"Nə dərəcədə savadsız, cahil müəllif olasan ki..." - Müsahibə

"...Tariximizlə bağlı xəritəni Vikipediadan götürəsən"
"Elə bu əsaslandırmasına görə, həmin müəllifləri həmişəlik müəllimlikdən və müəlliflikdən məhrum etmək lazımdır"


"Əslində bu, dil söhbəti deyil. Sadəcə Türkiyə ilə Azərbaycanın yaxınlaşmasına mane olmağa hesablanıb. Təxribatdır"







Son günlər Kütləvi İnformasiya Vasitələrində ədəbi dil normalarının pozulması, orta məktəb dərsliklərində yol verilən kobud tarixi səhvlər və təhsil sistemindəki çatışmazlıqlar ölkə ictimaiyyətinin ciddi müzakirə mövzusuna çevrilib. Məxsusi olaraq, X sinif "Ümumi tarix" dərsliyində Azərbaycan ərazisinin "Böyük Ermənistan” kimi göstərilməsi və məktəb dəftərləri üzərində dahi Nizami Gəncəvinin fars şairi kimi təqdim olunması ictimaiyyət nümayəndələrinin narahatlığına səbəb olub. 

Biz də "Sherg.az" olaraq bu məsələlərin ciddiliyini nəzərə alıb, xalq şairi, Azərbaycan Dil Qurumunun başqanı, sabiq millət vəkili Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq. O da bizimlə söhbətində sözügedən hadisələrə kəskin etirazını ifadə etdi.

Müsahibəni təqdim edirik: 

- X sinif dərsliyindəki səhvlə yanaşı, dərs vəsaitlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi də gündəmə gəldi. Bunlar həqiqətən texniki səhv ola bilərmi?

- Düşünürəm ki, dərsliklərdə və dərs vəsaitlərində yol verilən yanlışlar Azərbaycan dövlətinə qarşı mənəvi və ideoloji təxribatdır. Nizami Gəncəvini bütün dünya Azərbaycan şairi kimi tanıyır və tanımalıdır. Azərbaycan dövlətinin hesabına Nizami Gəncəvi haqqında Amerikada kitab çap edilib. Kitaba ön söz yazan amerikan alimi Nizaminin Azərbaycanda doğulduğunu, yazıb yaratdığını qeyd edir, buna rəğmən onu fars şairi kimi təqdim edir. Həmin kitab bizim pulumuzla çap olunur, xüsusi təbliğatı aparılır. Belə təxribatların baş qaldırmasına təəssüflənirəm. Ən acınacaqlısı isə bunların çoxunun dövlətin maliyyələşdirdiyi təşkilatlar tərəfindən həyata keçirilməsidir. Niyə nəzarət olunmur, anlamıram.

Nizami Gəncəvi təxəllüsünü doğulduğu, yaşadığı şəhərin adına uyğun götürüb. Həmin dövrdə Gəncə şəhərində barmaqla sayılacaq qədər fars yaşayırdı. Gəncə türk, Azərbaycan şəhəri idi, bu öz yerində. Əsas məsələ odur ki, dil mütəfəkkirlərin mənsubiyyətini müəyyənləşdirmir. Məsələn, Avropa yazıçılarının çoxu latın dilində yazıb, yaradıblar. Lakin hərəsi öz xalqının təmsilçisidir. Çingiz Aytmatov rusca yazırdı, amma qırğız yazıçısıdır. Olcas Süleymenov rus dilində yazıb, lakin qazax şairidir. Eynilə Maqsud İbrahimbəyov və Çingiz Hüseynov rusca yazırlar, Azərbaycan yazıçılarıdır.

Dünya artıq bu məsələni aydınlaşdırıb və müəyyən sistem formalaşıb. Azərbaycan torpağında yaşamış, yazıb, yaratmış çox mütəfəkkirlərin dinimizin dili olan ərəb və fars dillərində əsərləri var. Lakin bu, onların milli-etnik mənsubiyyətini dəyişmir.

Dil həmin vaxt dövlət dili kimi bəzən zorakılıqla qəbul etdirilib. O dildə yazmağı tələb edib, məcburiyyət qarşısında qoyublar. Necə ki, cəmi 30 il bundan əvvəl bütün idarələrdə yazışmalar rus dilində idi, iclaslar rusca aparılırdı. Bu, o demək deyil ki, Azərbaycanda yaşayanlar rus idi.

30-35 milyon Azərbaycan türkü İranda yaşayır. Onların içərisində əsərlərinin çox hissəsini türkcə yazan şəxslər var. Yerdə qalanları farsca yazır. Məhəmmədhüseyn Şəhriyar özü əsərlərinin 90 faizini farsca yazmışdı. Bu, onun fars şairi olması demək deyil ki?! Ona görə də bu, ancaq təxribatdır.

- Təxribat törətmək istəyənlər kimlər ola bilər ?

- Azərbaycanda məskunlaşan müxtəlif etnik qrupların nümayəndələri dahiləri öz mənsubiyyətinə daxil edirlər. Məsələn, ölkədə kürdlərin qəzeti dərc edilir. Həmin qəzetdə Nizami Gəncəvi və Şah İsmayıl Xətaini kürd kimi təqdim edirlər.

Həmçinin talış mətbuat orqanları, talışların cəmiyyətləri də adları çəkilən şəxsləri talış hesab edirlər. Azərbaycandakı azsaylı xalqlar dövləti quran titul millətə - Azərbaycan türklərinə sayğısız yanaşırlar. Əksəriyyət bu cür davranır.

- Bu sayğısızlıqların qarşısını necə almaq olar ?

- Etnik ayrıseçkilikdən qaynaqlanan təxribatlar orta məktəblərə gedib çıxırsa, məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik nəyə nəzarət edir? Belə hallar istintaq orqanlarına təqdim olunmalıdır ki, cəzası verilsin.

Ötən günlərdə televiziya verilişlərinin birinə qonaq kimi dəvət almışdım. Həmin verilişdə Astara rayonundan olan gənc müəllim haqqında süjet yayımlandı. Müəllim milliyyətcə talış idi. Lakin Lənkəranın talış kəndlərində türk dilini, türk ədəbiyyatını şagirdlərinə elə gözəl öyrədir ki, təqdir etməmək mümkün deyil.

Gənc müəllim uzun yol qət edərək uşaqlara xüsusi şəkildə dərs keçir, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamını şagirdlərinə əzbərlədirdi. Hətta uşaqları sıra ilə oturub, Azərbaycan tarixindən sual-cavab edirdi. Həmin müəllimin şagirdləri də böyük həvəslə onun suallarına cavab verirdi.

O süjet bir müəllimin öz məsuliyyətinin nə dərəcədə öhdəsindən gəldiyinin sübutudur. Gənc müəllim Azərbaycan vətəndaşıdır və onun üçün etnik mənsubiyyətin fərqi yoxdur. Buna rəğmən etnik ayrı seçkiliklə məşğul olanlar da var. Təəssüf ki, onların təxribatlarının nəticəsi olaraq belə ürəkbulandıran hallar ortaya çıxır. Bunun arxasında dayananları cəzalandırmaqda məsuliyyətli qurum isə Təhsil Nazirliyidir.

- Dərsliklərdəki yanlışlar dəfələrlə gündəmə gətirilib. Təhsil Nazirliyi nə kimi ölçülər götürə bilər ?

- Qurumun idarələri, xüsusi bölmələri, dərslikləri və dərs vəsaitlərini təsdiq edən orqanları var. Dərsliklər çap edilməzdən əvvəl dəfələrlə gözdən keçirilir, redaktə olunur, şuralar baxır və nəhayət nazirliyin ən yuxarıda oturan məsul şəxslərinin razılığı əldə edilir.

Bəlkə də, 20 ildir dərsliklərdə problemlər və ya qüsurların olmasına dair çağırışlar edirik. Dərsliklərin hazırlanma sistemi doğru deyil, səhvlər kifayət qədərdir. Azərbaycan ədəbiyyatı və mədəniyyəti layiqincə təmsil olunmur. Azərbaycan Dil Qurumunda da dəfələrlə məsələ qaldırılıb, dərsliklərlə bağlı müzakirələr aparılıb. Lakin proses heç bir dəyişiklik olmadan davam edir. Çünki dərslik müəllifləri kimi normal şəxslər seçilmir.

- Hər iki məsələdə materialların Vikipediadan götürülməsi əsas gətirildi. Bu məlumat portalını az qala rəsmi mənbə kimi istifadə edirlər, səhv olduqda isə məsuliyyəti onun üzərinə atırlar. Vikipedia orta məktəb dərsliyində, dərs vəsaitlərində istifadə olunacaq qədər etibarlı mənbədirmi?

- Vikipediada səhvlər lap çoxdur. Bu, çox məsuliyyətsiz yanaşmadır. Azərbaycan Tarix İnstitutunun araşdırmaları, təsdiqlənib, dərc edilən tarixi xəritələr, yazılan tarix kitabları, AMEA kimi nəhəng akademiya, böyük tədqiqat institutları var. Nə dərəcədə savadsız və cahil müəllif olasan ki, bütün bu vasitələr dura-dura tariximizlə bağlı xəritəni Vikipediadan götürəsən. Elə bu əsaslandırmasına görə, həmin müəllifləri həmişəlik müəllimlikdən və müəlliflikdən məhrum etmək lazımdır.

- Dərslikləri kimlər yazmalıdır və müəlliflərə hansı tələblər qoyulmalıdır?

- Nazirliyin xüsusi şöbələri müəlliflərin seçilmə qaydaları ilə bağlı konkret işlər görməlidir. Dərsliklərin hazırlanmasına kənardan mütəxəssislər cəlb olunur, AMEA-nın tanınmış ədəbiyyatşünasları, akademikləri fikir bildirir. Dərslik məsələsinə bütöv kollektiv nəzarət edir.

Əslində isə normal alim cəlb edilərsə, onlara nəzarət lazım olmaz. Görünür, dərslik müəllifliyinə cəlb edilən şəxxslərin bir hissəsi normal və yerində deyil.

- Tarixçi-alim Dilavər Əzimli mətbuata açıqlamalarının birində ali məktəblərdə Türkologiya və Azərbaycan tarixinin çox az saatla tədris olunduğunu bildirib. Bu ali məktəb məzunlarının adıçəkilən fənlərdən məlumatsızlığına gətirib çıxara bilərmi?

- Həqiqətən, çox ciddi problemdir. Biz bir yandan milli dövlətimizin mədəni və siyasi-ideoloji inkişafından danışırıq, digər tərəfdən isə millətimizin tarixinin, dilinin, mədəniyyətinin öyrənilməsində hər dəfə yeni problemlər ortaya çıxır.

Türk dövlətləri ilə ölkə başçıları səviyyəsində zirvə görüşləri keçirilir. Ortaq türk əlifbasının, vahid universitetin yaradılması müzakirə edilir. Bununla yanaşı Azərbaycan mətbuatında "Amandı dilimizi qoruyaq! xarakterli çağırışlar edirlər. Guya türk dili dilimizi korlayacaq. Halbuki, rus dilindən istifadə etdiyimiz vaxtlarda Azərbaycan dilinin korlanması gündəmə gətirilmirdi. İndi isə Türkiyə ilə bir az yaxınlaşan kimi belə fikirlər ortaya atılır. 15-20 təmiz türk sözünün dilimizə daxil olmasının nə ziyanı ola bilər? Əksinə daha da dilimiz təmizlənəcək, niyə korlansın? Bu, nə vay - şivəndir?

- Dillə bağlı bu fikirlərin ortaya atılması da siyasi mahiyyət daşıyır?

- Bəli. Əslində bu, dil söhbəti deyil. Sadəcə Türkiyə ilə Azərbaycanın yaxınlaşmasına mane olmağa hesablanıb. Təxribatdır. Bu gizli kampaniyanı aparanlar görünür, o niyyətlə də Türkologiya ilə bağlı mövzuların dərsliklərdə, proqramlarda geniş yer tutmasına mane olmağa çalışırlar. Lakin istəklərinə nail ola bilməyəcəklər.

Bu il Azərbaycan dilinin təbliğatından daha çox rus dilinin təbliğatı aparılır. 52 məktəbdə rus dilinin intensiv tədrisi nəzərdə tutulur. Bunu həyata keçirmək üçün başqa fənlərin saatını azaldırlar. Vaxtı azaldılan fənlər isə Azərbaycan Tarixi, Azərbaycan dili, Ədəbiyyat fənləri olur. Bunların saatları kəsilib, "intensiv tədris”ə verilir”.

Hazırladı: Aysel ASLAN