Məşhur azərbaycanlıya bir qarış torpaq qıyanlar da, qıymayanlar da var
Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhəti pisləşib. Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə "Azvision.az”-a açıqlamasında atasının vəziyyətinin çox ağır olduğunu deyib. Norman Zadənin dediyinə görə, atası onlardan öldüyü zaman onu Azərbaycanda dəfn etmələrini xahiş edib. N.Lütfizadənin sözügedən açıqlamasından sonra Lütfi Zadənin vəsiyyəti Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub.
Sosial şəbəkələrdə bununla bağlı geniş müzakirə açan istifadəçilər onun Azərbaycanda basdırılmaq istəyinin inandırıcı olmadığını iddia edirlər. Bir qisim insanlar isə ümumiyyətlə, Lütfi Zadənin Azərbaycan üçün əhəmiyyətli biri olmadığı qənaətindədir. Sözügedən kəsim Lütfi Zadəyə qarşı bu münasibətlərini onun Azərbaycana qarşı laqeydliyi ilə əlaqələndiriblər ki, Qarabağ həqiqətlərindən, Azərbaycana qarşı təcavüz aktlarından heç vaxt danışmır.
Millət vəkili Qənirə Paşayeva isə Lütfi Zadəni yaxından tanıyan bir insan kimi onun vəziyyətini oxuyanda çox duyğulandığını deyib: "Onun sağalması üçün dua edək. Onun varlığı bu millətə ancaq başucalığı gətirir. Sosial şəbəkələrdə "O, Azərbaycan üçün nə edib?” deyən bəzi insanlar belə şəxsiyyətlərin varlığının millət üçün nə qədər önəmli olduğunu bilmək istəyirsə, ən azı, onun kim olduğunu öyrənsin. Çünki bəzi insanlarda bu cür yanaşmanı görmək üzücüdür. Lütfi Zadənin Azərbaycana səfəri, ona ölkəmizin rəhbəri və bütün xalqımız tərəfindən göstərilən böyük sayğı, bu səfərin dünyada əks-sədası yaddaşlardan çıxmayıb”.
Lütfi Zadənin 1921-ci ildə Bakıda doğulduğunu vurğulayan Qənirə xanımın sözlərinə görə, o Azərbaycan gəncləri üçün ən gözəl örnəklərin önündə gedir. Çünki bir millətin inkişafı elmlə, biliklə olur, xurafatla deyil. Bir də Lütfi Zadə elə böyük bir şəxsiyyətdir ki, Azərbaycanda torpağa qoyulanda da (Allahdan sağlamlığına qovuşması üçün dua edirik), Vətəninə başucalığı gətirəcək: "Azərbaycan hər zaman olduğu kimi, ona sevgi ilə yanaşmaqda davam edəcək. Çünki o, Azərbaycanın da bir parçası olduğu dünyada elmin inkişafına misilsiz töhfələr verib. Və bunu sadə bir azərbaycanlı edib - Lütfi Zadə! Lütfi Zadənin bu vəsiyyəti isə son anda belə Vətəninə dəyər verməsidir. Ona Allahdan bir daha sağalmasını diləyirik və bizim üçün çox dəyərli olduğunu, onunla fəxr etdiyimizi bir daha təkrarlayırıq. O həyatda tanıdığım ən sadə adamlardan biri idi. Ondan öyrənməyə çox şey vardı və var”.
Sosioloq Əhməd Qəşəmoğlu isə Lütvi Zadəni tənqid edənləri bir neçə qrupa ayırıb. Onun sözlərinə görə, Lütfi Zadənin Azərbaycan alimlərinə verdiyi dəstək, etdiyi kömək barədə məlumatı olmayan, dahi alimin kim olduğunu bilməyən insanlar onun vəsiyyətinin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlaya bilmir. Həmçinin də şüvən salmağı özü üçün bir qabiliyyət hesab edənlər və mənfur məqsədlərlə xalqımızın nüfuzlu şəxslərini gözdən salmağı qarşısına məqsəd qoyan insanlar onun Azərbaycanda basdırılmasına etiraz edirlər. Ölkəmizin bir çox alimlərinin, o cümlədən mənim də elmi nəticələrimin beynəlxalq aləmdə tanınmasında da Zadənin böyük rolu var”.
Lütfi Zadəni çox yaxşı tanıdığını, onunla görüşüb, söhbət elədiyini vurğulayan "Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı "Sherg.az” a açıqlamasında 2 il bundan əvvəl onun evində qonaq olduğunu deyib: "Çəkiliş etmişik və çox yaxşı kadrlar var. Lütfi Zadənin ailəsi Amerikadadır. Çox sevdiyi həyat yoldaşı bir il əvvəl vəfat edib. Uşaqlarının ikisi də Amerikadadır. Lütfi Zadə Amerikanı sevir. Orada oxuyub və orada yaşayıb. Mən onda Azərbaycana xüsusi bağlılıq kimi hisslər müşahidə etmədim. Bu mənada onun Azərbaycanda dəfn olunmasına dair vəsiyyətinə inanmıram”.
Lütfi Zadənin görkəmli alim olduğunu söyləyən H.İsaxanlı qeyd edib ki, Azərbaycanı da maraqlandıran onun məhz görkəmli alim olmasıdır:
"Onun atası azərbaycanlı, anası isə yəhudi idi. Bakıda anadan olub. 10 yaşına qədər Bakıda yaşayıb. Amma Azərbaycana dərindən bağlı adam deyil. Azərbaycan dilində danışmır, danışa bilmir. Uşaq vaxtı da rusca danışıb. Sonra İrana gedib, farsca öyrənib. Universiteti bitirib, Amerikaya yollanıb və orada ingilis dilində danışıb. Uşaqları ilə ingilis dilində, həyat yoldaşı ilə isə rusca danışırdı. Azərbaycana xüsusi bağlılığı olmayan adamdır. Bunu açıq demək lazımdır. Azərbaycan əsilli görkəmli alim olduğu üçün məhz Azərbaycan ona maraq göstərib. Onun yanına gedib-gəlirdilər. Onu Azərbaycana dəvət etmişdilər. Amma onda millətçilik və dərin azərbaycançılıq olmadığı üçün həmin vəsiyyəti uydurma hesab edirəm”.
"Lütfi Zadə Qarabağla bağlı bir dəfə də olsun danışmayıb” iddiasına gəlincə, H.İsaxanlı vurğulayıb ki, o, siyasətə qarışan adam deyil:
"Avrasiya Akademiyası ilə bağlı 5 alim - Lütfi Zadə, mən, Arif Məlikov və iki məşhur türk alimi bir yerə toplaşmışdıq. Bununla əlaqədar söhbət etmişdik. Onun Azərbaycan Prezidenti haqqında dediklərini olduğu kimi sizə çatdırıram. O bildirdi: "Azərbaycan Prezidenti Azərbaycanın inkişafı üçün yaxşı siyasət aparır”. Mən Lütfi Zadədə bu cümlədən o tərəf xüsusi bir sevgi görməmişəm. Bu mənada sentimental şeylərə inanmaq lazım deyil. Yenə deyirəm ki, onun Azərbaycana xüsusi bağlılığı yoxdur. Sadəcə, Azərbaycanda qeyri-səlis məntiqlə məşğul olan adamlar olurdu. Burada doktorluq müdafiə edənlər onun yanına gedib - gəliblər.
O da bizimkilərin bəzilərini qəbul edib, onlara köməklik göstərib. Həm onun damarlarında axan qanın yarısı azərbaycanlı qanıdır, həm də məşğul olduğu sahə ilə bağlı burada müəyyən tələbələr var deyə, onu Azərbaycanda tanıdıblar. Açığı deyək ki, Lütfi Zadədən 10 dəfə böyük alimlər, "Nobel” mükafatı alanlar var. Amma Azərbaycanda Lütfi Zadə qədər populyar deyil. Bu, Azərbaycan tərəfini qane etdiyi üçün onu burada məşhurlaşdırıblar. Bu mənada onun Azərbaycana gəlməsi, dəfn olunması mənasız söhbətlərdir”.
Türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov da Lütfi Zadənin Azərbaycanla heç bir bağlılığı olmadığını düşünənlər sırasındadır: "Lütfi Zadə dünya üçün böyük adam, məşhur alimdi. Amerika dövləti üçün işlər görüb, böyük kəşflər edib. Amerika dövləti də öz növbəsində onun öz sahəsində irəliləməsi üçün hər cür şərait yaradıb. Lütfi Zadəni Azərbaycana heç nə bağlamır. Bircə dəfə Azərbaycandan gəlib-keçib, vəssalam! Onun mənsub olduğu nəsil zaman-zaman İrandan Azərbaycana, Azərbaycandan da İrana köçüb məskən salıblar. Amma bizim millətə bağlı deyillər. Lütfi Zadə həyatı boyu bircə dəfə də olsun, azərbaycançılıq mövqeyindən çıxış edib, bizim maraqlarımızın müdafiəsinə qalxmayıb. Türkçülük isə ümumiyyətlə yoxdur”.
Azərbaycanda Lütfi Zadəni müdafiə edən, onun Azərbaycanda dəfn olunmasını çox əhəmiyyətli bir hal kimi dəyərləndirən insanlara üz tutan professor nümunə gətirdiyi faktla Lütfi Zadənin ürəyində heç Azərbaycana qarşı elementar sevginin də olmadığını bəyan edib: "1990-cı illərdə biz Amerikada Dünya Azərbaycanlılarının qurultayını keçirəndə diasporamızın nümayəndələrindən bir nəfər zəruri işləri görmək üçün Lütfi Zadədən kompüter istəyib, Lütfi Zadə isə onları əliboş geri qaytarıb. Azərbaycana bir kompüteri qıymayan adam üçün niyə "yaxalarını cırırlar” başa düşmürəm. Ümumiyyətlə, onun Azərbaycanda dəfn olunmaq istəməsi, bunu vəsiyyət olaraq xüsusi qeyd etməsi mənim üçün qaranlıq məsələdir”.
Şəymən