Qadınların deyil, Azərbaycan ailəsinin müdafiəsinə qalxmaq lazımdır
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı deməkdir. Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.
Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur. Qadın hüquqları məsələsinin hələ İnqilab dövründə Olimpiya de Quj tərəfindən səsləndirilməsinə, qabaqcıl fikir adamlarının qadınlara cəmiyyətdə ikinci dərəcəli kimi baxılmasının radikal tənqidçiləri olmasına baxmayaraq, Fransa Avropada qadınlara seçki hüququ verən son ölkələr arasındadır.
Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət...
Ölkəmizdə gender tendensiyasının başlaması tarixi daha əvvələ gedir. Bu özünü ilk növbədə 19-cu əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları islam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir. O zaman belə bərabərliyə nəinki Şərq, bir çox Avropa dövlətləri belə həsəd apara bilərdi. Araşdırmalar göstərir ki, Cumhuriyyət dövründə hüquqi təməli qoyulmuş gender bərabərliyi prinsipi sovet dövrü ərzində həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, təhsili problemi həllini tapıb. Amma o dövrün ideologiyası, istər-istəməz, qadınların tam olaraq potensialının üzə çıxmasına mane olub.
Azərbaycanda gender bərabərliyinə möhkəm təminat var
Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olunması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın Konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib.
Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. 2000-ci ildə ölkə başçısı "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir. 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib.
Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Hazırda ölkəmizdə qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar. Parlamentin vitse-spikeri və komitə sədrlərindən biri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri qadındır. Bununla yanaşı, dövlətin güc strukturlarında çalışan, yüksək rütbəli rəhbər vəzifə sahibi olan ümumilikdə yüzlərlə qadın var. Müxtəlif qurumlarda təmsil olunan, rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin Azərbaycanda gender balansının tarazlığı ilə bağlı fikirləri, demək olar ki, birmənalı şəkildə müsbətdir.
Buna baxmayaraq bu gün qadınların savadlanması, müxtəlif sahələrdə çalışması, öz hüquqlarını bilməsi cəmiyyətin müəyyən qrupu tərəfindən birmənalı qarşılanmır. Təəssüf ki, insanların böyük əksəriyyəti hətta zorakılığa məruz qalsa belə, qadınları günahlandırır, qadının hər zaman müti olmasının vacibliyini bildirir. Nə qədər acı olsa da, qeyd edək ki, qız uşaqlarının təhsil almasını lazımsız bilən, ona təhsil verməkdən boyun qaçıran ailələr var. Halbuki savadlı qadın eyni zamanda dünyagörüşlü ana deməkdir. Sabahısı gün o öz övladının hərtərəfli inkişafına kömək olaraq cəmiyyətdə öz yerini tutan bir fərdi formalaşdıracaq.
Ailə - cəmiyyətin hərəkətverici qüvvəsi
Cəmiyyət və ailə məfhumunu biri-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. İnsanın yetişməsində, tərbiyəsində, ailə ilə yanaşı, mühit də böyük təsirə malikdir. Cəmiyyətdə baş verən dəyişikliklərin, islahat və uğurların ailələrə daşınması prosesi hər zaman mövcud olub.
Ailə ilə cəmiyyətin qarşılıqlı əlaqəsi bir sıra mənfi və müsbət halların yaranmasına gətirib çıxarır. Adətən cəmiyyətdə yaşanan neqativliklər ailə üzvləri tərəfindən ailələrə inteqrasiya edilir. Bunun da acı nəticələr verdiyi bəllidir. Xoşagələn hallar da ailələrə daxil olur. Amma hazırkı dövrdə yaxşıdan çox pisdən təsirlənirlər.
Azərbaycan cəmiyyəti, ailəsi dözümlülük, humanistlik, bir qədər də ənənəvilik üzərində dayandığına görə onu elə də böyük təhlükə gözləmir. Ancaq buna baxmayaraq, bu məsələdə ciddi problemlər də çoxdur. Bir çox Azərbaycan ailələri ənənəvi ailə modelini saxlamağa cəhd edir. Düşünürlər, ənənəvilik öz yerini möhkəm tutmalıdır ki, yad təsirlər ailəni içindən yeməsin.
Axır vaxtlar bir sıra sosial terminlər məişətimizə daxil olub. Tez-tez gender problemindən danışılır, demoqrafiya məsələləri gündəmə gətirilir. Təbii ki, bunlar yaxşı haldır. Məqsəd qadınların cəmiyyətdəki yerini möhkəmlətmək, xanımların ailə daxilində, cəmiyyətdə, iş prosesində pozulan hüquqlarını qorumaq, onların kişilərlə bərabər hüquqlu olmasının əyani şəkildə görsənməsi və s. məsələlərin həyata keçirilməsidir.
Yerli televiziyalarda ailə problemləri, o cümlədən də gender, demoqrafiya kimi məsələlər vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailədir.
Fakt budur ki, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur. Bir çox ailələrdə qadınların hüquqlarının pozulması, onların analıq heysiyyətinin tapdanması halları var. Qadınlar döyülür, təhqir edilir, bəzən insan alverinə, fahişəliyə cəlb edilir. Bu, bəlli məsələdir. Boşanma tempinin yüksələn xətt üzrə getməsi isə insanları daha çox narahat etməlidir. Hazırkı dövrdə sağlam, problemsiz ailə qurmaq olduqca çətindir. Ailənin təməlinin möhkəm özüllər üzərində qurulması vacib faktordur ki, ailələr nə qədər çətinə düşsələr də, dağılmasın.
Azərbaycan ailəsini elə xilas etmək lazımdır ki, həm qadın, həm də kişi xoşbəxt olsun
Gender, ailə və demoqrafiya məsələlərinə toxunan sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, indiki dövrdə cəmiyyətdə qadınların zorakılığa məruz qalması o demək deyil ki, yalnız kişilər günahkardır: "İndiki vəziyyətdə Azərbaycan mühiti üçün gender bərabərliyindən danışmaq arzuolunan deyil. Xüsusilə Şərq ölkələri üçün gender bərabərliyindən danışmaq elmi baxımdan naşı yanaşmadır. Qərb düşüncəsində, mədəniyyətində gender məsələsindən danışmaq olar. Qərb mədəniyyəti rasional düşüncə, praqmatik dəyərlər əsasında formalaşıb. İnsanlar biri-biri ilə sanki müqavilə əsasında münasibət qururlar, münasibətlərində rəsmilik var. Şərq insanı isə belə deyil.
Xaotik bir tarixi dövrdən keçmişik. Bu xaotik dövr ərzində Azərbaycan ailəsi arzuolunmaz təzyiqlərə məruz qaldı. Çünki Azərbaycan ailəsi min illər boyu tamam başqa dəyərlər əsasında formalaşmışdı və burada ailənin mövcudluğunun öz prinsipləri var idi. Azərbaycan ailəsi elə bir institut idi ki, burada insanın fiziki cəhətdən rahatlanmasına, mənəvi inkişaf etməsinə şərait var idi. Hər bir ailə uşaqlarını şəxsiyyət olaraq formalaşdıran bir məktəb idi. Azərbaycan ailəsi indiki kimi sadəcə olaraq ər, arvad və uşaqlardan ibarət deyildi. Azərbaycan ailəsini elə xilas etmək lazımdır ki, həm qadın, həm kişi xoşbəxt olsun. İndiki ailə ilə 50 il bundan qabakı ailəni müqayisə eləmək olmaz. Təəssüf ki, indiki ailələrdə arzuolunmaz deformasiya prosesləri getməkdədir”.
Azərbaycan kişisi qədim adət-ənənələri davam etdirməyə daha çox köklənib
Sosioloqun fikrincə, qadınların hüquqlarını yaxşı bilmədikləri üçün zorakılığa məruz qalması ilə bağlı fikirlər tamamilə yanlışdır: "Məgər 50-100 il bundan qabaq Azərbaycan ailəsindəki qadınlar hüquqlarını indikilərdən yaxşı bilirdi? Əvvəllər ailədə daha ahəngdar bir münasibət var idi. Təbii ki, cəmiyyət dəyişir, 50 il qabaqkı ailə prinsipləri ilə davam edə bilmərik. Cəmiyyət günü-gündən mürəkkəbləşir və Azərbaycan ailəsinin arzuolunan çəkidə olması üçün yeni prinsiplər işlənib ortaya qoyulmalıdır. Bu prinsipləri işləməyə borclu olan qurumlar var. Əgər belə qurumlar yoxdursa, onları yaratmaq lazımdır.
Kişiləri yaddan çıxardıb, ancaq Azərbaycan qadınının hüquqlarından, onlara qarşı zorakılıqlardan danışanda dağıdıcı bir işlə məşğul oluruq. Qloballaşmanın sürətlə getdiyi bir vaxtda görün Azərbaycan kişisi necə mənəvi, iqtisadi problemlərlə üz-üzə qalır ki, qadınla kişi arasındakı münasibətlərdə gərginlik yaranır. Əsas məsələ odur ki, hazırda Azərbaycan qadını və kişisi azadlıq haqqında arzuolunan təsəvvürə malik deyil. Azərbaycan kişisi bir qədər ətalətlə hələ qədim adət-ənənələri davam etdirməyə daha çox köklənib. Azərbaycan qadını isə azad olmaq istəyir və azad fəaliyyətə can atır. Qadın həmin azadlığın mahiyyətinin nə olmasının fərqinə o qədər də varmır. Nəticədə ortada qığılcım yaranır və hər iki tərəf arasında qarşıdurma baş verir. Gender deyib, qadınları yox, Azərbaycan ailəsini müdafiəyə qalxmaq lazımdır. Qadınları yox, Azərbaycan ailəsini xilas etmək lazımdır. Qadınla-kişi bərabərliyindən yox, qadınla kişi arasındakı münasibətlərin ahəngdarlığından söhbət getməlidir.
Qadına qarşı zorakılığın, təzyiqin çox olmasından danışanda xarici ölkələrdə belə bir təsəvvür yarana bilər ki, Azərbaycanda kişilər nə qədər kobud və vəhşidir. Əslində belə deyil. Əgər kişi qadına qarşı aqressiv münasibətdədirsə, düşünmək lazımdır ki, o niyə bu vəziyyətdədir? Bir evdə hansısa qadın bıçaqlanırsa, təhlil eləsək görərik ki, həmin qadın psixoloji olaraq o kişini necə öldürüb”.
Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, biri-birini dinləməyi bacarmalıdır. Belə olduğu halda "sağlam” ailənin mövcudluğundan danışmaq mümkündür.
Yeganə Bayramova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.