçiləri hələ bugünkü qədər rəzil durumda olmamışdılar. Bu, kinomuzun ölümüdü.

Tahirə Məmmədqızı