Mərkəzi sinir sistemindəki pozuqluq anadangəlmədirsə, travmalar ciddidirsə, bu zaman xəstəliyin fəsadları mütləq qalır
Bu il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693,6 mindən artıq ümumi müraciət daxil olub və bu, keçən illə müqayisədə 12 min müraciət çoxdur. Müraciət edənlərdən 63,3 min nəfərdən çoxu xəstəxanalara yerləşdirilib. Bu sözləri ilin yekununa həsr olunan tədbirdə stansiyanın baş həkimi Rauf Nağıyev deyib.
Ötən illə müqayisədə ürək-qan damar xəstəlikləri ilə əlaqədar daxil olan müraciətlərin xeyli azaldığını vurğulayan baş həkim əsəb sistemi xəstəlikləri ilə əlaqədar daxil olan müraciətlərin sayının artdığını deyib. Onun sözlərinə görə, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək üçün nevrologiya üzrə ixtisasartırma kurslarında iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.
Qeyd edək ki, əsəb xəstəliyi sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. Yəni, uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir.
Qadınların kişilərə nisbətən nevroza daha çox meyilli olduğunu iddia edən mütəxəssislər hesab edir ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.
Əsəb ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur.
Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.
Nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər.
Bundan başqa, bəzi hallarda şəxsiyyətin pataloji pozğunluqları kimi, daha ağır xəstəliklər baş verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur. Onu da deyək ki, düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi, tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına kömək edir.
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova da əsəb xəstəliyinin bütün xəstəliklərin yaranmasında mühüm rol oynadığını deyib. Mərkəzi sinir sistemində olan dəyişikliklər digər orqanlara da mütləq şəkildə təsir edir.
Yaşından asılı olmayaraq əksər insanların qalxanvari vəzində ciddi dəyişikliklər olduğunu qeyd edən Şəmsiyyə xanım qəbul etdiyi pasiyentlərin 80 faizində bu cür əlamətlərə rast gəldiyini deyib. Onun sözlərinə görə, qalxanvari vəzdəki bu dəyişikliyin başlıca səbəbi də əsəb gərginliyidir: "Qidalanmanın düzgün olmaması da sinir sisteminə təsir edir və əsəb xəstəliklərinə yol açır. Orqanizmdə baş verən müxtəlif problem, travmalar, psixoloji pozuntular da bu xəstəliklə nəticələnir”.
Hər zaman ürək-damar xəstəliklərindən şikayətçi olan insanların sayının çoxluq təşkil etdiyini vurğulayan Şəmsiyyə xanım hesab edir ki, ekoloji mühit, radiasiya kimi amillər əsəb xəstəliklərinin önə çıxmasına gətirib çıxarıb”.
Həkimin sözlərinə görə, əsəb xəstəliyi hormonal tarazlığın pozulması ilə bağlıdırsa, müalicə yolu ilə tədricən bu xəstəlik aradan qalxır. Mərkəzi sinir sistemindəki pozuqluq anadangəlmədirsə, travmalar ciddidirsə, bu zaman xəstəliyin fəsadları mütləq qalır. Doğuş zamanı dölün aldığı travmalar da çətin sağalır.
Şəymən